02 may 2024 15:08
271

YAP Nizami rayon təşkilatında “100 ilin imzası” adlı kitabın təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə şair-jurnalist, Prezident mükafatçısı, “Tərəqqi” medallı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin  sədri Gülşən Behbudun Ümummilli Liderin xatirəsinə həsr olumuş “100 ilin imzası” adlı kitabının təqdimatı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən kitabın müəllifi Gülşən Behbud, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Esmira Həsənova və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bildiriblər. Vurğulayıblar ki, Ulu Öndərin xatirəsinə həsr olunan hər bir kitab Onun şəxsiyyətinə göstərilən hörmətin və sevginin parlaq ifadəsidir. Natiqlər onu da əlavə ediblər ki, illər, əsrlər keçsə də, xalqın məhəbbətini qazanan Ulu Öndər Heydər Əliyev daim qəlblərdə yaşayacaq.

Qeyd edək ki, görkəmli siyasi və dövlət xadimi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş kitabda dünya liderlərinin, həmçinin müxtəlif sahələrdə çalışan insanların dahi şəxsiyyət haqqındakı fikirləri, müəllifin müsahibələri və qələmə aldığı şeirlər toplanıb.

Çıxışlardan sonra YAP Nizami rayon təşkilarının yubiley yaşında olan partiya veteranları və fəalları mükafatlandırılıb.

Zamin Məmmədov, "İki sahil"