2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində xalqımızın ilk dəfə olaraq torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, artıq 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış, eyni zamanda viran qoyulmuş Qarabağ İqtisadi Zonasında yerləşən rayonların bərpa və yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı.
Azərbaycan Respublikasının əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirmək idi.
Bu baxımdan, təsadüfi deyil ki, keçdiyimiz üç ildə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilirdi. Görülən hər bir iş, atılan hər bir addım əlbəttə ki, məntiqi sonluğa hesablanırdı.
Belə ki, son 30 ildə torpaqlarımız və suverenliyimizin bərpasına yönəlik fəaliyyətimiz 2020-ci ilin noyabr ayında bitən İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ilin 20 sentyabr günündə hər birimizin həsrətində olduğu qədim Xankəndi şəhərinin separatçılardan təmizlənməsi ilə taclandı. Ölkə başçısının 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetin açılışı zamanı çıxış nitqində səsləndirdiyi kimi, “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.”
Bu il artıq xalqımız bizim üçün xüsusi əhəmiyyət kəsb edən 20 sentyabr tarixini Azərbaycan Prezidentinin Sərəncamına əsasən böyük coşqu və qürurla Dövlət Suverenliyi Günü kimi qeyd edir. Bu əlamətdar gündə Prezident İlham Əliyevin məhz Xankəndi şəhərinə səfər etməsi, orada yeni təsis olunmuş Qarabağ Universitetində yaradılan şəraitlə tanış olması, professor-müəllim heyəti və gənc tələbələrlə görüş keçirməsi dövlət başçımız tərəfindən elmə, təhsilə, eləcə də sülhə, sabitliyə, tərəqqiyə verilən dəyərin bariz nümunəsidir.
Ümumiyyətlə, kadr potensialının hazırlanmasında inkluzivliyin təmin olunması, yeni texnologiya və innovasiyaların idarə olunması, bölgənin spesifik xüsusiyyətlərinin mənimsənilməsi mükəmməl idarəçilikdə, eyni zamanda bu günki günün çağırışlarında əsas şərtlərdəndir.
Beləliklə, Dövlət Suverenliyi Günündə öz fəaliyyətinə başlamış Qarabağ Universiteti bir tərəfdən Azərbaycan tarixində Azərbaycana qarşı həyata keçirilmiş vandallıqları araşdıraraq xalqımızın igid, qəhrəman övladlarının şücaəti ilə bərabər tariximizin öyrənilməsini, digər bir tərəfdən isə yeni, müasir çağırışlara əsaslanan Azərbaycanın davamlı və gələcək inkişafının təminatçısına çevriləcək kadrların hazırlanmasını, gənclərimizin ixtisaslaşmasını uğurla həyata keçirəcəkdir.
Şübhəsiz ki, qürurlu və güclü xalqımız, vətənsevər Azərbaycan gəncliyi əldə etdiyimiz Qələbələri, suverenliyimizi əbədi etmək üçün yaxşı oxuyaraq, keyfiyyətli təhsil alaraq, bundan sonra da yeni zirvələr qət etməli, yenilməz Azərbaycan Sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını davamlı etməklə, daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirməlidir.
Məzahir Əfəndiyev,
Milli Məclisin deputatı