19 sentyabr 2024 23:18
315

İrəvanın böyük Ermənistan planları gorbagor oldu

Ermənilərin 1894-1896-cı illərdə  Türkiyə ətazisində törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin hadisələrin iştirakçısı olan  400 min nəfər erməni Cənubi Qafqazın müxtəlif regionlarına köçmüşdü. Onların əksəriyyəti əlində silahla gəlmişdi. Türkiyədən gəldikləri zaman onlar üçün giriş qapısı azərbaycanlıların yaşadıqları indiki Ermənistan ərazisi olub. Aydındır ki, həmin ərazidə azərbaycanlılar yaşadığından və torpaqlar onlara məxsus olduğundan ermənilərin məskunlaşmaları üçün yer yox idi. Onlar əsasən İrəvanda məskunlaşmağa cəhd göstərirdilər. Çünki şəhərdə yer tapmaq nisbətən asan idi. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-1920-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir.  İran və Türkiyədən köçürülüb məskunlaşan ermənilər açıq separatçılıq hərəkatına start verdilər. Bu separatizm çar hökumətini narahat edirdi. Çünki həm Türkiyədə, həm də Qafqazda muxtariyyət əldə etməyə çalışan ermənilər sonrakı mərhələdə bu muxtariyyətləri birləşdirərək vahid Ermənistan dövlətini yaratmağı hədəfə almışdılar. Erməni şovinizminin, millətçi erməni partiyalarının, onların nəzdindəki silahlı dəstələrin maliyyə mənbəyi və silah anbarı rolunu erməni kilsələri məharətlə oynayırdı. Erməni kilsəsinin və separatizminin Rusiyanın özünə qarşı da ərazi iddiaları irəli sürməsi, Şərqi Anadoludan Voronejə kimi bir ərazidə “böyük Ermənistan” dövlətinin qurulması ilə bağlı iddialarından sonra Çar Rusiyası ciddi narahatçılıq keçirməyə başladı. 1903-cü ildə Çar Rusiyası Qafqazın guya böyük Ermənistan ərazisinin bir hissəsinin olması ilə bağlı dərslərin tədris olunduğu erməni məktəblərinin bağlanması, kilsə mülkiyyətinin Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında qərar çıxardı. Həmin qərar kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə ciddi zərbə vurmuşdu.

Bu hadisə erməni terroruna rəvac verdi. Ermənilər Çar Rusiyasının bütün hakim dairələrinə ultimatum göndərdilər ki, həmin qərar yerinə yetirilməyə başlasa, yetkili şəxslərə qarşı terror həyata keçiriləcək. Buna əməl də etdilər. İrəvanda, Qarsda çar məmurlarına qarşı terror hadisələri törədildi. Burada həm də məqsəd ondan ibarət idi ki, azərbaycanlılara qarşı gələcəkdə kütləvi qırğın törədiləcəyi təqdirdə hakim dairələrin buna mane olmalarının qarşısı alınsın. Sonrakı dövrdə Bakı qubernatoru Nakaşidzeni, Gəncənin vitse-qubernatoru Andreyevi öldürdülər. Bu şəxslər ermənilərin etnik təmizləmə siyasətinə maneçilik yaradan məmurlar idi. Bu yolla çar məmurlarının gözlərini qorxuda bildilər.

1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları qızışdı. Ermənilərin silahlı dəstələri çoxdan hazır olmalarına rəğmən azərbaycanlılar M.S.Ordubadinin təbirincə desək, qəflət yuxusunda idilər. Bu qırğınlar bir təsadüf nəticəsində deyil, məhz bütün Cənubi Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Bakıda ermənilərin əsas məqsədi neft mədənlərini ələ keçirmək idi. Çünki neft mədənləri erməni siyasi partiyalarının, erməni terrorçularının maliyyə mənbəyi rolunu oynayırdı. 1905-1906-cı illərdə ermənilər Bakıda üç, İrəvanda isə dörd dəfə qırğın törətdilər. Ümumiyyətlə isə 1905-1907-ci il qırğınlarının törədilməsində əsas məqsəd etnik təmizləmə nəticəsində erməni anklavları yaratmaq, sonra isə bu anklavları birləşdirməklə vahid erməni dövlətini elan etmək idi.

1905-1906-cı il hadisələri barəsində M.S.Ordubadi yazırdı ki, ermənilərin məqsədi odur ki, Xankəndidə çiyninə silah alan bir erməni qarşısına bir müsəlman çıxmadan İrəvana kimi gedə bilsin. Təəssüf ki, 1905-1907, 1918-1920-ci illərdə xəyallarını gerçəkləşdirə bilməyən ermənilər 1988-1993-cü illərdə buna nail ola bildilər. Mərhələ-mərhələ həyata keçirilən qeyri insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Prezident İlham Əliyev ermənilərin 200 illik “böyük Ermənistan” planlarını darmadağın etdi. Azərbaycan son 200 illik tarixində işğallara məruz qaldığı halda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ilk dəfə öz torpaqlarını işğaldan azad edə bildi. Vətən müharibəsindən əvvəlki dövrdə də Azərbaycan-Ermənistan münaqişəsi mövzusunda danışarkən Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövləti olmayacaq. Torpaqlarını işğaldan azad etməsi və Ermənistanla sərhədlərin nəzarətə alınması heç də daxildə qara yara kimi qalmış erməni separatizmi problemini bitirməmişdi. Yəni, zamanı yetişməmişdi. Prezident İlham Əliyevin dediyi “Nəyi, necə və nə zaman etmək lazımdırsa, mən bilirəm” ifadəsinin doğruluğunu zaman sübut etdi. Ali Baş Komandan  Prezident İlham Əliyev müharibənin başa çatdığı üç ilə yaxın bir zamanda beynəlxalq müstəvidə məsələləri çox diplomatik formada tənzimləyərək sentyabrın 19-da ermənilərin törətdiyi mina terrorunun cavabı olaraq antiterror tədbirlərinin keçirilməsinə tapşırıq verdi. Ordumuz 24 saata yaxın bir müddətdə Ermənistanın 10 min qeyri-qanuni silahlısının tutduğu mövqelərin böyük bir hissəsini məhv etməklə separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Ermənistanın “böyük Ermənistan” xülyalarına birdəfəlik nöqtə qoyuldu.  Bu gün Azərbaycan erməni separatizminin yuvasını dağıtmaqla özünün bütün suverən ərazilərində konstitusion dövlət quruluşunu bərpa edib. Üçrəngli Bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda da ucaldılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində  ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edilib. Azərbaycan bu illər ərzində təkcə Ermənistana qarşı vuruşmayıb, həm də Ermənistanı dəstəkləyən böyük güclərə qarşı mübarizə apararaq öz ədalətli haqqını bərpa etdi. Dünyada Azərbaycan kimi ədaləti öz gücü ilə bərpa edən dövlətlər çox azdır. Biz bu imzanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında atdıq.

Şəmsiyyə Əliqızı, “İki sahil”