Son günlər anti-Azərbaycan qüvvələr, Qərbin və Avropanın ermənipərəst diplomatları, həmçinin bəzi qərəzli beynəlxalq təşkilatlar ölkəmizə qarşı təzyiq və təhdidləri artırıblar. Onlardan biri də ermənipərəstliyi ilə ad çıxarmış ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kimdir. Belə ki, o, Karneqi Sülh Fondunun təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-ın rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində yenə də yanlış mövqedən çıxış edib. Yəni, o, Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin qayıdış hüququ haqqında ətraflı, özü də cani-dildən danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların haqqında bir kəlmə də söz açmayıb. Bununla da Yuri Kim azərbaycanlılara qarşı növbəti dəfə ayrı-seçkiliyə yol verib. Hətta bundan öncəki “rekord”larını da təzələyib desək, səhv etmərik. Şübhəsiz, bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdən başqa bir şey deyil.
Halbuki, ermənidən betər erməni olan xanım Kim yaxşı bilir ki, Ermənistandan yalnız sonuncu etnik təmizləmə dalğası nəticəsində 300 min azərbaycanlı yurd-yuvasından didərgin düşüb. Odur ki, 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll olunmalıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir.
Yəqin, xanım Kim bilməmiş deyil ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirindən sonra erməni əsilli şəxslər separatçıların təhriki ilə Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edərək Qarabağı könüllü tərk ediblər. Amma 300 min azərbaycanlı yurd-yuvasından zorla çıxarılıb. Yeri gəlmişkən qeyd edək ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcması ötən ilin aprel ayında ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub göndərib, amma məktub hələ də cavabsız qalıb. Halbuki, xanım Kim destruktiv bəyanatlar vermək əvəzinə, birbaşa vəzifə borcu olan həmin məktubun cavablandırılması ilə məşğul olsa daha yaxşı olardı. Olmaya onun buna vaxtı yoxdur? Şübhəsiz, var. Amma di gəl, o, erməni diasporunun ağuşuna elə atılıb ki, erməni diasporunun pul kisələri onun gözlərini elə tutub ki, ənənəvi erməni havalarına oynamaqda davam edir. Əgər belə olmasaydı, Qarabağdan könüllü köçmüş erməni əsilli şəxslərin “hüquqlarının pozulmasına” dözməyəcəyini dəfələrlə vurğulayan xanım Yuri Kim Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna da hörmətlə yanaşardı. Bu xanım unutmasın ki, Azərbaycan da soydaşlarına qarşı edilən haqsızlıqlara dözməyəcək.
Digər tərəfdən, Yuri Kim yaxşı bilir ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı danışıqlar davam edir. Şübhəsiz, belə bir dönəmdə onun bu şəkildə sayıqlaması həmin prosesə zərbə vurmağa hesablanıb. Xanım Kim bu addımı ilə həm də Azərbaycanın ev sahibliyi edəcək dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) kölgə salmağa çalışıb. Çünki o, yaxşı bilir ki, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzdən sonra bu, xarici siyasətimizin ən böyük uğurlarından biridir. Belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz qüvvəsi ilə bərpa etməsini, Qarabağda genişmiqyaslı yenidənqurma, abadlıq-tikinti işlərinə start verilməsini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qaytarılmasını və bütün sahələr üzrə sürətli inkişafını həzm edə bilməyən xanım Yuri Kim isə rəsmi Bakının imza atacaq növbəti uğurlarına qısqanclıqla, başqa sözlə desək, ermənidən betər erməni kimi yanaşır. Bununla da Yuri Kim növbəti dəfə öz kimliyini nümayiş etdirib.
Qvami Məhəbbətoğlu, “İki sahil”