Daha bir alban kilsəsi Tavuşda erməniləşdirilir...
Vaxtilə Cənubi Qafqaza yerləşdiriləndən sonra “böyük Ermənistan” mifik xülyasını reallaşdırmaq üçün ermənilər daim həm torpaqlarımıza, həm də mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikmiş, oğurlayıb özününküləşdirməyə çalışmışlar. Bu proses 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrinin ardınca Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymaqla yanaşı, qısa müddətdə zəbt edilən torpaqlara ermənilərin kütləvi surətdə köçürülməsi siyasəti ilə daha geniş vüsət almışdır. Əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, “erməni vilayəti” adlandırılan inzibati bölgünün aparılmasına nail ola bilmişlər. Sözsüz, himayədarları olmadan onlar bu niyyətlərini əsla həyata keçirə bilməzdilər. Bununla da azərbaycanlıları öz doğma yurd-yuvasından qovmuş, soyqırımına məruz qoymuş, qədim alban məbədlərini özününküləşdirmə işini isə sürətləndirmişlər.
Azərbaycan ərazisi çar Rusiyası tərəfindən işğal olunduqdan sonra isə ermənilər əsrlər boyu davam edən məkrli niyyətlərinə nail oldular. Belə ki, erməni-qriqoryan kilsəsinin təhriki ilə imperator I Nikolay 1836-cı ildə Alban Katolikosluğunu ləğv etdi, onun yerində isə erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya və erməni kilsəsinin Tiflis konsistoriyasının tərkibində olan Gəncə vikariatlığı yaradıldı. Bu, tam qeyri-qanuni olub. Çünki erməni kilsəsi ilə alban kilsəsi dini baxımdan tamamilə ayrı istiqamətlərdir. Maraqlısı odur ki, çar Rusiyasının dövründə Qarabağdakı alban kilsələri erməni-qriqoryan kilsəsinin himayəsinə keçsə də onlar həmin kilsələrdə ibadət etməyiblər. Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunub və orada heç zaman dini ayin icra edilməyib. Belədə ortaya ritorik sual çıxır: Əgər bunlar ermənilərə aid dini məbədlərdirsə, nəyə görə ermənilər bu kilsələrdə heç vaxt ibadət etməyiblər? Məsələn, Xudavəng, Gəncəsər, Ağoğlan kilsələri XIX əsrdə zorla erməni kilsəsinin tabeçiliyinə verildikdən sonra da ermənilər bu kilsələrdə ayin keçirməyiblər, o cümlədən sovet dövründə. İkinci Dünya müharibəsindən sonra dinə qarşı başlayan yumşalma dövründə də bu kilsələrdən istifadə etməyiblər. Qarabağdakı xristianlığa aid dini abidələr erməni kilsəsinə bağlı idisə nəyə görə ermənilər çar Rusiyası və sovet vaxtı bu kilsələrlə heç maraqlanmayıblar? Çünki özlərinki saymayıblar. O kilsələri sovet dövründə də biz qoruyub-saxlamışıq. Yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra ermənilər alban kilsələrini qriqoryanlaşdırıblar, onun interyerində və eksteryerində dəyişikliklər aparıblar. Bunu da Qarabağı zəbt etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədi ilə ediblər. Onlar həmişə Qafqaz Albaniyası kilsələri ilə mübarizə aparıblar. Ona görə də erməni-qriqoryan Kilsəsinin rəhbərləri yalnız işğaldan sonra bu məkrli niyyətlərini həyata keçirmək üçün, bu torpaqlarda qalmaq məqsədi ilə çoxlu sərmayə yatıraraq hərbi istehkamlarla yanaşı, “ideoloji istehkamlar” da yaradıblar. Bir sözlə, özlərinə yoxdan mədəniyyət yaratmaq üçün dini etiqaddan tutmuş mədəniyyət nümunələrinə, tarixi abidələrdən kulinariyaya, coğrafi adlardan tarixi şəxsiyyətlərə qədər bir çox məsələdə zaman-zaman ifşa olunan erməni saxtakarlıqları bu gün də öz “axarındadır”.
Son illər Avropa ölkələrində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Azərbaycanda çoxsaylı müəlliflər tərəfindən erməni saxtakarlıqlarının həqiqi simasının ortaya çıxarılması ilə bağlı tədqiqatlar aparılıb, yüzlərlə kitab, jurnal, məqalə dərc olunub. Ancaq erməni təbliğat maşını yenə də “şakərindən” əl çəkmir, Azərbaycana məxsus İslam dini abidələrini mədəni terrora məruz qoyur, özgəninkiləşdirir, qədim alban-xristian məbədlərini isə özününküləşdirir və bu niyyətinə çatmaq üçün hər cür hiyləyə, fitnəkarlığa əl atmaqdan da çəkinmir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günə Azərbaycan Ordusunun qarşısında diz çökən erməni separatçıları acı məğlubiyyətləri, düşdükləri rəzil durumla barışmaq istəmir və işğaldan azad etdiyimiz ərazilərimizdəki Gəncəsər, Xudavəng, Ağoğlan və s. kimi qədim, tarixi alban kilsələrini həyasızcasına özlərininki elan edirlər. Ermənilərin abidələr üzərində apardıqları saxtakarlığı üzə çıxaran daha bir fakt isə Kəlbəcərin işğaldan azad edilməsindən sonra burada tapılan bir obyekt oldu. Onu əminliklə tarixdə misli görülməyən saxtakarlıq nümunəsi də adlandıra bilərik. Özlərinin bu torpaqların “qədim sakinləri” olduqlarını dünyaya “sübut etmək” üçün hər yola əl atan ermənilərin Kəlbəcərdə “tarix istehsal edən emalatxanalar”ı aşkarlandı. Sən demə, bu illər ərzində erməni daş ustaları üzərinə əski hərflər, işarələr, erməni xaçları əlavə edərək hazırladıqları qədim qəbir daşı formasındakı daşları xüsusi hazırlanmış məhlulun içərisində saxlayırmışlar ki, bir müddət sonra daşlar eroziyaya və rəng dəyişikliyinə uğrasın, dolayısı ilə “qədimiləşsin”. Sonradan isə bu “qədim daşlar” “gələcək arxeoloji qazıntı” şəklində Kəlbəcərdə və işğal etdikləri digər ərazilərimizdə basdırılırmış...
Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən dördünün Azərbaycana qaytarılmasından sonra ermənilər daha çox narahat olmağa başladılar. Bu hadisədən sonra onlar alban kilsələrinə qarşı erməniləşdirmə, qriqoryanlaşdırma siyasətini daha da gücləndirib. Tavuş rayonunun Kirants kəndində yerləşən Müqəddəs Üçlük kilsəsində dini abidənin “görkəmini korlayan lazımsız fraqmentlərin sökülməsi işləri aparılıb”. Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Departamentinin, eləcə də “Mədəniyyət-Tarixi Muzey-Qoruqların və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti” MMC-nin əməkdaşları sonrakı “bərpa işlərinin metodikası” ilə bağlı müvafiq göstərişlər veriblər. Qeyd olunur ki, məbədin “bərpası” və “abadlaşdırılması” işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Ermənistanın Tavuş rayonunun Kirants kəndində olan alban kilsəsinin üzərindən "artıq elementləri" sökürlər. Yəni, kilsənin üzərindəki, daxilindəki alban memarlığı elementlərini qaşıyıb əvəzinə saxta elementlər əlavə edirlər.
Nəticə etibarilə deyə bilərik ki, ermənilərin, onların havadarlarının yalanlar, saxtakarlıqlar üzərində qurmaq istədikləri “böyük Ermənistan” və bu mif uğrunda göstərdikləri bütün səylər qumdan ev tikmək xülyasından başqa bir şey deyil. Tarix də, tarixi tikililər də, toponimlər də Ermənistanın saxta tarixi iddiaları, erməni xalqının öz sayından və potensialından dəfələrlə böyük olan iddiaları ilə deyil, həqiqətlərlə, reallıqlarla müəyyənləşir.
Sevinc Azadi, “İki sahil”