05 iyun 2024 00:58
979

Konqresin  “26 Amerika komissarı”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi sanki bir ox olub onların gözünə batıb

535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) ABŞ Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər.

Görünür, bu biçarələrin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin və Dövlət katibi Antoni Blinkenin 28 May - Respublika Günü ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktublarından xəbərləri yoxdur. Olsaydı, yəqin ki, belə sayıqlamazdılar. Bu isə onların öz ölkələrinin rəhbərlərinin yürütdükləri siyasətdən xəbərləri olmamasına dəlalət edir. Kim bilir, bəlkə də var… Bəlkə bu addımları onların ölkə rəhbərlərini saymamalarından xəbər verir? Halbuki, ABŞ Prezidenti sözügedən təbirk məktubunda bildirib ki, ABŞ regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və "yaşıl enerji"yə keçid sahəsində Azərbaycanla qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə səy göstərəcək: “Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden  iyunun 4-də, yəni Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış günündə də Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda bir daha vurğulanıb ki, Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur: “Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər”.

ABŞ Dövlət katibi Antoni Blinkenin məktubunda da belə fikirlər yer alıb. Hətta o, ABŞ-ın Bakıda keçiriləcək COP29-a ev sahibliyini alqışladığını da vurğulayıb. Şübhəsiz, bu, rəsmi Vaşinqtonun Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycana verdiyi siyasi dəstəyin ifadəsidir. ABŞ aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji, o cümlədən “yaşıl enerji” layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən eyni zamanda, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və yaranan problemlərin həllinə əməli dəstək verən bir ölkədir.

Dövlət rəsmilərinin belə açıqlamalar verdiykləri bir dönəmdə bu konqresmenlərin yuyulmamış qaşıq kimi ortaya düşərək COP29 ərəfəsində Bakının imicini qaralamaq cəhdlərinə nə ad vermək olar? Şübhəsiz, beynəlxalq ictimaiyyətin, o cümlədən Ermənistanın yekdilliklə COP29-a ev sahibliyinin bu dəfə məhz Azərbaycana həvalə etməsini qaralamaq cəhdi onların erməni təəssübkeşliyindən irəli gəlir. Digər tərəfdən, bu, həm də ölkəmizi COP29-da yekdilliklə dəstəkləyən beynəlxalq ictimaiyyətin mövqeyinə sözün həqiqi mənasında açıq hörmətsizlikdir.

Görünür, erməni lobbisi və diaspor təşkilatları bu 26 konqresmenə  elə görüm-baxım ediblər ki, onlar dövlətlərinin əleyhinə belə getməkdən çəkinmilər. Şübhəsiz,  həmin konqresmenler Makron Fransası kimi Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh perspektivinə və ümumilikdə, regionda sabitliyə qarşı çıxan dairələrdir. Bəli, bu anti-Azərbaycan qüvvələr Bakı ilə İrəvan arasında heç bir vasitəçi olmadan sülhə nail olmaq istiqamətində  əldə edilən irəliləyişdən çox narahatdırlar.

Yeri gəlmişkən qeyd edək ki,  ABŞ dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələr sırasındadır. Belə ki, bu ölkə hələ də dünyada iqlim dəyişmələri böhranın yaranmasında əsas rol oynayan kömürdən, mazutdan  yanacaq kimi istifadə edir. Halbuki, Azərbaycan tarixən kömür istehsal etməyib. 10 ildən çoxdur ki, ölkəmizdə mazutdan da istifadə demək olar ki, sıfıra enib. Hazırda ən təmiz yanacaq kimi ancaq təbii qazdan istifadə edilir. Konqresmenlər ölkələrində yaşanın bu kimi problemləri əsla dilə gətirmirlər. Amma heç bir məniqə sığmayan bir formada Azərbaycanı mühakimə edirlər. Bəli, “26 Amerika komissarı”nın ittihamlarında ermənipərəstlik açıq-aydın görünür. Bu məqamda Azərbaycanın qeyri-hökumət təşkilatlarının sözügedən ittihamlarla bağlı ABŞ konqresmenlərinə ünvanladıqları açıq məktubdakı aşağıdakı sözləri də xatırlatmaq yerinə düşər: “Siz qlobal iqlim dəyişmələrində əsas tarixi məsuliyyət daşıyan inkişaf etmiş ölkələr barədə formalaşmış mövcud çərçivəni gizlətmək, manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmaq və əsas günahın neft-qaz istehsal edən kiçik ölkələrin üzərinə qoyulması kimi uğursuz cəhdlər edirsiniz”. Şübhəsiz, onların cəhdləri heç bir səmərə verməyəcək. Necə deyərlər, artıq qatar gedib. Elə 28 May - Respublika Günü ilə əlaqədar dünya liderlərinin, tanınmış siyasətçilərin Prezident İlham Əliyevə ünvanladıqları təbriklərində  COP29-la əlaqədar rəsmi Bakıya dəstək nümayiş etdirmələri də bunu bir daha təsdiq edir. Atalarımız əbəs yerə deməyiblər ki, it hürər, karvan keçər.

Qvami Məhəbbətoğlu, “İki sahil”