08 oktyabr 2024 23:29
361

Əli Kərimli niyə reallıqları dərk etmir?

Siyasətdəki ən böyük cahillik təkmilləşə, inkişaf edə bilməməkdir

Siyasi fəaliyyətdə ən böyük cahillik odur ki, 30 ildən çox müddətdə müxalifətdə olasan və bu dövrdə bir seçkini belə uda bilməyəsən. Bundan daha betəri isə odur ki, belə uzun müddətdə təkmilləşməyəsən, inkişaf erməyəsən, müasir cəmiyyətin çağırışlarına adaptasiya olmayasan. AXCP sədri Əli Kərimli məhz belə uğursuz «siyasətçidir». Hətta onun siyasi bacarıqsızlığını, gücsüzlüyünü etiraf edən onlarla ən yaxın «əqidədaşı» da partiyadan uzaqlaşarıq daha ciddi və səmərəli işlərlə məşğul olmağı hədəfləyiblər.  

Əli Kərimlinin digər anormallığı isə həmişə öz şəxsi mənafeyini dövlət və dövlətçilik prinsiplərindən öndə tutmasıdır. Məhz bu səbəbdən AXC-Musavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycan dövləti tamamilə beynəlxalq təcridlə üzləşmişdi. Bu hakimiyyət qonşu ölkələrlə iqtisadi və siyasi əlaqələri kəsməklə faktiki geosiyasi tənhalığa uğramışdı. Hətta ABŞ o illərdə «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəlişi qəbul edərək ölkəmizi sanksiyaya məruz qoymuşdu.

Əli Kərimli 30 il əvvəl necə «düşünürdüsə» indi də elə o ağıl(sızlıq)da qalıb. Məsələn, sosial şəbəkədə yazdığı statuslarında bildirir ki, guya Azərbaycan hələ də Rusiya tərəfindən idarə olunur. Guya bir neçə gün əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin Bakıya
gələrək Qərbə qarşı yeni təlimatlar verib. Həmçinin o, yenə də ölkəmizə böhtan ataraq iddia edir ki, Moskva Rusiya XİN-in Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın dili ilə Cənubi
Qafqaz ölkələrini Qərbə «rədd ol buradan» deməyə çağırıb: «İndi bildiniz ki, bu ABŞ -a sanksiya tətbiq etmək, Avropanı yerində otuzdurmaq çağırışları haradan ilhamlanır?»

Əli Kərimlinin bu sərsəmləmələrindən bir daha belə anlaşılır ki, o, ABŞ-ın ölkəmizə qarşı sərgilədiyi ermənipərəst mövqeyi nəinki dəstəkləyir, hətta ondan məmnundur. Bu adam hələ də anlamaq itəmir ki, ABŞ-ın və onun maliyyələşdirdiyi beynəlxalq təşkilatların ölkəmizə ideoloji və siyasi basqıları məhz İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən sonra daha da çoxalıb. Yəni, bütün bunlar bir daha göstərir ki, Qərb hələ də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını qəbul edə bilmir. Hətta ABŞ siyasi əndazəni aşaraq dövlətimizin öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi antiterror əməliyyatları «hərbi təcavüz» kimi dəyərləndirir? Həmişə Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə də olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmamışlar.

Amma bütün bunlara rəğmən Əli Kərimli hələ də korəfəhmliliyini qabardaraq Azərbaycanı «etnik təmizləmə»də ittiham edən ABŞ konqresmenlərinə bir cümlə də olsun etiraz məktubu ünvanlamayı. Axı bu həmin ABŞ-dır ki, Azərbaycan və Ermənistan arasında yenidən münaqişə yaratmağa çalışır. Xüsusilə ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilmişdir. Bu görüşdən sonra isə işğalçı Ermənistanın silahlandırılmasına başlanılmışdır.

Bu gün hələ də Əli Kərimli tamamilə xarici anti-Azərbaycan qüvvələrin təsiri altındadır. Son zamanlar Qərb ölkələri , xüsusilə də Fransa ölkəmiz əleyhinə təzyiq vasitələrini genişləndirərkən radikal müxalifətdən maksimum dərəcədə yararlanmağa çalışır. Radikallar «qrant» adı ilə çoxsaylı «donor» institutlarından və «yardım» fondlarından maliyyələşirlər. Məsələn, bu gün USAID, NED, Marşall Fondu, IREX və digər onlarla beynəlxalq institutlar məhz bu cür proqramların icraçıları hesab olunurlar ki, bizim dağıdıcı müxalifət də onların ən yaxın «tərəfdaşlarıdır». Yəni, onlar anti-Azərbaycan fəaliyyətlərində AXCP və onun ətrafındakı KİV-lərdən səmərəli yararlanırlar. Fəaliyyətlərini isə «demokratik inkişafa dəstək vermək» kimi hallandırırlar. Ancaq əsl həqiqət isə odur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa məcbur edirlər.

Əli Kərimli statuslarında sərbəst toplaşmaq azadlığından və onun məhdudlaşdırılmasından danışırsa ona ötən illərdə təşkil etdikləri mitinqlərə heç 200-250 nəfər adam gəlmədiyini də xatırlatmağı özümüzə lazım bilirik. Əli Kərimli və onun ətrafındakılar hələ də anlamaq istəmirlər ki, insanlar onlara güvənmirlər. Çünki xalqın gözü tərəzidir. Xalq görür ki, ölkəmizin müasir tarixi son bir neçə ildə möhtəşəm zəfərlərlə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi və məcburi köçkünlərin doğma yurdlarına Böyük Qayıdışının başlaması kimi tarixi hadisələrlə zəngindir. Belə ölkənin vətəndaşları təbii ki, boşboğazlara və avantüristlərə deyil, real gücə, gerçək dövlət quruculuğuna səs verəcəklər.

Elçin Zaman, «İki sahil»