26 sentyabr 2024 12:25
309

ABŞ-ın Azərbaycana aid siyasəti həmişə ikiüzlü olub - ŞƏRH

Müasir dövrümüzdə dünyada baş verən siyasi hadisələrə və proseslərə diqqətlə nəzərə yetirdikdə müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyinin həyata keçirilməsi prosesinin “demokratiya” adı altına reallaşdığını görərik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, böyük dövlətlər kiçik və müstəqillik yolu ilə irəliləyən dövlətləri yönəltməyə və özlərinin geosiyasi maraqlarını təmin etməyə çalışırlar. Bunun üçün “Soros”, “Marşall” fondları təsis olunub, “Freedom House”, “Amnesty International” kimi qeyri-hökumət təşkilatlarından sui-istifadə olunur.

Ermənistanda baş verən rəngli inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan “iqtisadi inkişaf”, “çiçəklənmə” kimi şirin vədlərlə xalqın başını aldatdı, nəticədə nə inkişaf oldu, nə də çiçəklənmə. Bu gün Ermənistanın baş naziri xalqdan əvvəl onu hakimiyyətə gətirənlərin sifarişini yerinə yetirmək məcburiyyətindədir. Əgər N. Paşinyan bunu etməsə, onda növbəti rəngli inqilabla onu asanlıqla devirib yerinə başqa “sözəbaxan” baş nazir gətirə bilərlər. Əsl həqiqətdə isə Qərbin siyasi institutlarını erməni xalqının sosial-iqtisadi və demokratik şəraitdə yaşaması deyil, korporativ maraqları düşündürür.

Qərb Ermənistan vasitəsilə regiona müdaxilə etməyə çalışır

Ötən həftə ATƏT-in Helsinki komissiyasının təşkilatçılığı ilə ABŞ-da keçirilən dinləmələr Ermənistan mövzusuna həsr olunmuşdu. Beynəlxalq Sülh Naminə Karnegi Fondunun (Carnegie Endowment for International Peace) vitse-prezidenti Den Bayer çıxışında bildirdi ki, ABŞ Ermənistanın Avropa İttifaqı (Aİ) ilə daha da yaxınlaşması üçün imkanları artırmalı və Ukrayna kimi, onu da silahlandırmalıdır. Ermənistanı “uzun yol” gözləyir və bu yol onu “asılılıq”dan azad edərək inkişaf yönəldəcək. D. Bayerin çıxışından aydın şəkildə görünür ki, Qafqaz regionunda sülhün və əmin-amanlığın hökm sürməsi ABŞ-ın geosiyasi maraqlarına uyğun deyil. Çünki sabit regiona müdaxilə etmək olduqca çətindir. Əvvəlcə sabitliyi pozmaq, sonra isə “demokratiya” və “sülh” yaratmaq adı altında regiona müdaxilə edib qurulacaq yeni hökuməti yönəltmək planları qurulur. Bunun üçün isə Ermənistanın silahlandırılması zəruridir və bu prosesi ABŞ öz “adamı” N. Paşinyan vasitəsilə həyata keçirməyə cəhd göstərir. Mexanizm çox sadədir. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra N. Paşinyan Qərbə Ermənistanın təzyiq altında yaşadığı və silah yardımının göstərilməsi barədə müraciətlər edir. Məhz bu müraciətləri əlində əsas tutan Qərb Ermənistan vasitəsilə regiona müdaxilə etməyə çalışır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq rəsmi İrəvanın deyil, Qərbin istəyidir.

ABŞ-ın hansı siyasi texnologiyadan istifadə etdiyini anlamaq o qədər də çətin deyil. Əvvəlcə ABŞ milyarderi Corc Sorosun fondu söz və mətbuat azadlığını “dəstəkləmək” adı altında külli miqdarda pul ayıraraq ictimai rəydə hakimiyyətin mənfi obrazını yaradır. Məsələn, Soros Fondunun hesabatına görə, 2018-ci ilədək bu qurum Ermənistanda 200 qeyri-hökumət təşkilatına 48 milyon dollar vəsait ayırıb. Bunun 5 milyon dolları media subyektlərinin “inkişafı”na xərclənib. Əhalisinin 23 faizi yoxsulluq səviyyəsində yaşayan Ermənistanda bu pullar sosial-iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına da yönəldilə bilərdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, xalqın sosial məsələləri Qərbi qətiyyən düşündürmür. Onları “rəngli inqilab” və hakimiyyət dəyişikliyi düşündürür ki, geosiyasi maraqlarını reallaşdıra bilsinlər.

Bəs Qərbin dəstəyi ilə hakimiyyətə gələn N. Paşinyan nə etməlidir? Bu suala qədim bir misalla cavab vermək olar: “Ağa deyir sür dərəyə, sür dərəyə”. Hazırda N. Paşinyan əhalinin vəziyyətini, Ermənistanın gələcəyini bir tərəfə buraxıb ağasının dediyi kimi, “dərəyə sürür”. Qazanan isə ABŞ-da korporativ maraqları güdən siyasət və biznes qrupları olur.

ABŞ-ın Azərbaycana aid siyasəti həmişə ikiüzlü olub. 1990-cı illərin əvvəllərində Ermənistanın Qarabağa təcavüzü zamanı rəsmi Vaşinqton bir tərəfdən ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə yeni müstəqillik qazanan, ərazisi işğal olunan, 1 milyon qaçqın və məcburi köçkünü olan ölkəyə yardımları “907-ci” düzəlişlə qadağan edirdi.

ABŞ-ın Energetika Nazirliyinin hesabatında bildirilir ki, Xəzər hövzəsində 230 milyard barel neft, 350 trilyon kub fut potensial təbii qaz ehtiyatları var. ABŞ-ın sabiq Dövlət katibi (1989-1992) Ceyms Beyker qeyd edirdi ki, Xəzər hövzəsindəki karbohidrogen ehtiyatları XXI əsrdə dünya sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq. 

Nəyə görə ABŞ-a xoş gəlmək üçün rəsmi Bakı qonşuları ilə əlaqələrini kəsməlidir? ABŞ regiona dair siyasətində nəyə görə Azərbaycan dövlətinin maraqlarını nəzərə almır?

Bundan başqa, Asiya ilə Avropanı nəqliyyat-tranzit baxımdan birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin də bu regiondan keçməsi buranın ABŞ-ın diqqətində qalmasına səbəb olub. Bütün bunlara görə ABŞ regiona destruktiv müdaxilə edib nəzarəti əlinə almağa cəhd göstərir. Lakin məsələ yalnız təbii sərvətləri mənimsəmək niyyətində deyil. Bu gün Azərbaycana təzyiqin digər səbəbləri də meydana çıxıb. Azərbaycan müstəqil siyasət yürüdərək kollektiv Qərbin Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalara qoşulmur, Xəzər dənizində xarici dövlətlərin hərbi birləşmələr saxlamasına icazə vermir, milli iqtisadiyyatının dayanıqlı olması üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlıq edir. Bundan əlavə, ölkəmizə təhdid yaradan qurumların fəaliyyətinə icazə vermir ki, bu da ABŞ-ın ölkəyə destruktiv müdaxiləsinin qarşısını alır. ABŞ yerli xalqın rifahını, dövlətin maraqlarını qətiyyən nəzərə almır. Azərbaycan 200 ildir ki, Rusiya ilə yaxın qonşudur və bu illər ərzində pillə-pillə iqtisadi, siyasi, ticari, mədəni əlaqələr qurulub, müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Bütün bunları ABŞ-ın geosiyasi maraqları naminə dağıtmaq olmaz. Bu, Azərbaycanın milli maraqlarına ziddir. Nəyə görə ABŞ-a xoş gəlmək üçün rəsmi Bakı qonşuları ilə əlaqələrini kəsməlidir? ABŞ regiona dair siyasətində nəyə görə Azərbaycan dövlətinin maraqlarını nəzərə almır? Artıq bu suallar ritorik xarakter daşıyır və cavabı da ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını qoruduğu üçün ABŞ-ın təzyiqi ilə üzləşib. (AZƏRTAC)