TƏBİB tərəfindən həyata keçirilən regional “Ürək Mərkəzləri” layihəsi davam etdirilir. Növbəti belə mərkəz Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.
“İki sahil” xəbər verir ki, mərkəzdə Şəki-Zaqatala tibbi ərazi bölməsinin tabeliyində olan xəstəxanalar üzrə - Şəki, Balakən, Zaqatala, Oğuz, Qax, Qəbələ rayonlarının sakinləri üçün kardioloji və radioloji xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Şəki Ürək Mərkəzinin açılışında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak edib.
Mərkəzdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi, koronar angioqrafiya, koronar angioplastika, perikardiosentez kimi kardioloji xidmətlər, eləcə də Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) kimi radioloji xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Mərkəzin açılışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Şəki Ürək Mərkəzində Türkiyədə tibb təhsili alan, müəyyən müddət xaricdə fəaliyyət göstərən, eləcə də ixtisasartırma kurslarında iştirak edən mütəxəssislər xidmət göstərəcək. Onun sözlərinə görə, TƏBİB tərəfindən yaxın müddətdə digər rayonlarda da kardiologiya mərkəzlərinin fəaliyyətə başlaması planlaşdırılır ki, bu da regionlarda məskunlaşan ətraf rayonların sakinlərinin ürək-damar xəstəliklərinin müalicəsində keyfiyyətli və əlçatan tibbi xidmət almaq imkanlarını artıracaq.
Qeyd edək ki, Şəki Ürək Mərkəzindəki xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstəriləcək.