21 noyabr 2017 15:16
1490

Azərbaycan xalqının xoşbəxt gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır

1990-cı il 20 Yanvar faciəsindən sonra Sovet imperiyasının dağılması ilə müşayiət olunan hadisələrin fonunda Azərbaycanda yeni siyasi qurumların meydana gəlməsinə ciddi  ehtiyac yarandı. Qısa müddət ərzində bir neçə partiya və siyasi təşkilat meydana çıxdı. Lakin bu partiyalar ölkəni düşdüyü ağır iqtisadi, ictimai-siyasi böhrandan nəinki qurtara bildi, əksinə,  respublikada vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran həddinə çatdırdılar. 1990-1993-cü illərdə Azərbaycanda siyasi, iqtisadi, sosial vəziyyət olduqca ağır və acınacaqlı idi. Ölkəni bürümüş xaos, anarxiya və özbaşınalıq, ayrı-ayrı qanunsuz  silahlı  qruplaşmaların hakimiyyət davası bütün sahələri iflic vəziyyətinə salmışdı, sabitlik tamamilə pozulmuşdu. Mənəvi dəyərlər, mədəniyyət, elm və təhsil də yaddan çıxmışdı, insanlarda sabaha inamsızlıq və ümidsizlik  sindromu yaranmışdı. Çörək növbələri gecəyarıya qədər davam edirdi. Cinayətkarlıq baş alıb gedir, qanunlar işləmirdi. Cəmiyyətdə o vaxtkı iqtidara qarşı etimadsızlıq formalaşmışdı. Hakimiyyəti silahlı çevrilişlə ələ keçirmiş səriştəsiz və nadan AXC-Müsavat cütlüyü ölkəni idarə etməyi bacarmırdı. Ölkədə qarşıdurma getdikcə güclənir, vətəndaş müharibəsi günbəgün yaxınlaşırdı. Gəncədə Surət Hüseynova tabe olan  hərbi qiyamçılar qardaş qanı axıdırdılar. Belə vəziyyətdən sui-istifadə edən antiazərbaycan qüvvələr, həmçinin xarici ölkələrin casus şəbəkələri ermənilərlə və daxili pozucu qüvvələrlə əlbir olub, respublikanı parçalamaq kimi mənfur planı həyata keçirməyə çalışırdılar. Digər tərəfdən, Ermənistan vəziyyətdən istifadə edərək işğalı daha da genişləndirirdi.  Azərbaycan kövrək müstəqilliyini itirmək və  bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə ağır bir vaxtda xalqın yeganə ümidi Heydər Əliyev idi. Azərbaycanı çulğayan dərin böhran xalqın ziyalı təbəqəsini, tanınmış ictimai-siyasi xadimləri narahat edirdi. Azərbaycanın taleyi üçün dərindən narahat olan insanlar ölkəni xaosdan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət edildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin həyəcanlı  ifadəsi idi. Bu hərəkatın məramı, məqsədi milyonlarla vətəndaşın Heydər Əliyevə olan ümumxalq etimadını ifadə etmək idi. Qısaca desək, həmin ziyalıların amalı  xalqla Heydər Əliyev birliyinin sarsılmazlığını, bu birliyin xalqın milli iradəsinə əsaslandığını bəyan etməkdən ibarət olmuşdu. “91-lər”in məqsəd və məramı XALQ - HEYDƏR birliyinin tarixi, milli, siyasi və sosial sifariş olduğunu geniş ictimai fikrə və sosial-siyasi rəyə daxil etməkdən  ibarət idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, görkəmli siyasətçi, mahir diplomat, müdrik  dövlət xadimi  ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Dahi rəhbər xalqın müraciətini qəbul etdi. Ümummilli lider Heydər Əliyevin ziyalılara cavabı əslində  mahiyyətcə onun dövlətçilik, idarəçilik,  quruculuq, islahat və inkişaf platforması idi. Həmin dövrdə Heydər Əliyevin Bakıya gəlməsinə o zamankı hakimiyyətin mane olması ucbatından partiyanı yaratmaq istəyən ziyalıların bir dəstəsi, yəni  500 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, təsis konfransını orada keçirdi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə baş tutdu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar verdi, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda  böyük dövlət xadimi Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlandı.  YAP-ın ölkənin siyasi həyatında  tutduğu mövqe daha da möhkəmləndi və o,  kütləvi siyasi qüvvəyə çevrilərək,  cəmiyyətin  bütün sahələrində fəallıq nümayiş etdirdi. Xalqın buna qarşılığı olaraq keçirilən parlament seçkilərində Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyəti  Yeni Azərbaycan Partiyasının üzvləri oldu. Tarix üçün çox qısa zaman kəsiyində ölkədə əmin-amanlıq yaradıldı, qayda-qanunlar bərpa olundu, ən başlıcası isə Dağlıq Qarabağda müharibə dayandırıldı, atəşkəs razılaşması əldə edildi. Azərbaycan sivil dünyaya inteqrasiya etdi, nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu.

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirdi ki, partiya özünün yubileyini misli görünməmiş nailiyyətlərlə qarşılayır. Ötən 25 ildə partiya böyük və zəngin inkişaf yolu keçərək xalqın etimadını tamamilə qazanıb. Xalq YAP-a inanır və dəstək verir. Ona görə də Azərbaycanda YAP-a alternativ partiya və ya siyasi qüvvə yoxdur.

Prezident İlham Əliyev təntənəli yığıncaqdakı nitqində vurğuladı ki, “İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaqdır. Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır... Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir”.

2003-cü ildən Prezident İlham Əliyevin bütün sahələrdə apardığı dərinləşdirilmiş islahatlar Azərbaycanı dünyanın 200-ə qədər ölkəsi arasında 35-ci pilləyə qaldırdı. Qısa müddətdə bu qədər yüksəliş aparılmış son dərəcə ağıllı iqtisadi siyasət nəticəsində mümkün oldu. Məhz bu cür iqtisadi yüksəliş Azərbaycanı  çox qısa müddətdə Cənubi Qafqazın lider dövlətinə çevirdi. Ölkəmiz bir neçə beynəlxalq miqyaslı iri iqtisadi layihənin təşəbbüskarı və müəllifi oldu. İndi regionda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə həyata keçirilə bilməz.

YAP-ın 25 illiyi ilə bağlı keçirilən  təntənəli yığıncaqda Prezident İlham Əliyev bu problem haqqında bildirmişdir: “Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün  ölkələr  Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır”

Vəli İlyasov, “İki sahil”