15 iyun 2024 00:01
256

Naxçıvanda çimərlik mövsümü açıq elan edilib

Uzunoba İstirahət Mərkəzində növbəti çimərlik mövsümünün açılışı ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” AZƏRTAC-ın Naxçıvan bürosuna istinadla xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Fövqəladə Hallar nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Çıxış edənlər bildiriblər ki, muxtar respublikada bütün sahələrdə insanların rahatlığının təmin edilməsi, isti yay günlərində yerli sakinlərinin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan çimərlikdir.

Çimərlik ərazisində yüksək istirahət və nümunəvi xidmətin təşkili məqsədilə abadlıq və quruculuq işləri görülüb. Təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılıb. Fövqəladə Hallar Nazirliyinin 5 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq. Burada həm böyüklər, həm də uşaqlar üçün çimərlik zonaları mövcuddur.

Qeyd edək ki, çimərlik saat 09:00-dan 19:00-dək, ərazidəki kafe-restoran isə gecə saatlarınadək fəaliyyət göstərəcək.