İkinci Qarabağ müharibəsində tarix yazan ordumuzun sıralarında yağıya qan udduran Vüsal Əlifağa oğlu Muradovun xüsusi yeri vardır. Vətənin dar günündə dadına çatan, mərdliklə döyüşüb canını ona qurban verəndə Vüsal ömrünün 35-ci ilini yaşayırdı. Qərinələr ötər elə bu yaşda qalmaqla milyonların ürəyində yurd-yuva quracaq. Eləcə qəhrəman Vətən oğlu özü cismən olmasa da, qısa, lakin müqayisə olunmaz həyat yolu gələn nəsillərə örnək olacaq. Vətəni necə sevməyi, torpağı qorumağı ondan öyrənərlər. Vüsalın özündən sonra xalqına, elinə əmanət qoyduğu Vüsalə, Yusif, Qəmər və Natiq adlı övladlar var. Onlar üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli olacaq. Həmçinin Vüsal Muradovun ölümündən sonra dövlət tərəfindən təltif olunduğu, ağır müharibə meydanında göstərdiyı şücaət və rəşadətini özündə yaşadan “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın azadlığına görə medalları onun yadigarları sırasında yer alıb.
Vüsal Muradov 1985-ci ildə Cəlilabad rayon, Babaxanlı kəndində dünyaya göz açıb. Uşaqlıqdan Vətənin müqəddəsliyinə tapınan, onu ürəkdən sevən Vüsal özünü biləndən Qarabağı işğal edən erməni dığalarına qarşı barışmaz mövqe ortaya qoyub. Orta məktəbi bitirib yağ düşməndən qisas almaq, torpaqları azad etmək istəyi Vüsalı ordu sıralarına aparıb. Vətənə olan borcunu cəbhə bölgəsində yerinə yetirib. İgidliyi mərdliyi, dürüstlüyü ona əsgərlərin, zabitlərin hörmətini qazandırıb. Vətən torpağının düşmən tapdağı altda qalması onu narahat edib. Onun azadlığı naminə Vüsal həmişə döyüşə can atıb. Müqəddəs amalı isə Qarabağın azadlığı, xalqın xoş gələcəyi olub.
Vüsal layiqli övlad kimi ordudan tərxis olunur, amma düşməndən alacağı öcü qalır.
Bir müddət evdə olduğu vaxt dinc əməkdən yapışıb. Xalqın ağrı-acılarını, yurd təəssübkeşliyini ürəyindən keçirdən gənc canına yağı dadanmış Vətənin qisasını almaqdan ötrü yenidən orduya qayıtmaq və döyüşçü olmaq istəyib. Bu məqsədlə TTM-də piyada döyüş maşının mexanik-sürücü kursunu bitirib. 2007-ci ildən MAXHQ kimi əyninə forma geyinim özünü hərbiyə bağlayıb. İçdiyi andda belə olub:” Vətən torpağı azad olmamış silahı yerə qoymaram!”
Köksündə Vətən məhəbbətini gəzdirməklə Vüsal böyük həvəslə ona tapşırılan işləri yerinə yetirib. Hərbi texnikanın sirlərinə tez, mükəmməl yiyələnib. Eləcə təlimdən-təlimə bərkiyib, mərdlik, cəsurluq nümunəsi göstərib. Onun bu kimi keyfiyyətləri gənc əsgərlərdə doğma Azərbaycana məhəbbət, işğalçı erməni dığalarına nifrət hissi yaradıb. Vüsal onu da dərk edib ki, havadarlarin hesabına təcavüzkar düşmən nə qədər güclü olsa belə, tezliklə haqqın, ədalətin qarşısında cavab verəcək. Qarabağımız yenidən canlanar, insanlar öz doğma yurdlarında azad, firavan yaşayar. Bütün bunlara görə ulu yurdun oğlu hər an düşmənlə ölüm-dirim savaşa getməyə, Vətənin sağ olması üçün canını verməyə tam hazır durub.
Vüsalın yağı düşmənlə üz-üzə gəldiyi birinci ağır döyüşü 2016-ci ilin Aprelin əvvəllərində olub. Bu qanlı savaşda- Lələ-təpənin alınmasında misilsiz şücaət göstərib. Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib, hərbi texnikasını sıradan çıxardıb. Lələ təpədə üçrəngli qələbə bayrağımızı yüksəldən qeyrətli oğulların önündə gedib. İkinci Qarabağ müharibəsi başlananda da birincilər sırasında getməklə yağıya ilk sarsıdıcı zərbəni məhz Vüsal vurub. Ölümə meydan oxumaqla Füzuli döyüşlərində düşmənə, sözün əsl mənasında, qan uddurub. Vətən sevdalı ürəyi düşmən gülləsinə tuş gəlsə də, göstərdiyi hünərlə adını tarixə yaza bilib. Onun torpağa tökdüyü qızıl qan qələbə bayrağımıza dönüb. İgid döyüşçü torpağı Vətən etməklə əbədiyyət adlı dünyasına qovuşub...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü