28 may 2024 18:46
434

ABŞ etiraf edir ki…- ŞƏRH

Dünya liderləri Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik etməkdə davam edirlər. Belə təbrik məktublarından birini də ABŞ Dövlət katibi Antoni Blinken ünvanlayıb. Onun təbrikində bildirilir ki ABŞ 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı kimi sahələrdə Azərbaycanla qarşılıqlı maraq əsasında qurulmuş əlaqələri yüksək qiymətləndirir: “Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kəskinləşən qlobal problemlərlə bağlı əməkdaşlığımızı dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır və biz övladlarımız və nəvələrimiz üçün daha davamlı və dayanıqlı iqlim gələcəyini təmin etmək naminə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırıq”. Şübhəsiz, bütün bunlar ABŞ-ın ölkəmizin “yaşıl enerji”ilə bağlı atdığı addımları diqqətlə izləməsindən xəbər verir. Bununla da ABŞ hazırda dünyanın  “yaşıl” gündəliyinə məhz Bakının istiqamət verdiyini təsdiqləyib.

Yeri gəlmişkən qeyd edək ki, hazırda dünyada enerji istehlakının 20 faizə yaxını bərpaolunan enerji mənbələrinin payına düşür. Bir sıra ölkələr 2035-2050-ci ilə qədər “yaşıl enerji”dən istifadəyə keçməyi planlaşdırırlar.  Ölkəmizdə də bu sahəyə xüsusi diqqət göstərilir. Hətta 2030-cu ilədək ölkəmizin “yaşıl enerji” məkanına çevrilməsi enerji siyasətində prioritetdir.  Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 17 faizi ötüb. Şübhəsiz, son illər bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın “yaşıl enerji” ixracatçısına çevrilməsinə imkan yaradacaq. Bunun yaxın illərdə reallaşacağı isə əsla şübhə doğurmur. Təkçə bir faktı xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Azərbaycanın “yaşıl enerji”sinin Avropaya çatdırılmasını nəzərdə tutur. 

Blinken, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz uzun müddətdir davam edən münaqişə səhifəsini bağlamaq və daha yaxşı gələcək qurmaqla bağlı bu səyləri dəstəkləməyə hazırdır: “Biz əlaqəni gücləndirəcək və regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi ilə bağlı olan bu bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”.

Bu fikirlər isə o deməkdir ki, Azərbaycanın bölgənin aparıcı dövlətinə, güc mərkəzinə çevrilməsini ABŞ da etiraf edir. Həm də siyasi yollarlar bildirir ki, öz torpağını işğaldan azad edən ölkə kimi tanınan Azərbaycan bütün təhdidlərə baxmayaraq bölgədə və dünyada sülhpərvər təşəbbüsləri ilə gündəmdədir. Bu gedişlə rəsmi Bakı son üç ildə başı daşdan-daşa dəymiş Hayastanı da təmənnalı və riyakar oyunlara cəlb etməyə çalışan Fransa kimi dövlətin əlində alət olmağa imkan verməyəcək. Bu mənada ABŞ da əmindir ki, rəsmi Bakının bölgədə sülhə nail olacağı gün heç də uzaqda deyil. Hər halda Azərbaycanın Vətən müharibəsindən ötən dövr ərzində göstərdiyi davamlı sülh təşəbbüsləri və etdiyi çağırışların bu il bəhrəsini verməyə başlaması, eyni zamanda 1990-cı və 1992-ci illərdə işğal edilmiş Qazax rayonunun dörd kəndinin qaytarılması belə qənaətə gəlməyə əsas verir.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti  Cozef Bayden də təbrik məktubunda bu məsələlərdən söz açmışdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”