20 sentyabr 2024 09:38
67

TAP hidrogenin nəqli üçün yeni sınaq mərhələlərinə hazırlaşır

Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu hidrogen daşınmasına hazırlıq üçün boru kəmərinin materiallarını sınaqdan keçirir.

“İki sahil” Trend-ə istinadən xəbər verir ki, bu barədə TAP AG konsorsiumundan məlumat verilib..

2021-ci ildə hidrogen tədarükünə hazırlıq üzrə ilkin tədqiqatlar TAP-ın gələcəkdə hidrogen qarışıqların nəqlinə imkan verəcəyini təsdiqləyib.

"Lazımi sınaq obyektlərinin inkişafına sərmayə qoyaraq, hazırda boru kəməri materiallarını sınaqdan keçiririk. Plan üzrə irəliləyirik və 2024-cü ilin 3-cü rübündə boru kəmərinin dəniz hissəsi üçün ilk nəticələri gözləyirik. Nəticələr təhlil ediləcək və 2024-cü ilin 4-cü rübündə sınaqları davam etdirməyi planlaşdırırıq", - konsorsiumdan bildirilib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin Avropa hissəsi olaraq, hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstana və Bolqarıstana isə 1 milyard kubmetr qaz tədarük edir. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazının Avropaya tədarükü başlanıb. TAP ilə Azərbaycanın təbii qazı tarixdə ilk dəfə boru kəmərləri ilə Avropa bazarına ixrac olunub. Avropa bazarına birbaşa çıxış əldə edən Azərbaycan təbii qaz ixracını diversifikasiya edib.