Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün belə bir həqiqəti ortaya çıxardı ki, beynəlxalq hüquq normaları, insan azadlıqları beynəlxalq aləm üçün ikinci, hətta sonuncu məsələdir. Əsas olan maraqlar və mənafelərin təmin edilməsidir. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyib, əksinə, müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları edib.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf edib. Odur ki, Qərbin Ermənistanı slilahlandırması İrəvanı Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinatı üzrə, yəni fövqəladə vəziyyətdə mülki vətəndaşların təxliyəsinin təşkilinə xəclənməyəcəyi də sirr deyil. Hayastanın həmin maliyyə vəsaitini Fransadan və Hindistandan öldürücü hücum silahlarının alınmasına yönəldəcəyi gözlənilir. Ermənistanda hələ də Azərbaycana qarşı ərazi iddiası irəli sürən separatçılar “Artsax nümayəndəliyi”nin təmsilçisi kimi fəaliyyət göstərir. Rəsmi İrəvan və havadarları buna da göz yumurlar. Görünən odur ki, Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır. Dünyanın istənilən yerində qaynar bir nöqtənin, münaqişənin olması Qərb üçün əlverişlidir. Çünki həmin regiona nüfuz edir, öz təsir dairəsini yaradır. Necə ki, Fransa illərlə Afrika qitəsində hökmranlıq edib, sərvətlərini talamaqla məşğul olub. Nəticədə bu gün Afrika xalqları yoxsulluq içində yaşayırlar, qitəni xəstəlik bürüyüb.
Deputat diqqətə çatdırıb ki, bəzi qərəzli Qərb ölkələrinin ardınca Şotlandiya da anti-Azərbaycan siyasətinə qoşulub. Şotlandiya Milli Partiyasının üzvü Kennet Gibson “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təşəbbüs layihəsi (motion) irəli sürüb. Şotlandiya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilən bu layihədə Azərbaycana qarşı əlaqəsiz, əsassız və tutarsız ittihamlar irəli sürülüb. Bildirilib ki, Birinci Qarabağ münaqişəsinə son qoyan Bişkek protokolunun bu il 30-cu ildönümüdür: “2020-ci ildə Azərbaycanın başlatdığı İkinci Qarabağ müharibəsi mübahisəli regionun böyük bir hissəsinin işğalı ilə başa çatdı. Laçın dəhlizinin uzunmüddətli blokadasından sonra Azərbaycanın 2023-cü ildə reallaşdırdığı hücum Artsax Respublikasının ləğv edilməsi və burada daimi yaşayan erməni əhalinin qovulması ilə nəticələnib. Regiona nəzarəti ələ keçirdikdən sonra Azərbaycanın etnik ermənilərin bütün izlərini, o cümlədən erməni mədəni və dini irsini sistemli şəkildə silməsi, Azərbaycan tərəfindən ermənilərə qarşı nifrət nitqi və ərazi iddialarının səsləndirməsi gərginliyi artırır. Erməni xalqı əsrlər boyu, xüsusilə Birinci Dünya Müharibəsi zamanı və ondan sonrakı illərdə Osmanlı imperiyası tərəfindən soyqırıma məruz qalıb. Qeyd olunanları nəzərə alaraq, Şotlandiya Parlamenti regionda ədalətli və davamlı sülh arzu etdiyini ifadə edir”.
K.Bayramov vurğulayıb ki, hazırda layihəyə Şotlandiya parlamentinin 8 üzvü (Milli Partiyadan 6 və Leyboristlər Partiyasından 2 nəfər) qoşulub. Ermənistanın Britaniya parlamentində ən yaxın havadarlarından olan Kris Lounun Şotlandiya Milli partiyasının üzvü olması bu təşəbbüsün erməni lobbisinin fəaliyyətinin nəticəsi olduğunu göstərir. Anti-terror tədbirlərinin ildönümü ərəfəsində Ermənistan və ermənipərəst qüvvələrin müxtəlif platformalarda fəallaşacağı gözlənilən idi. Diqqətə almaq lazımdır ki, 2017-ci ildə Şotlandiya parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edildikdən sonra Ermənistan havadarları Ermənistan lehinə də belə bir qərarın qəbul olunmasına cəhd göstərirlər.
Digər tərəfdən, Şotlandiya Milli Partiyası 4 iyuldan keçirilmiş parlament seçkilərində 47 yerdən 38-i itirib ki, partiya üzvləri bu vasitə ilə siyasi müstəvidə aktuallıqlarını qoruyub saxlamağa çalışırlar.
Kamran Bayramov əlavə edib ki, Birləşmiş Krallığın subyektləri regional muxtariyyətə malik olsalar da, bu cür təxribatlar Azərbaycan-Birləşmiş Krallıq dostluq və əməkdaşlıq əlaqələrinin ruhuna uyğun gəlmir. Cünki, iki ölkə arasında sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətləri var.1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş bu sahədəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür.