27 iyul 2024 14:30
530

Son qərarı kim verəcək: Paşinyan, yoxsa havadarları?

Paşinyan işarə gözləyir

Ermənistanın “Hraparak” saytı baş nazir Nikol Pa­şinyanın BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştirak edib-etməyə­cəyi məsələsinə toxunub. Bildirib ki, Paşinyan məzu­niyyətdən sonra, daha doğrusu, avqust ayında mətbuat konfransı keçirməyə hazırlaşır və o, ölkəsinin noyabrın 11-22-də COP29 sessiyasında iştirak etməklə bağlı dəvət məsələsinə aydınlıq gətirəcək.  

Göründüyü kimi, bu məsələdə Ermənistan gözləmə mövqeyi tutur, daha doğrusu, havadarlarının konkret cavabını gözləyir.  Yəni, onlar Paşinyana COP29-da “iştirak et” desələr, onda o öz nümayəndəsini Bakıya göndərəcək. İştiraka qadağa qoysalar, təbii ki, Ermənistanın nümayəndəsi Bakıya gəlməyəcək. Bu mənada demək olar ki, Paşinyan işarə gözləyir.

Yeri gəlmişkən qeyd edək ki, gürcü politoloq Gela Vasadze Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29-a Ermənistana göndərdiyi dəvəti şərh edərkən deyib ki, Paşinyanın avqustda mətbuat konfransı keçirəcəyi və COP29 üçün Bakıya gedib-getməməsi məsələsinə toxunacağı barədə məlumat sirkə hazırlıqdır: “Sülh prosesi qaydasında getsə, Paşinyan Bakıya gələcək, əks halda yox. Amma Paşinyanın gəlib-gəlməməsinin heç bir əhəmiyyəti yoxdur, mən bunda faciə görmürəm”.

“Azadlıq” radiosunun erməni xidmə­tinə müsahibəsində “Mülki müqavilə” partiyasının üzvü And­ranik Koçaryan Azərbay­canın dəvətini “normal” adlandırıb, lakin  “şərti”ni də bildirib və deyib ki, Ermənistan nümayəndəsi­nin iştirak etməsi üçün Bakı öz ritorika­sını dəyişməlidir. Halbuki, Bakının heç bir ritorikası yoxdur, o, sadəcə, beynəlxalq qanunlar çərçivəsində Cənubi Qafqazda sülh naminə inamlı addımlar atır və Ermənistanı da buna dəvət edir. Məsələn, Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var. Konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir.  Məgər bu, ritorikadır? Amma təcavüzkar ölkə hələ də öz ampluasındadır. Bu mənada rəsmi İrəvanın öz ritorikasına dəyişməyə daha çox ehtiyac var. Yeri gəlmişkən, bu açıqlamadan həmçinin görünür ki, haylar bu məsələni birba­şa olaraq Ermənistan–Azərbaycan mü­nasibətlərinin nizamlanması prosesi ilə əlaqələndirərək, siyasiləşdirməyə, daha doğrusu, şou düzəltməyə çalışırlar.

BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına 70-80 min xarici qonağın Bakıya gələcəyi gözlənilir. Onların arasında ölkə rəhbərləri də olacaq, siyasi xadimlər də, həmçinin bu və ya digər sahələrdə çalışanlar da… COP29 iştirakçı sayına və miqyasına Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir olacaq. Guya Azərbaycanın evsahibliyi edəcəyi mötə­bər tədbir Ermənistan təmsilçisinin iştira­kı olmadan baş tutmayacaq? Təbii ki, baş tutacaq, özü də daha möhtəşəm. Bu mənada Ermənistanın nümayəndəsinin bu tədbirə qatılıb-qatlmamasının heç bir əhəmiyyəti yoxdur.

Amma İrəvanın Azər­baycanın ev sahibliyi edəcəyi tədbirdən imtina edəcəyi halda bir daha təsdiq olunacaq ki, Ermənistan həqiqətən də sülhdə, əmək­daşlıqda maraqlı deyil və Cənubi Qafqazda başda Fransa olmaqla kənar geosiyasi oyunçuların sifarişlərini yerinə yetirməkdə, bununla da bölgəni yenidən müharibəyə sürükləməkdə  israrlıdır.  Son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatların genişləndirməsi də elə bundan xəbər verir. Halbuki, belə bir dönəmdə Qərbin çağırışlarına və ya maliyyə yardımlarına ümid bəsləməyin mənası yoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil