2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan mediasının müstəqilliyi cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdəndir
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə, Zəfərimizdən sonra xarici KİV nümayəndələri ilə görüşərək dünyada, Cənubi Qafqazda baş verən hadisələri siyasətçi, qətiyətli dövlət başçısı kimi şərh edən Prezident İlham Əliyevin artıq ənənəyə çevrilən bu təşəbbüsü bəlkə də dövlət başçısı ilə xarici jurnalistlər arasında saatlarla davam edən təmasın yeganə nümunəsidir.
Milli Mətbuatımızın 149 illiyi ərəfəsində Şuşa yenə azad sözün, dünya siyasətinin aktual mövzularının müzakirə olunduğu auditoriyaya çevrildi. Bütün dünya ictimaiyyəti demokratiyanın əsas tələbi olan azad sözə verilən dəyərin şahidi oldu. Ötən il « Sənaye İnqilabı dövründə Yeni Media»” mövzusunda Şuşa Qlobal Media Forumunun davamı olan ikinci tədbirdə iştirak edən Prezident İlham Əliyev müxtəlif istiqamətli sualları cavablandırmaqla uzaqgörən siyasəti, hadisələri obyektiv təhliletmə bacarığı ilə həqiqi mənada liderlik formulunun düsturunu yenilədi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması kimi dünya ictimaiyyətinin diqqətini cəlb etdi.
«Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə»” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində «Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”», «Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər»”, «Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi»” və «İqlim hərəkatı və media”» mövzularında təşkil olunan panel sessiyalarında müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri arasında ətraflı fikir və təcrübə mübadiləsi aparıldı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumatlar açıqlandı. Ötən il keçirilən «4-cü Sənaye inqilabı dövründə yeni media»” mövzusunda I Şuşa Qlobal Media Forumundan sonra təşkil olunan növbəti Forum mahiyyəti, müzakirə olunan mövzularının zənginliyi baxımından maraqlı olsa da , sualların əksəriyyəti dəyişən, daha da qloballaşan dünyamızda baş verən hadisələrlə bağlı idi. Yüksək dəyərləndirilən hadisələri şərhetmə bacarığını intellekt səviyyəsi, liderlik məharəti ilə nümayiş etdirən Prezident İlham Əliyev alternativsiz dövlət başçısı olduğunu məntiqli cavabları ilə təsdiqlədi.
«Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim» sözləri ilə yerli və xarici mətbuata böyük önəm verdiyini çoxsaylı jurnalistlərə müsahibələri ilə bildirən Prezident İlham Əliyev İkinci Qlobal Şuşa Forumunda da hadisələri tarixin, müasir dövrümüzün tələbləri baxımından səbrlə şərh edərək zəngin biliyə malik olduğunu göstərdi.
Suallar müxtəlif sahələri əhatə etsə də, daha çox maraq doğuran, üstünlük təşkil edən məsələ Azərbaycanın bölgədə yaratdığı reallıqlar, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə olan münasibətlər, Ermənistanın silahlandırılması, regionda yeni müharibə təhlükəsi yaratmaq istəyən qüvvələrin mənfur niyyətləri ilə bağlı idi.
İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsinə baxmayaraq, bu gün Ermənistanda, rəsmi İrəvanı dəstəkləyənlər arasında revanşist ideyalarla yaşayanların çoxluq təşkil etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizlə bağlı yayılan «feyk» informasiyalara aydınlıq gətirdi: «Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür.»
Son dövrlərdə Cənubi Qafqaz siyasətində daha da aqressivləşən Fransa, ABŞ kimi bəzi ermənipərəst beynəlxalq təşkilatların «Azərbaycan yeni ərazi iddalarındadır», «Qarabağ ermənilərinin pozulan hüquqlarının qorunması» ilə bağlı təhrikçi çağırışlarının əsassız olduğunu bildirən Prezident İlham Əliyev gələcəkdə yarana biləcək təhlükələri istisna etmir. Bəllidir ki, Cənubi Qafqaz regionunda baş verənləri qeyri-obyektiv açıqlamaları ilə «proqnozlaşdıranların» təsəvvür etdikləri kimi xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Çünki bütün təxribatların qarşısında qüdrətli Azərbaycan amili, Lider qətiyyəti dayanır. Azərbaycan mediası isə bu cür təxribatlara, dezinformasiyalara qarşı mübarizəyə hər zaman hazırdır.
«Mən hesab edirəm ki, bu gün Azərbaycan mediası bu istiqamətdə çox böyük işlər görür. Təbii ki, ümumi istiqamət onsuz da bəlli idi. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Mən işğal dövründə öz çıxışlarımda dəfələrlə deyirdim ki, o gün gələcək, azadlıq günü gələcək, hər birimiz bu günü hər an yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Bu, bizim ümumxalq Qələbəmizdir. Yəni, Azərbaycan xalqı bu Qələbəyə layiq idi» sözlərinin əsas mənbəyini də bildirən dövlət başçımız beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası kimi fundamental hüquqlara əsaslanaraq bildirir ki, biz bu hüququ döyüş meydanında, qan tökərək, şəhidlər verərək qazandıq: «Amma, eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq.»
Respublikamızda baş verən yenilikləri, ölkəmizə qarşı təxribatlara qarşı mübarizənin təşkili, həqiqətlərimizin sübutu üçün müxtəlif dillərdə media resurslarımız, nəşrlərimiz, internet saytlarımız, digər elektron vasitələrimiz fəaliyyət göstərir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, ölkəmizə qarşı açıq informasiya savaşına çıxanlara qarşı tutarlı arqumentlərlə cavablar verilir. İftiralara, böhtanlara, yalanlara baxmayaraq, imzası qədər dəyərli olan Azərbaycanın haqlı səsi eşidilir. Bu sahədə əsas vasitə isə ölkəmizdə sərbəzt fəaliyyət göstərən müstəqil mətbuat, cəmiyyətdə mövcud olan həmrəylik və birlikdir. «Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır» söyləyən Prezident İlham Əliyev son vaxtlarda Afrika ölkələri ilə əlaqələrimizə qısqanclıqla yanaşanlara bildirir ki, COVID19 dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir. Dünyada hələ də insan qırğınları ilə baş verən hadisələrlə bağlı sualı beynəlxalq münasibətlərin qanunları baxımından, «Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, necə deyərlər, öz daxili səbəbləri var» məntiqli açıqlaması ilə cavablandıran dövlət başçımız İlham Əliyev Vətən müharibəsi dövründə Ermənistanla həmrəy olan ölkələrə Azərbaycanın dəyişilməz mövqeyini xatırlatdı: «Biz o ölkələrə göstərməyi bacardıq ki, onların real olaraq həm siyasi, həm iqtisadi və digər maraqları məhz Azərbaycandadır, Ermənistanda yox.» Bu baxımdan ölkəmizin xoş niyyətlərə daim açıq olan xarici siyasəti bütün dünyada dəstəklənir.
Forumda maraq doğuran məsələlərdən biri də fəaliyyəti uğursuzluqla nəticələnən ATƏT-in Minsk qrupu ilə bağlı idi. Ermənistanla Azərbaycan arasındakı «Dağlıq Qarabağ münaqişəsi»nin 30 ilə yaxın davam etməsinin səbəbi yarandığı gündən Minsk qrupunun həmsədr ölkələr arasında rəqabətin güclənməsi, bu «üçlüyün» ermənipərəst mövqeyi idi. Minsk qrupundan daha çox hər iki dövlət rəsmiləri arasında təmas quran, hərəkətverici mexanizm kimi nisbətən ümidverici olan Brüssel formatını diqqətə çatdıran Prezident İlham Əliyev bu formatlar arasındakı fərqi obyektiv baxışları ilə izah edib. «Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur. Ancaq Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, mən onu müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan verən amil adlandırardım. Minsk qrupuna gəldikdə, demək istəyirəm ki, onun fəaliyyətsizliyini mən yox, onlar özləri etdilər.» Çünki Azərbaycanın zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra «Madrid prinsipləri»” adlandırılan sənədin bir çox müddəaları həll edilib. Geosiyasi toqquşma nəticəsində Minsk qrupunun fəaliyyətinə son qoyuldu. «Bu gün Minsk qrupunun yenidən canlandırılması qəbuledilməzdir və biz bunu qəbul etməyəcəyik. Bu qırılmış vazanı yenidən bir yerə gətirmək üçün bu gün müəyyən fikirlər, danışıqlar var. Amma bu, praktiki cəhətdən də mümkün deyil. Eyni zamanda, Azərbaycan buna razı olmayacaqdır. Çünki bizim onların fəaliyyəti ilə bağlı o qədər də xoş xatirələrimiz yoxdur..» Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda belə mövcud ola bilməzlər. Rəsmi İrəvan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir. Onlar bəyanatlarında bəzən bir şey deyirlər, əməldə isə tam fərqli hərəkət edirlər.
Forumda Azərbaycanın siyasi sabit ölkə olması faktı suallarda da əksini tapdı. Rusiya ilə ABŞ silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələrinin, ordu qərargahları komandanlarının, NATO təmsilçilərinin görüşlərinin təşkili üçün Azərbaycanın siyasi sabitlik baxımından nadir məkan olaraq seçilməsi ölkəmizə olan etimadın, etibarın beynəlxalq səviyyədə təsdiqidir. Bu inam onu göstərir ki, daim rəqabətdə, hətta aralarında ziddiyyət olan ölkələrin maraqlarının birləşdiyi məkan da Azərbaycandır. Bu şəraiti formalaşdıran isə daxili və xarici siyasəti humanizm, demokaratik prinsiplərə əsaslanan Azərbaycanı dünyada lider ölkə kimi tanıdan Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətidir.
Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə Fransanın neokolonializm zülmünə qarşı mübarizə vasitəsi olan Bakı Təşəbbüs Qrupunun yaradılması da bütün xalqlarla qarşılıqlı bərabərlik prinspləri əsasında əməkdaşlığa üstünlük verən Azərbaycanın humanitar ieyalara sadiqliyidir. Qəmər adaları, Mayot adası hələ də Fransanın kolonial idarəçiliyi altındadır. Azərbaycanın bu cür humanist təşəbbüslərini çirkin siyasətləri baxımından izah edərək, bu dəstəyi guya «Rəsmi Parisin daxili işlərinə müdaxilə» hesab edən, ölkəmizə qarşı böhtanlar yağdıran, təxribat kampaniyaları aparan, Ermənistanı silah-sursatlarla təmin edən Fransa KİV-lər vasitəsi ilə Azərbaycana qarşı yalan kampaniyasını davam etdirir.
«Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik. Əlbəttə ki, siz Bakı Təşəbbüs Qrupunu qeyd etdiniz. Bu, bir qeyri-hökumət təşkilatıdır. Ancaq bu qeyri-hökumət təşkilatı birgə səylər nəticəsində Azərbaycanda yaradılıb və onlar, məncə, çox yaxşı işləyirlər. Çünki kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar» söyləyən Prezident İlham Əliyev Fransa Prezidentinin yalan tribunası olan «Fiqaro»” və «Le Monde» kimi qəzetləri” obyektivliyə, düzlüyə çağırır.
Forumda ölkəmizə, Azərbaycan iqtidarına qarşı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara münasibətlə bağlı sualı «Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir» sözləri ilə cavablandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, zamanla həqiqət öz sözünü deyir, Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
Qarabağ münaqişəsi ilə bağlı suallar da cavablandırılıb. Sülh sazişinin mətnində qeyd olunan şərtlərin bəziləri ilə bağlı razılıq əldə olunub. Amma rəsmi İrəvanın konstitutusiyasında Azərbaycanın ərazi bütövlüyünə ciddi təhlükə olan dırnaqarası «Dağlıq Qarabağ”ın Ermənistana birləşməsi» ilə bağlı müddəa ləğv edilməsə sülh sazişi mümkün deyil. Böyük Britaniyada keçirilən «Avropa Siyasi Birliyi»nin dördüncü Sammitində Prezident İlham Əliyevlə görüşündən yayınan Ermənistanın baş naziri Nikol Paşinyan hələ də makronların, ABŞ Dövlət Departamenti mənsublarının drijor çubuğu ilə hərəkət edir. Prezident İlham Əliyevin «Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər və bu, bizim üçün tamamilə qəbuledilməzdir. Biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar» sözləri dörd saata yaxın davam edən Şuşa Media Forumunda dövlət başçımıza ünvanlanan çoxsaylı suallara Azərbaycanın maraqları, dövlətçilik mənafeyi baxımından verilən cavabdır.
Xuraman İsmayılqızı, «İki sahil»