Bakı şəhər Gənclər və İdman idarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı Çempionatına start verilib. Dörd gün davam edəcək yarışlarda stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi və qarışıq komanda yarışları keçiriləcək.
“İki sahil” xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışlarda müxtəlif idman klublarını təmsil edən 50-dən çox idmançı çempionluq uğrunda mübarizəyə qoşulacaqlar. Bütün növlərdə və kateqoriyalarda final mərhələsi Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) ən son qaydalarına əsasən keçiriləcək.
Yarışların təşkilində əsas məqsəd atıcılıq idman növünün təbliği və bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, perspektivli idmançıların aşkar olunması və növbəti il üçün beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək atıcılıq üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır.
Məlumat üçün bildirək ki, 25 sentyabrda idmançıların rəsmi təlim-məşq prosesi, 26-27 sentyabrda dairəvi və səngər stend atıcılığı üzrə qadınlar və kişilər arasında fərdi yarışlar və final görüşü, 28 sentyabrda isə qarışıq komanda yarışları keçiriləcək. Yarışlardan sonra isə qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.