18 yanvar 2018 16:13
1353

Bakıdan Sofiyaya aviareysin açılması Bolqarıstan mətbuatında

Bolqarıstan KİV-ləri: Bakı-Sofiya aviareysinin açılması Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafına töhfə verəcək

Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana səfəri, aparılan danışıqlar, Bakıdan Sofiyaya ilk aviareysin açılması bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, “24 çasa”, “Fokus news”, “Blits”, “Bankir”, “Offnews” nəşrləri, Bolqarıstan Milli Televiziyası və digər KİV-lər səfərin yüksək səviyyədə keçdiyini bildirirlər. Yayılan məlumatlarda bu səfərin Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələlərin araşdırılması barədə göstəriş verməsi xüsusi vurğulanır.

Məlumatlarda Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində TANAP və TAP layihələrinin əhəmiyyətindən söz açılır, bu istiqamətdə Bolqarıstanla danışıqların səmərəli keçdiyi nəzərə çatdırılır. Bildirilir ki, bu layihələrin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələsi daha da möhkəm təməl üzərində qurulacaq. Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcud olduğu, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayandan sonra iyulda Türkiyə ilə sərhəddə interkonnektorun işə düşəcəyi bildirilir. Baş nazir Boyko Borisovun Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Bolqarıstanın qazlaşdırılmasına nail olunacağı halda, ölkədə əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı təmin olunaraq onların odundan, kömürdən istifadə etməyəcəkləri barədə qeydləri diqqətə çatdırılır.

Bolqarıstan KİV-ləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılmasının əhəmiyyətindən də yazır. Bu hadisənin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyi bildirilir.