"Sevilya" klubunun futbolçusu, İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olan Xesus Navas dekabrda karyerasını bitirmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Canal Sur Radio"ya danışıb.
38 yaşlı vinger buna səbəb kimi xroniki ağrılardan əziyyət çəkdiyini göstərib. Onun sözlərinə görə, ombasındakı ağrılar səbəbindən oyunlardan sonra bir neçə gün yeriməkdə çətinlik çəkir və getdikcə bu durum daha da ağırlaşır. Lakin futbolçu dekabra qədər "Sevilya"da karyerasına davam etmək istəyir.
Qeyd edək ki, X.Navas karyerası ərzində "Sevilya" ilə yanaşı, İngiltərənin "Mançester Siti" klubunda da oynayıb. O, 2013-2017-ci illərdə formasını geyindiyi Mançester təmsilçisinin heyətində meydana çıxdığı 123 oyunda 4 qol vurub. Futbolçu "Sevilya"nın heyətində ümumilikdə 692 oyun (2003-2013, 2017-2024) keçirib.