15 noyabr 2017 14:24
3740

Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir

Azərbaycanda iki milyardıncı ton neft hasil olunması münasibətilə keçirilən mərasim insan kapitalının inkişafını şərtləndirən amillərə bir daha işıq saldı

Dövlətimizin başçısı İlham Əliyev böyük inamla qeyd edir ki, 2017-ci il də Azərbaycan tarixinə iqtisadi islahatlar ili kimi daxil olacaq. İmzalanan fərman və sərəncamlar, qəbul olunan qanunlar iqtisadi islahatları daha da dərinləşdirir, prioritet məsələ kimi öndə saxlanılan qeyri-neft sektorunun inkişafına geniş imkanlar açır. Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2,5 faiz artım olub, qeyri-neft sənayesində isə artım 3,1 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 2,8 faiz artıb.

2004-cü ildən bu günə qədər keçilən yola qısa nəzər salan ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu illər ərzində  iqtisadi inkişafın əsasını qoyduq. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Belə olan halda sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Bu problemlər ilk növbədə, inkişaf üçün bazanın formalaşdırılmasını bir tələb kimi ortaya qoydu. Regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa stimul oldu. Bu məqam da hər zaman vurğulanır ki, bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır... Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır... İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.” 2004-cü ildən “neft kapitalını insan kapitalına çevirək” tezisinin reallıqda öz əksini tapması istiqamətində atılan davamlı addımlar göz önündədir. 2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirilən fikirləri xatırlatmaq istərdik: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik.”

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar enerji sektorundan asılılığın minimuma endirilməsinə gətirib çıxardı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Ümumi daxili məhsulun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Sahibkarlığın inkişafı öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektoru sahibkarlığın inkişafı hesabına əhəmiyyətli dərəcədə tərəqqi edir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara  güzəştli kreditlər verilir. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissəsi isə sənaye müəssisələrinin yaradılmasına yönəldilir. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət artırılır. Təbii ki, bu uğurlara yol açan əsas amil neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasıdır.

Tarixə qısa nəzər salsaq, görərik ki, əvvəlki illərdə bəzi xarici təhlilçilər və qurumlar uğurlarımızı yalnız neft-qaz amili ilə bağlayırdılar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bəzi hallarda bilməyərəkdən, bəzi hallarda uğurlarımıza kölgə salmaq üçün bu kimi yanlış fikirlər səsləndirirdilər ki, Azərbaycanda neft olduğu üçün inkişaf edir. Amma bu həqiqət həmin dairələrə də çox yaxşı bəllidir ki, dünyada Azərbaycandan da qat-qat çox neft-qaz hasil və ixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik uğurlarımızı şərtləndirən əsas amillərdir. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verməklə bugünkü inkişaf üçün möhkəm təməl yaratmışdır. Son 14 ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması prioritet məsələ kimi önə çəkilərək, enerji sektorundan asılılığın minimuma endirilməsi yönümdə məqsədyönlü addımlar atılmışdır ki, bu gün dünyanın nüfuzlu maliyyə qurumları Azərbaycanı ən islahatçı ölkə kimi təqdim edir, ölkə iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə ön yerlərdədir.

Bu günlərdə Azərbaycanda iki milyardıncı ton neft hasil olunması münasibətilə keçirilən mərasimdə də dövlətimizin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində görülən işlərin və əldə olunan nəticələrin miqyasının genişliyindən bəhs edərək, bir daha bu reallığı diqqətə çatdırmışdır: “Bir sözlə, bu gün “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir.”

Dünyanın illərdir yaşadığı iqtisadi və maliyyə böhranından Azərbaycanın az itki ilə çıxması iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasından irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev daim iqtisadiyyatın elmi əsaslara söykənməsini vacib amil kimi önə çəkərək bildirirdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, inkişafın əsasında dayanan əsas faktor neft-qaz amili ilə deyil, elmlə, yeni texnologiyalarla, biliklə sıx bağlıdır. Bu nöqteyi-nəzərdən yanaşsaq, elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılması əsasdır. Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağında bu prioritet bir daha açıqlanmışdır ki, kadr hazırlığı iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırılmalıdır. Azərbaycan bu gün beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb. Bu uğuru şərtləndirən əsas amil ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələridir. Gündəmə gətirilən və icrası istiqamətində ciddi addımlar atılan layihələr yüksək ixtisaslı kadrların yetişdirilməsini bir tələb kimi qarşıya qoyur. Bu baxımdan neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən, reallığa çevirdiyi investisiya layihələri ilə beynəlxalq şirkətlər sırasında addımlayan SOCAR kadr hazırlığına xüsusi diqqət yönəldir. Həyata keçirilən təqaüd proqramları bu məqsədə dəstəkdir.

Kompleks tədbirlər hərtərəfli inkişafı daha da sürətləndirir.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan təkmil islahatları, idarəçilik sisteminin yeniləşməsi ilə hər bir çətinliyin öhdəsindən lazımi səviyyədə gəlir, yeni-yeni hədəflərini açıqlamaqla davamlı inkişafın prioritetliyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz mərasimdə bildirmişdir: “Biz bu gün haqlı olaraq qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Nə üçün? Çünki mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq. Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.”

Regional inkişaf proqramlarına uyğun olaraq bölgələrdə görülən işlərin miqyası daha da genişləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfərlərinə diqqət yetirsək, hər bir səfərdən sonra həmin bölgənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi, infrastrukturunun yeniləşdirilməsi məqsədilə əlavə tədbirlər planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu addımlar, eyni zamanda rayon rəhbərlərində məsuliyyət hissini daha da artırır. Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyev  2013-cü ildə  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu məqamı da açıqlamışdır: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” Məhz bu prinsiplərin vəhdətliyi, birlik, həmrəylik qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını stimullaşdırır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallıq olduğunu həll olunan işlərin fonunda daha aydın görürük.

Yeganə Əliyeva, “İki sahil”