18 yanvar 2018 16:25
1008

Yeni ərazi ilk partiya təşkilatı təsis edilib

YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Filarmoniya” ərazi ilk partiya təşkilatı təsis olunub. Bu barədə AZƏRTAC-a YAP Səbail rayon təşkilatından məlumat verilib.

Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini Afət Məlikov tədbirdə çıxış edərək ölkəmizdə aparılan uğurlu siyasətdən, dövlətimizin başçısının incəsənətə, mədəniyyət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O deyib ki, bu gün Filarmoniya kollektivində YAP sıralarına daxil olmaq üçün böyük maraq müşahidə olunur və çoxsaylı müraciətlər qeydə alınır. Bununla əlaqədar olaraq, Dövlət Filarmoniyasında yeni ərazi ilk partiya təşkilatının təsis olunması üçün YAP Səbail rayon təşkilatına müraciət edilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Dövlət Filarmoniyasının kollektivindən belə bir müraciətin daxil olmasının təqdirəlayiq olduğunu bildirib. O, klassik musiqimizin təkrarsız təbliğat ocağı olan, milli musiqi ənənələrimizi yaşadan və bütün dünyada təbliğ edən Filarmoniyada bu gün yeni ərazi ilk partiya təşkilatının təsis olunmasından məmnunluğunu qeyd edib.

Milli Məclisin deputatı ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, o dövrdə hakimiyyəti zor gücünə ələ keçirmiş AXC-Müsavat cütlüyünün səriştəsiz dövlət idarəçiliyi nəticəsində ölkəmizdə yaşanan mürəkkəb böhran şəraitindən, partiyamızın ötən 25 ildə keçdiyi şərəfli yoldan və əldə etdiyi uğurlardan bəhs edib. O vurğulayıb ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi formalaşması və möhkəmləndirilməsində, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması 90-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi şəraitin zəruri tələbi və cərəyan edən hadisələrin məntiqi nəticəsi idi. Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldib, partiyamız bu gün də bir-birindən əhəmiyyətli uğurlara imza atmaqda davam edir. Partiyanın yaradıcısı və ilk sədri ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti, cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatları Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən ali ideallara xidmət etməkdə davam edir.

Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin siyasi varisini çox düzgün seçməsi olduğunu diqqətə çatdıran Ş.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi misilsiz sosial-iqtisadi nailiyyətlərdən, nəhəng transmilli enerji və infrastruktur layihələrinin uğurlu icrasından danışıb.

Rayon partiya təşkilatının sədri YAP Səbail rayon təşkilatının fəaliyyəti, Səbaildə təşkil olunan ictimai-siyasi, mədəni tədbirlər, rayon ictimaiyyətinin cəbhə bölgəsinə, o cümlədən Böyük Qayıdışın rəmzi olan Cocuq Mərcanlı kəndinə səfərləri, YAP-ın 25 illik yubileyi münasibətilə icra olunan geniş tədbirlər planı haqqında məlumat verib.

Sonra “Filarmoniya” ərazi ilk partiya təşkilatı təsis olunub, təşkilatın sədri, müavinləri və idarə heyətinin üzvləri seçilib.

“Filarmoniya” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar Mədəniyyət İşçisi Elçin Abbasov ona göstərilən yüksək etimada görə təşəkkür edib. O, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiklərini deyib və partiyanın bütün tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirib.

Yığıncağa YAP Səbail rayon təşkilatı və Azərbaycan Dövlət Filarmoniyası arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə yekun vurulub.