12 iyul 2024 15:15
279

Azərbaycan “Konsepsiya 2024. Kadastr qiymətləndirilməsi” tədbirində iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri Rusiyanın paytaxtı Moskvada keçirilmiş “Konsepsiya 2024. Kadastr qiymətləndirilməsi” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.

"İki sahil" quruma istinadən xəbər verir ki, tədbirdə torpaq sahələrinin kadastr məlumatları və onların qiymətləndirilməsi ilə bağlı çıxışlar olub və müzakirələr aparılıb.

Daşınmaz əmlakın, xüsusi ilə kənd təsərrüfatı təyinatlı torpaqların tam və dəqiq kadastrının aparılması və qiymətləndirilməsi ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu məlumatlar daşınmaz əmlakın yerləşməsindən və ölçülərindən, torpaq sahələrinin göstəricilərindən, mülkiyyət hüququndan və digər informasiyalardan ibarətdir. Məlumatların vahid və dəqiq olması ölkənin sosial-iqtisadi inkişafı, investisiya imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbir zamanı torpaqların kadastr qiymətləndirilməsində əsas meyarlar, kadastr xidmətlərinin işində əsas problemlər və onların həlli yolları, torpağın kadastr qiymətləndirilməsi üzrə tənzimləmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçılara bu istiqamətdə məlumat verilib.