02 may 2024 23:12
295

Bakı Forumu dünya siyasətinin vacib gündəliyinə çevrilib

Məhsuldar və pozitiv məqamlarla yadda qalan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq aləmdə mühüm format kimi qəbul olunur

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün başa çatır. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə baş tutdu.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir. Beynəlxalq tədbir çərçivəsində on iki panel və dörd plenar sessiyada müzakirə olunan mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Dünyanın 100-dən çox ölkəsinin hökumət üzvlərinin, parlament sədrlərinin, müavinlərinin, aparıcı beynəlxalq təşkilatların, beynəlxalq media qurumlarının nümayəndələrinin, beyin mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatıldıqları Forumun iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə etdilər.

Həmçinin bir sıra ölkələrdən dini liderlərin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclas keçirilib. Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər, Ağdam və Şuşada iki xüsusi panel sessiya keçirilib. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu “Bakı Prosesi”ni alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla keçiriləcəyinə əminiklərini bildiriblər.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub. Həmin ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra paytaxtımızda 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub.

Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb. Ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

Azərbaycan beynəlxalq müstəvidə sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafı, milli-mədəni və mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin təbliğində önəmli rol oynayır. Dövlətimiz Cənubi Qafqaz regionunda sülhə, barışığa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və birgəyaşayışa xidmət edən siyasi prosesləri həmişə dəstəkləyib.

Hazırki dövrdə davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə maneə olan aqressiv təbliğatlara, müxtəlif dinlərin ardıcılları arasında qarşılıqlı inamı pozan əməllərə, nifrət çağırışlarına və dinlərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birlik tərəfindən birgə səylərin gücləndirilməsi zəruridir. Çünki bu gün dünyada baş verən silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqlar insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunur. O cümlədən Ermənistan tərəfindən ərazilərimizin işğalı dövründə Azərbaycanın mədəni və mənəvi irsinə aid olan abidələrin dağıdılması, məqsədyönlü şəkildə həyata keçirilən yandırılmış və minalanmış torpaq, ekosid və urbisid siyasətinin ağır nəticələri dərin narahatlıq doğurur. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, xüsusilə mədəni, dini abidələrin bərpası və yenilərinin inşası prosesləri uğurla reallaşdırılır.

Azərbaycan dövləti Cənubi Qafqaz regionunda sülhə, barışığa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və birgəyaşayışa xidmət edən siyasi prosesləri dəstəkləyir. Lakin təəssüflər olsun ki, bəzi dövlətlər, beynəlxalq və dini təşkilatlar Azərbaycanın bu bölgədə sabitliyə xidmət edən bəyanatlarını zərərli tendensiya kimi qiymətləndirirlər. Onlar xüsusilə də erməni kilsəsi tərəfindən təbliğ olunan işğalçılıq, aqressiv separatizm və revanşizm ideyalarını dəstəkləyirlər. Bütün bunlar Azərbaycana qarşı Qərb dövlətlərinin ikili standartlar yürütdüyünü, ölkəmizin inkişafını, uğurlarını paxıllıq və ikrah hissi ilə qarşıladıqlarını sübut edir.

Bu gün Azərbaycanda, o cümlədən paytaxt Bakıda və bölgələrdə müxtəlif millətlərin, dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində dinc yaşayır. Bakının mərkəzindəki erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən tarixi-dini abidə kimi qorunur. Lakin bundan fərqli olaraq Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində minlərlə tarix və mədəniyyət abidələri, kitabxanalar, mədəniyyət mərkəzləri, yaşayış binaları, məktəblər, muzeylər, sənət qalereyaları və teatrlar, ziyarətgahlar və qəbiristanlıqlar məhv edilmiş və talan olunmuşdur. Burada qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri özününküləşdirilib, məscidlər tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyası təhqir olunub.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi qeydiyyatda olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılıb, 3-ü isə acınacaqlı vəziyyətdədir. Bir vaxtlar inkişaf etmiş Azərbaycanın inzibati mərkəzləri xarabalıqlara çevrilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərimizə səfər edən xarici müşahidəçilər bu məntəqələri “Ruhlar şəhəri” və ya “Azərbaycanın Xirosiması” adlandırmışlar. İşğalçı Ermənistan dövlətinin vandalizm aktlarının əsas məqsədi “böyük Ermənistan” xülyası ilə azərbaycanlıların əzəli torpaqlarında həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olmuşdur.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə Hərəkata sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi quruma sədrliyimiz daha bir il uzadıldı. Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.

Bu il noyabrın 11-15-də payataxt Bakıda keçiriləcək COP29 konfransı da Azərbaycanın tarixi, coğrafiyası, qarşılıqlı əlaqələri, Avropa təsisatları ilə münasibətləri, Qərb ilə Şərq arasında yerləşməsinin verdiyi üstünlük və bu kimi amillərin təbliğatı baxımınjdan çox əhəmiyyətlidir. Bütün bunlar göstərir ki, bu gün Azərbaycan dövləti balanslaşdırılmış xarici siyasət yürüdür. Prezident İlham Əliyevin uğurlu siyasi-iqtisadi və sosial siyasəti nəticəsində Azərbaycan bundan sonra da öz dəyərlərini bütün dünya ilə bölüşməyə hazırdır.

Cavid Əkbər, “İki sahil”