25 iyun 2024 23:35
207

Yelisey Sarayında cızılan plan…

Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı strategiyası siyasi, iqtisadi və hərbi məqsədlərin xaotik birləşməsidir

Ermənistan üzdə sülh prosesinə sadiq olduğunu bildirsə də, arxa planda yeni müharibəyə hazırlaşır. Xüsusilə Fransanın ötən dövr ərzində Ermənistanı real və ardıcıl şəkildə silahlandırması bu faktı təsdiqləyən mühüm məqamlardan xəbər verir.

Bu dəfə İrəvan və Paris Fransanın “Caesar” özüyeriyən silahlarının işğalçı ölkəyə tədarükünə dair müqavilə imzalayıblar. Ermənistan mətbuatının yazdığına görə, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkə hesabında məlumat yayıb: “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ  “Caesar” silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”.

Qeyd edək ki, “Caesar” özüyeriyən silahı zirehli kabinli Renault Sherpa 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Ekspertlər bu düşüncədədirlər ki, “Caesar” qurğularını alması Ermənistanın Azərbaycanla güc balansını dəyişməyəcək. Çünki ölkəmizin arsenalında bu gün “Caesar”qurğularından daha güclü artilleriya və müdafiə sistemləri var. Bundan başqa bu qurğuları sıradan çıxaracaq potensiala malik pilotsuz uçuş aparatları mövcuddur. Yəni, narahatlığa əsas yoxdur.

Rusiyalı politoloq, siyasi elmlər doktoru Sergey Boqdan bildirib ki, Ermənistan müdafiə nazirinin Parisə səfəri zamanı Fransanın özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilənin imzalanması revanşist əhval-ruhiyyəni gücləndirə bilər. Lakin bu addım güc balansını dəyişməyəcək. Ermənistan ordusunun mövcud regional konfiqurasiyada və İrəvanın hazırkı xarici siyasət kursu ilə hər hansı qonşu dövlətlə hərbi toqquşmaya tab gətirmək iqtidarında olub-olmaması sualını qaldırmağın vaxtı çatıb.

Bu silahların qarşılığında ödəməyə pulu olmayan İrəvan Fransanın cızdığı yol ilə getməyə məcburdur. Göründüyü kimi, Fransa bu silahların qarşılığında Cənubi Qafqazda yeni eskalasiyalar yaratmaq, yeni təhdidlər formalaşdırmaq niyyətindədir. Bunun üçün isə ilk növbədə şərti sərhəd ərazilərində aranı qarışdıraraq atəşkəsi pozur, Azərbaycana qarşı  yeni aqressiya nümayiş etdirir.

Fransanın sülhə zidd addımları və ikili standart siyasəti region və bütövlükdə beynəlxalq ictimaiyyət üçün böyük ləkədir. Ermənistan və Fransanın qısamüddətli siyasi və ya iqtisadi faydaları deyil, uzunmüddətli sülh və sabitlik maraqlarını nəzərə alaraq öz strategiyalarına yenidən baxması vacibdir. Fransa ənənəvi olaraq Ermənistana dəstək bayrağı altında, bu tərəfdaşlıqdan Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün istifadə etmək istəyir.  Ermənistanın əli ilə bölgəyə silah “daşıyan” Fransa həm də önə çıxmağa çalışır. Prezident Emmanuel Makron bununla özünün “müttəfiqlərini” oyundankənar vəziyyətə salmaq, Ermənistana nəzarət məsələsində tək olmağa niyyətlənir. Yəni, Ermənistanın şərti sərhəd ərazilərindəki atəşkəs pozuntuları ilə Fransanın İrəvana silah satışı birmənalı şəkildə eyni prosesdir - hər iki məsələ, Parisin Cənubi Qafqaza “gəlişi” üçün zəmin yaratmaq məqsədi güdür. Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı strategiyası siyasi, iqtisadi və hərbi məqsədlərin xaotik birləşməsidir. Öz məqsədlərinə çatmaq üçün rəsmi Paris Ermənistandan istifadə etməklə bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırması prosesinə xələl gətirir.

Prezident Emmanuel Makronun qurduğu hökumət Fransanın ənənələri və dəyərlərindən uzaq olan bir siyasət həyata keçirir. Bunun da nəticəsidir ki, hazırda bu ölkə tarixinin ən miskin dönəmini yaşayır və Yelisey Sarayı həm ölkə daxilində, həm də xaricdə nüfuzunu getdikcə itirir. Yelisey Sarayının Makronun rəhbərliyi ilə apardığı siyasət həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda davamlı etirazlarla qarşılanır.

Eyni zamanda, Makron hakimiyyəti dönəmində keçmiş və hazırkı müstəmləkə ölkələrində Fransaya qarşı etirazların daha güclü dalğası start götürüb. Getdikcə daha çox ölkədə Fransanın rəmzlərinə hörmətsizlik göstərilir, “Rədd ol, Fransa!” şüarları səsləndirilir. Son olaraq Makron hökumətinin Yeni Kaledoniyada həyata keçirmək istədiyi konstitusiya “islahatları” ciddi etirazlarla qarşılanıb. Bundan başqa, Əlcəzair Fransadan zamanında oğurladığı tarixi-mədəni sərvətləri geri qaytarmağı tələb edir. Həmçinin ayrı-ayrı keçmiş müstəmləkə ölkələri Makron hökumətinin qarşısında təzminat ödənilməsi tələblərini qoyublar.

Maraqlıdır, belə yarıtmaz siyasətin kölgəsində dığırlanan, özünə umac ova bilməyib başqasına əriştə kəsən,  Afrikada ağalığını itirib qitədən qovulan Fransa həqiqətəndəmi özünü Ermənistanın dəstəyi  nəyəsə nail olacağınımı düşünür? Fransa unudur ki, keçəl dərman bilsəydi öz başına yaxardı…

Əslində, Makron hökumətinin bütün bu çirkin fəaliyyətini ölkəmizin COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyi bir dönəmdə qəsdən daha da intensivləşdirməsi diqqətdən yayınmır. Ancaq Emmanuel Makron unudur ki, Azərbaycan onun hökmranlıq etdiyi hansısa Afrika ölkəsi deyil. Bu gün kimsə Azərbaycanla hədə, təhdid dili ilə danışa bilməz. Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və onun havadarlarına cavab verməyə qadirdir.  Nəticə etibarilə Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”