Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşlərini keçirəcək.
“İki sahil” xəbər verir ki, kişilərdən ibarət yığma Litva ilə qarşılaşacaq.
Qadınlardan ibarət milli isə Vyetnam ilə üz-üzə gələcək.
Qeyd edək ki, kişilərdən ibarət yığma buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana uduzub - 1:3. Hesabında 8 xal olan komanda 9-cu pillədə qərarlaşıb.
Qadınlardan ibarət komanda isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2. Milli 8 xalla 11-ci pillədə yer alıb.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.