Son günlər ABŞ-ın müxtəlif qurumları, həmçinin rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh prosesinə hərtərəfli dəstək və töhfə verməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər. Əslində isə ən yüksək səviyyədə telefon zənglərinə ara verməyən, həmçinin öz nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərini təşkil edən rəsmi Vaşinqton ikiüzlü siyasət yürütməkdədir. Bununla da sözügedən dövlətin rəsmiləri iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə, Cənubi Qafqazı müharibəyə sürükləməyə çalışırlar.
Elə bu günlərdə ABŞ-in vitse-prezidenti, ermənipərəst Kamala Harris prezidentliyə namizəd qismində Amerikanın erməni icmasına ünvanladığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad etməsi bunu bir daha sübut edir. Halbuki, o, çox yaxşı bilir ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Status məsələsi də həmçinin. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi başa çatandan sonra, yəni 2020-ci il noyabrın 10-da statusun yerini bütün dünyaya, o cümlədən ABŞ-a göstərib. Şübhəsiz, erməni lobbisinin təsiri altında olan Kamala Harrisin separatçılıq və işğalla assosiasiya olunan belə bir termindən istifadə etməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Belə bir “ixtiyarı” isə ona kimsə verməyib.
Digər tərəfdən, bu xanımın qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Halbuki Qərbi Azərbaycana qayıdış xalqımızın mənəvi və tarixi haqqıdır. Prezident İlham Əliyev dəfələrlə bu məsələni vurğulayaraq bildirib ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaq və bu proses beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh və ədalət yolu ilə həll olunmalıdır. Bu mənada Ermənistanın bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, Azərbaycan ərazilərini otuz il işğal altında saxlayaraq talan etməsinə və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verməməsinə göz yuman Harrisin, həmçinin onun ölkəsinin bu kimi məsələlərdən danışmağa əsla mənəvi haqqı yoxdur. Bütün bunlar göstərir ki, o, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyini təmin etməsini qəbul etmək istəmir. Çünki Harris elə düşünür ki, ABŞ dünyanın super gücü olduğu üçün beynəlxalq normalara əməl etməyə bilər.
Yeri gəlmişkən qeyd edək ki, Kamala Harris prezidentliyə namizədliyini açıqlayanda ABŞ-ın ən böyük erməni lobbi təşkilatı olan və böyük imkanlara malik Amerika Erməniləri Milli Komitəsinin (ANCA) hədəfinə “tuş” gəlmişdi. Belə ki, sözügedən qurum Harrisə qarşı "ultimatum" irəli sürərək bildirmişdi ki, onların "şərt"lərini (Azərbaycana qarşı hansısa "sanksiya"lar tətbiqi, ermənilərin Qarabağa qaytarılması və s.) yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər. Elə bu səbəbdən də ABŞ-dakı erməni lobbisinin səsindən, imkanlarından seçkilərdə yararlanmaq üçün Kamala Harris onların çaldıqları havaya oynamağını davam etdirməklə növbəti dəfə özünün ermənipərəst mövqeyini ortaya qoyub. Bir sözlə, o, hələ prezident seçilməmişdən öncə ermənilərin istəklərini reallaşdırmağa başlayıb. Hətta bu xanım sentyabrın 21-də Ermənistanın Müstəqillik Günü münasibətilə təbrikində təcavüzkar ölkəni dəstəkləməkdə davam edəcəyini də bildirib. Bununla da Cənubi Qafqazda sülhə qənim kəsildiyini açıq-aydın nümayiş etdirib. Elə ermənipərəst konqresmenlərin ABŞ Konqresində “Azərbaycanın Qarabağa təcavüzü” ilə bağlı cəfəng aktı müzakirəyə çıxarmaları da Kamala Harris və onun kimi “düşünənlərin” təxəyyülünün məhsuludur desək, yanılmarıq. Bu isə Harrisin ermənidən çox erməni, Baydendən çox ermənipərəst olduğuna dəlalət edir. Şübhəsiz, bu, həm də Harrisin timsalında Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq məqsədindən xeyli uzaq olan ABŞ-ın, eləcə də Qərbin bölgədə gərginlik yaratmaq ssenarisinin tərkib hissəsidir. Elə bütün bunların nəticəsidir ki, hazırda arxalı köpəyə çevrilən Ermənistan Azərbaycanın tələblərinə əməl etməyə tələsmir, sülh sazişi ilə bağlı bir-birini təkzib edən, avantürist açıqlamalar verir. Azərbaycan isə Ağ Evdən hələ də Cənubi Qafqazda cərəyan edən proseslərə səmimi, vicdanlı, həm də qərəzsiz münasibət gözləməkdədir.
Qvami Məhəbbətoğlu, “İki sahil”