26 may 2024 10:09
491

Fransa hələ də anlamır ki... - ŞƏRH

Paris Şəhər Şurası gedib Fransa paytaxtının küçələrində yığılıb qalab zibilləri təmizləsin

Fransa Prezidenti Emmanuel Makron və onun nazirləri, həmçinin bu ölkənin üzdəniraq siyasətçiləri türk dünyasına, xüsusilə Azərbaycana qarşı təxribatlardan bir an belə əl çəkmilər.  Elə Paris Şəhər Şurasının Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzalaması da bunu bir daha sübut edir. Fikrimizcə, burada bir haşiyəyə çıxmaq yerinə düşər. Bir soruşan gərək, axı COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsinin Paris Şəhər Şurasına hansısa bir aidiyyatı varmı? Bu mənada Paris küçələrindəki zibillərini yığışdırmaqda belə çətinlik çəkən bu qurumun Bakıda keçiriləcək GOP29-la bağlı donquldunmağı heç bir məntiqə sığmır.

Yeri gəlmişkən qeyd edək ki, hələ ötən ilin sonlarında Fransa və bu ölkənin - başda Paris meri Ann İdalqo olmaqla  bir qrup ictimai-siyasi xadimi 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq müraciətlə çıxış etmişdilər. Onlar öz iddialarında bildirmişdilər ki, guya mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Şübhəsiz, bu da onların  hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməmələrindən, eləcə də beynəlxalq ictimaiyyətdən xəbərsiz olmalarından qaynaqlanan bir iddia idi. Bu mənada  Paris Şəhər Şurasının da onların xoruna qoşulduğunu birmənalı şəkildə vurğulamaq olar.

Bəli, təəssüf ki, Fransa hələ də anlamır ki, tarixdə ilk dəfə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Avropa İttifaqına üzv olan ölkədə deyil, ilk dəfə bir türk dövlətində keçirilməsi  Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun növbəti göstəricisidir. Fransa hələ də başa düşmür ki, dörd il əvvəl döyüş meydanında acı məğlubiyyətə düçar olan Ermənistan da ilk dəfə olaraq öz namizədliyini Azərbaycanın xeyrinə geri götürub. Bu mənada bu qərar dünya ölkələrinin yekdil qərarı ilə qəbul olunub. Amma nədənsə  Fransa  bu yekdil qərarı heçə sayır. Şübhəsiz, bu Fransanın dünya dövlətlərinə etinasızlığından, həmçinin iqlim dəyişikliyi problemini əbəs yerə siyasiləşdirmək cəhdindən başqa bir şey deyil. 

Fransa hələ də anlamır ki, Azərbaycan indiyədək bir sıra müxtəlif istiqamətli beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi  edib. Bu baxımdan Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi də yaddaqalan olacaq və başqa ölkələrə nümunə göstəriləcək. Buna isə dünyanın heç bir dövləti şübhə ilə yanaşmır, bircə Fransadan başqa. Fransa hələ də anlamır ki, bu kimi addımlarla Azərbaycanı haqq yolundan, müstəqil siyasətindən yayındıra bilməyəcək.  Şübhəsiz, Fransa bu tədbiri boykot etmək iqtidarında deyil. Çünki dünya artıq Azərbaycan vasitəsilə bu ölkənin iç üzü ilə artıq yaxşı tanış ola bilib. Bu baxımdan  Fransanın belə addım atması Afrika qitəsində, Dənizaşırı bölgələrində sözügedən dövlətə qarşı baş verən iğtişaşları, həmçinin ölkə daxilindəki problemləri ört-basdır etməyə hesablanıb. Bütün bunlar da Fransa rəsmilərinin həqiqətən də son illər uğursuzluqlarından başlarını itirmələrindən xəbər verir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”