27 may 2024 22:57
279

Şəhid Aslan Abdullayevin doğum günündə xatirəsi yad edilib

May ayının 27-də Biləsuvar şəhərində I Qarabağ müharibəsi şəhidi Abdullayev Aslan Abdulla oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.

“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Abdullayev Aslan Abdulla oğlu 27 may 1973-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur. Biləsuvar şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbində təhsil almış və 1993-ci ilin dekabırında Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır.

Ürəyi Vətən sevdalı, cəsur döyüşçü olmuşdur. Ağdərə, Ağdam,Tərtər istiqamətində gedən döyüşlərdə rəşadətlə vuruşmuş və ordumuz tərəfindən aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Fizuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 17 avqust 1995-ci ildə Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!