02 may 2024 16:31
337

Dəridə qırış və qocalmanı xeyli ləngitməyin YOLLARI! - OXUYUN XƏBƏRİNİZ OLSUN!

Xanımlarımız üz dərisini qorumaq, cavan saxlamaq, üzə düzgün qulluq  etmək üçün nələr etməlidirlər? Qocalma proseslərini dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür. Bunun üçün heç də plastik cərrahlara müraciət etmək lazım deyil. Çox sadə qaydalara əməl etməklə dərinizi cavan və təravətli saxlaya bilərsiniz.

Laser Beauty Klinikasının Baş həkim-kosmetoloqu Nigar Rüfət "İki sahil"ə açıqlamasında cavan qalmağın sirrlərini açıqlayıb.

Həkim-kosmetoloqun xanımlarımıza məsləhəti:

Mimikadan az istifadə edin!

1. Cavan yaşlardan mimikanıza ciddi fikir verin. Əgər qadın daim alnını, burnunun qırışdırır, dodaqlarını sıxır, həddindən artıq gülümsəyirsə bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları qoca yaşlarına kimi üz dərisini cavan və qırışsız saxlayır. Bunun əsas səbəblərindən biri onların mimikadan az istifadə etməsidir.

Krem-pudradan az istifadə edin!

2. Mümkün qədər az hallarda krem-pudra və yağlı tonal kremlərdən istifadə edin. Bu vasitələr dərinin məsamələrini qapayır ki, nəticədə dərinin nəfəsalması pozulur. Bu isə üz dərisinin qocalmasını sürətləndirir.

Qidalanmaya diqqət!

3. Sağlam qidalanın. Qidalanmanızda daim təzə meyvə-tərəvəz, göyərtilər, süd məhsulları, yarmalar olmalıdır. Zülallar da çox vacibdir. Qidalanmada zülalların (ət, toyuq, balıq, yumurta) az olması dərini  tez qocaldır. Qadının qidalanmasında kifayət qədər yağlar (zeytun yağı, kərə yağı) olmalıdır. Quru dəri daha tez qocalır. Yağlar isə dərini quruluqdan xilas edir. Bundan əlavə yağlar yağlı turşularla zəngindir. Yağlı turşular dərinin daha tez bərpasına kömək edir. Hal hazırda qadınların əksəriyyəti arıqlamaq üçün müxtəlif pəhrizlərdən istifadə edir. Lakin qadınlar bunu da bilməlidir ki, tez bir zamanda arıqlama üz dərisinin vəziyyətinə olduqca mənfi təsir edir.

Susuzlaşma dərinin ən böyük düşmənidir!

4. Daha çox  maye qəbul edin. Hər gün 8-10 stəkan təmiz su içmək lazımdır. Susuzlaşma dərinin ən böyük düşmənidir.

5. Hərəkətli olun. Fiziki aktivlik orqanizmdə qan dövranı yaxşılaşdırır. Bu isə bütün orqanizmin, o cümlədən, üz dərisinin cavan və sağlam qalması üçün əsas şərtlərdən biridir.

Yuxu vaxtı orqanizm bərpa olunur

6. Kifayət qədər yatın və dincəlin. Yuxu vaxtı orqanizm bərpa olunur. Yuxusuzluq orqanizmdə qocalma prosesləri sürətləndirir.

7. Dərinizə daim qulluq edin və günəşdən qoruyun. Dərini daim təmizləmək, qidalandırmaq və mənfi təsirlərdən (isti hava, külək) qorumaq lazımdır. İl boyu spf-lərdən istifadə edərək foto qocalmanın qarşısı mütləq alınmalıdır.

8. Zamanında kosmetoloqlara müraciət edərək, dərini daxildən qidalandırmaq, mimik qırışları vaxtında qarşısını almaq və s. kiçik inyeksion müdaxilələrlə cavan qalaraq əməliyyatlardan qaçına və ya ən azından gecikdirə bilərsiniz.

Həyatın dəyişməz qanunlarından biri də yaşlanmaqdır. Bu prosesi birdəfəlik dayandıra bilməsək də, gedişatı təbii yollarla müəyyən qədər ləngidə bilərik.  Ən vacibi isə dərinizi və özünüzü xəstəliklərdən qoruyun. Unutmayın “ucuz ətin şorbası olmaz”. İstifadə etdiyiniz məhsullara və müraciət etdiyiniz kosmetoloqlarda qənaət etməyin.

Yaqut Ağaşahqızı, "İki sahil"