30 sentyabr 2024 18:11
438

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Azərbaycanın bu gününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə, hansı çətinlikləri arxada qoyduğumuzu, daha dəqiq desək, bunun üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan kiminsə əlinin altında bir oyuncaq dövlət, bir müstəmləkə kimi yaşaya bilərdi.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı idi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Pezident seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin ölkəmizin bu günü üçün gördüyü işlərin əsasında Dahi Liderin uzaqgörənliyi, Vətəninə, xalqına bağlılığı dayanırdı.  Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqilliyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, Azərbaycan gənclərinin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin Ümummilli Liderin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi Liseyin yaradılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımlar bugünümüzə və gələcəyimizə hesablanmışdı.

Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, Ümummilli Lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı Sovet İttifaqının geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Qeyd etdiyimiz kimi, Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək dəyər verildi, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə gərgin səylərin nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın siyasi-iqtisadi müstəqilliyi üçün möhkəm təməl formalaşdı. “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı.

Heydər Əliyevin xidmətlərindən bəhs edərkən Ulu Öndərin müstəqil dövlətimizin beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını xüsusi qeyd etməliyik. Ümummilli Liderin hazırda tarixə qovuşan Qarabağ problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək. Heydər Əliyev, eyni zamanda, “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı. Yaradılan möhkəm təməl 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmağı şərtləndirdi.

Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı. Son 21 ilə yaxın dövrdə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır.

Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Son 21 ilə yaxın dövrün reallıqları da bunu təsdiqləyir. Cənab İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə 2024-cü ilin son 8 ayında əldə edilən sosial-iqtisadi göstəricilərin əsasında qarşıdakı dövrün aydın mənzərəsini təqdim etdi. Belə ki, dövlətimizin başçısı bildirdi ki, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.  Ölkə qarşısında duran vəzifələr, ilk növbədə, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası böyük maliyyə vəsaiti tələb edir.

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri tarixi Zəfərimizin mühüm reallıqları sırasındadır. Bu işlər geniş vüsət alıb. Aparılan genişmiqyaslı bərpa işləri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar sırasındadır. Dövlətimizin başçısının bu Sərəncamına uyğun olaraq 4 oktyabr tarixi ölkəmizdə Cəbrayıl Şəhəri Günüdür. Onu da qeyd edək ki, sentyabrın 26-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürüldü.

Bu il azad edilmiş ərazilərə soyadaşlarımızın qayıdacağı ünvanlar sırasında Şuşa, Xocalı, Cəbrayıl, Xankəndi və Kəlbəcər şəhərlərinin adları var. Artıq Şuşa, Xocalı və Cəbrayıl şəhərləri mərhələ-mərhələ sakinlərinə qovuşur.

Günümüzün qürurverici hadisələrindən biri məhz budur ki, artıq torpaqlarımızın işğal tarixlərini hüznlə deyil, azad edildikləri günləri böyük sevinclə qeyd edirik. Amma bununla yanaşı, ermənilərin 30 ilə yaxın işğal dövründə törətdikləri vəhşilikləri, başımıza gətirdikləri faciələri unutmuruq və unutmayacağıq. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Cəbrayıllı keçmiş məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində və yataqxanalarda məskunlaşmışlar. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Bu gün Cəbrayıl rayonu dirçəlir, genişmiqyaslı bərpa işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin bu rayona 10-a yaxın səfərinin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. İşğaldan azad edilmiş ərazilərimizin hər biri malik olduqları imkanları ilə Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verəcək.

Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri