KÖŞƏ

Yeganə Əliyeva

“Axsaq” Sarkisyanın “kor” Nalbandyanı

03 mart 2017 14:26
909

Separatçı rejimin “referendum” arzuları quyunun dibinə yuvarlandı

Ermənistan hakimiyyətinin işğal altında saxladığı Azərbaycan ərazilərində keçirdiyi “referendum oyunu” da beləcə iflasa uğradı. Obrazlı desək, heç kim bu oyuna baxmağa azacıq vaxtını da sərf etmədi. Elə işğalçı, separatçı dövlətin özü kimi separatçı qurumların nümayəndələrindən başqa heç bir dövlət və ya beynəlxalq qurum bu tamaşaya ciddi yanaşmadı. Əksinə, dünya siyasətinin düzənini müəyyənləşdirən iri dövlətlər və mötəbər beynəlxalq təşkilatlar ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirdikləri qondarma “konstitusiya referendumu”nun nəticələrini tanımayacaqlarını açıq şəkildə bəyan etdilər.

Deyəsən, ermənilər özləri də vəziyyətin nə yerdə olduğunu anlamağa başlayıblar. Separatçı rejimin fevralın 20-də keçirdiyi “referendum”dan sonra bu məsələ sanki quyunun dibinə atılıb.  İndi heç ermənilər özləri də qondarma “respublikanın” “yeni konstitusiyası”ndan danışmağa o qədər həvəsli görünmürlər. Görünür, başqa dövlətin ərazisində özlərinin ikinci dövlətini qurmaq niyyətlərinin xəyaldan o tərəfə keçməyəcəyinin fərqindədirlər. Hərçənd buna da inanmaq olmur. Axı, ermənilər öz xislətlərinə uyğun olaraq, tarix boyu çirkin və ağlagəlməz vasitələrə əl atmaqdan çəkinmirlər.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Xankəndidə yerli separatçıların ruhlandırılmasına xidmət edən növbəti sərsəm bəyanatla çıxış edib. O deyib ki, bu ilin sonuna qədər xarici dövlətlərdən biri Dağlıq Qarabağın “müstəqilliyini” tanıya bilər. Amma Nalbandyan özünün səsləndirdiyi bəyanatın “doza”sının yüksək olduğunu dərhal anlayıb və o, hətta guya, qondarma “DQR”in “müstəqilliyini” tanımağa hazırlaşan dövlətin adını belə çəkə bilməyib. Bu məqamda  Edvardın sayıqlamalarını Azərbaycanın məşhur el məsəlinə uyğunlaşdırsaq, deyə bilərik ki, elə “axsaq” Sarkisyan kimi prezidentin “kor” Nalbandyan kimi də xarici işlər naziri olar.

Nə isə... Mətləbdən uzaqlaşmayaq. “Kor” Nalbandyan ad çəkə də bilməzdi. Axı, o hansı dövlətin adını çəkə bilərdi ki?! İşğalçı dövlətin xarici siyasətini həyata keçirən Nalbandyanın bu sərsəm və yalançı bəyanatı Ermənistan üçün ciddi başağrısına çevrilə bilər. Qondarma “DQR”in “müstəqilliyini” tanıyacaq bir dövlət yoxdur, axı! Bir reallıq da var ki, özünü sivil dünyanın bir parçası sayan normal dövlət heç bir halda separatçıları tanımaz.

Politoloq Elxan Şahinoğlu da Nalbandyanın bu sayıqlamasının reallıqdan uzaq olduğu qənaətindədir. Onun sözlərinə görə, separatçıların fevralın 20-də Dağlıq Qarabağda keçirdikləri “referendum”la bağlı beynəlxalq təşkilatların yaydıqları bəyanatlar və açıqlamalar heç bir dövlətin bu məsələdə Ermənistana açıq dəstək vermədiyini bir daha sübut edib: “Ancaq istisna deyil ki, Mərkəzi Amerikada hansısa kiçik dövlət və ya bir neçə min əhalisi olan nöqtə boyda ada ermənilərin hiyləsinə aldanaraq Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıya bilər. Vaxtilə bir neçə dövlət Rusiyaya xoş gəlmək üçün guya, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi”ni tanıdıqlarını bəyan etmişdi. Ancaq bu cür bəyanatlar faktiki olaraq, heç bir hüquqi qüvvəyə malik olmadı. Ona görə də Nalbandyanın hansısa dövlətin Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıyacağı barədə söylədiyi fikirlər yalnız separatçıların ruhdan düşməməsinə hesablanıb”.

Bununla belə, politoloq qeyd edib ki, Azərbaycan dövləti bu məsələyə münasibətdə tədbirli və ehtiyatlı olmalıdır. Onun sözlərinə görə, xüsusilə Xarici İşlər Nazirliyi erməni xislətinin gözlənilməz “sürprizləri” ilə qarşılaşmamaq üçün  xüsusi bəyanatla çıxış etməlidir. Bütün dünya bilməlidir ki, separatçıların işğal edilmiş Azərbaycan torpaqlarında qurmaq istədikləri qondarma “DQR”i hansı ölkə tanısa, bu, beynəlxalq hüquqa zidd olacaq və Azərbaycan beynəlxalq təşkilatlardan həmin dövlətə qarşı sanksiyaların tətbiq olunmasını tələb edəcək.

Yeri gəlmişkən, hələ “referendum”dan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanatla çıxış etmişdi. Bəyanatda Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nda “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirmək cəhdi təxribat kimi dəyərləndirilmişdi. Məhz bundan sonra beynəlxalq təşkilatlar ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirdikləri “konstitusiya referendum”unun nəticələrinin tanınmadığını bəyan etmişdi.