01 may 2024 00:25
274

Britaniya bir sıra ərzaq məhsullarının idxalına yoxlama tətbiq etməyə başlayıb

Böyük Britaniya aprelin 30-dan Avropa İttifaqı (Aİ) ərazisindən bitki və heyvan mənşəli məhsulların - ət, balıq, pendir, yumurta, gül və şitillərin gətirildiyi yük maşınlarını və konteynerləri yoxlamağa başlayıb.

“İki sahil”  xarici KİV-ə istinadla xəbər verir ki, bu, 2021-ci ildən sonra Aİ-dən qida və bitki idxalı proseduruna edilən ikinci böyük dəyişiklikdir.

Daha əvvəl - bu ilin yanvar ayında bütün orta və yüksək riskli idxal məhsullarının (məsələn, ət və süd məhsullarının) Böyük Britaniyaya idxal oluna bilmək üçün xüsusi sertifikata malik olmasının zəruriliyi qərara alınmışdı. Səlahiyyətlilər bildirirlər ki, bu, xaricdən ölkəyə xəstəlik və zərərvericilərin girişinin qarşısını alacaq.

Səlahiyyətlilər vurğulayıb ki, yeni yoxlamalar idxalçılara ildə 330 milyon funt-sterlinqdən çox olmayan məbləğə başa gələcək və növbəti üç il ərzində ərzaq inflyasiyasına 0,2 faiz bəndi əlavə edəcək.