04 oktyabr 2024 18:24
409

Aşıq Ələsgərin heykəli yaddaşa, yurd yerlərimizə qoyulan abidədir

Sentyabrın 30-da Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı bu böyük el sənətkarının, irfani düşüncə sahibinin irsinə, sənətinə olan böyük sevgi və qayğının təzahürü olmaqla yanaşı, həm də milli ideoloji baxımdan müstəsna hadisədir. Bu heykəl təkcə Aşıq Ələsgərin deyil, ümumiyyətlə, bir Qərbi Azərbaycanlının və Qərbi Azərbaycanın obrazını özündə əks etdirir. Ölkə başçısının qeyd etdiyi kimi, “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”. Aşıq Ələsgərin abidəsi daha çox bu məqamı ilə önəmli və mühüm sayılmalıdır.

Nəzərə alanda bu gün Qərbi Azərbaycan amili nə qədər aktualdır və yenə də nəzərə alanda ki, dünya ictimaiyyəti ermənilərin mənafeyindən, ikili standartlardan çıxış edir, erməni vəhşiliklərini faktiki olaraq təsdiqləmir və azərbaycanlılara qarşı həyata keçirilən deportasiya zülmünü görmür, ədalətsizcəsinə davranmağı fəaliyyət məramlarına çevirirlər, o zaman bu zülmün təzahürlərini daha uca səslə bəyan etmək lazım gəlir. Aşıq Ələsgərin heykəli bu baxımdan həm vizual olaraq qəzəbin, ağrının simvoludur, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən zamanında gerçəkləşdirilmiş müstəsna fakt kimi əhəmiyyətlidir. 

Hələ 2022-ci il, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşdə etdiyi çıxışında vurğunu məhz bu amillərin üzərinə salaraq bildirmişdir: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.

Bəli, əsas iş məhz, bu amili hədəfdə saxlamaq, bütün siyasi-ideoloji, həmçinin ədəbi-mədəni arsenalı mövcud prosesin çevik və dürüst mövqedən aktuallanmasına, həllinə yönəltmək lazımdır. Artıq Qərbi Azərbaycanla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Neçə onillik təqib və təzyiqlər altında inildəyən, yurdundan perik düşməyə vadar olan insanların ovqatında sevinc, fərəh işartıları boy göstərməyə başlayıb. Bu inamı qazandıran 44 günlük Zəfər savaşı, bir günlük antiterror əməliyyatı zamanı nail olduğumuz üstünlüklər oldu. Bu proseslərdən sonra Qərbi Azərbaycan amilinin önə keçməsi gözlənilən və zəruri idi. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı gördüyü konseptual işlər ideoloji təməl olaraq prioritetə çevrilməlidir. Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər hər zaman olduğu kimi nə etmək lazım olduğunu bir daha ön plana çıxarır. İstiqamətlər verir, hansı yöndə işləmək, faydalı olmaq lazımlığını ali məram olaraq qarşımıza qoyur. Hələ iki il öncə Qərbi Azərbaycan İcmasında olan görüşdə İlham Əliyevin Zəngəzura qayıdışla bağlı səsləndirdiyi daha bir fikir vardı: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır”.

Doğrudan da, bu istiqamətdə artıq silsilə işlər  görülməyə başlanmışdır. Hətta ondan daha əvvəl, 2021-ci ilin 18 fevralında İlham Əliyev “Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi” haqqında sərəncam imzalamışdır. Bu sərəncam Aşıq Ələsgərin simasında yalnız klassik irsə, folklor, dil yaddaşına dəyər vermək məqsədi daşımırdı, həm də bizim olanı qaytarmaq, ona sahibləmək kimi ciddi mesajlar verirdi. Həmin sərəncamdan ötən zaman kəsimində Aşıq Ələsgərlə bağlı elmi-bədii istiqamətdə müəyyən işlər realizəsini tapdı. Heykəlin açılışı isə görülən işlərin zirvə məqamı kimi simvolik çalar kəsb etdi.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsi, bu tarixi torpaqlara qayıdış konsepsiyası ilə müəyyən çağırışlar səsləndirməsinin əsasında hər zaman yeni milli təfəkkürün, təzələnən diskursun və məfkurə dalğasının düşüncədə və əməldə ifadəsini görmək istəyi dayanıb. Aşıq Ələsgərin heykəlinin açılışı zamanı da dövlət başçısı eyni məramdan çıxış etdi. Öz nitqində yenə ermənilərin bu torpaqları neçə sahiblənməyə çalışmalarından, insanların öz ərazilərindən qovulması kimi acı reallıqla üz-üzə qalmalarından yaxın tariximizin fəci prosesləri kimi bəhs etdi. Azərbaycanlıların İrəvandan - öz dədə-baba torpaqlarından deportasiya olunduqdan sonra Zəngəzurla bağlı yaşadıqları həsrətə xüsusi vurğu saldı. Bir daha sübut elədi ki, bizim olana sahiblənmək qətiyyətimizdə israrlıyıq.

Elnarə Akimova,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü