Bu beynəlxalq qurum insan haqlarının müdafiəçisi adı altında gizlənərək xristian klubu və diaspor təşkilatı kimi fəaliyyət göstərir, öz funksiyalarını bir kənara qoyaraq müəyyən qrupların eqoist maraqlarına xidmət edir
Hazırda respublikamız həm geniş İslam dünyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bununla belə, ayrı-ayrı Avropa təsisatları bir sıra hallarda ikili standartlardan çıxış edərək öləmizə qarşı qərəzli yanaşmalar ortaya qoyur. Avropa Şurası Parlament Assambleyası (AŞPA) da belə qurumlar sırasında yer alır. Xaricdəki erməni lobbisinin təsirlərinə məruz qalan AŞPA təkcə son vaxtlarda ölkəmizə münasibətdə bir neçə dəfə adekvat olmayan davranışlar sərgiləyib. Cari ilin əvvəlindən isə Azərbaycan - AŞPA münasibətləri kritik dərəcədə pisləşib ki, bunun da günahı bilavasitə qarşı tərəfin üzərinə düşür. Belə ki, bu ilin yanvarında AŞPA-nın atdığı addım qırmızı xəttin keçilməsi olub və Azərbaycan da buna adekvat şəkildə cavab verib. Söhbət ondan gedir ki, Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Qarabağda suverenliyini tam təmin etməsi AŞPA-da qısqanclıqla qarşılanıb və burada ölkəmizə qarşı sanksiya xarakterli qətnamə qəbul olunub. AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsi qurumda Ermənistan nümayəndələri üçün rəqibsiz meydan açıb. Ermənistan nümayəndə heyəti bu tribunadan istifadə edərək Azərbaycanın əleyhinə müxtəlif yalan ittahamlar səsləndirir, özlərinin saxta sülh sazişi təklifini gözə soxurlar.
Bu günlərdə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sona Qazaryan yenidən "əsirlərin qaytarılması" və Bakı ilə sülh müqaviləsinin bağlanmasında problemlerin olduğunu dilə gətirib. Belə ki, Ermənistan nümayəndə heyəti Azərbaycanın sülh müqaviləsini imzalamaq arzusunda olmadığını və yeni tələblər irəli sürdüyünü qeyd edib: "Biz AŞPA-ya bildirdik ki, Ermənistan mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırdır və humanitar məsələləri də həll etmək lazımdır”. Onun sözlərinə görə, AŞPA-nın son iclası onunla fərqlənib ki, cari məsələlər sırasında büronun təklifi ilə Azərbaycanla bağlı müzakirə də yer alıb. Əvvəla qeyd edək ki, S.Qazaryanın “Azərbaycan yeni təkliflər irəli sürür və Ermənistan tezliklə sülh müqaviləsi bağlamaq istəyir” fikirləri yalandır. Azərbaycan tərəfi öz sülh muqaviləsi təklifini üç ay əvvəl Ermənistan tərəfinə təqdim edib. Ermənistan isə 70 gündən sonra sülh sazişindən əsas maddələrı çıxararaq əhəmiyyətsiz bir kağiz parçası imzalamağı təklif edib. Bu isə Azərbaycanın, həm də əslində elə Ermənistanın maraqlarına uyğun deyil. Tezliklə sülh müqaviləsi bağlamaq istəyən tərəf bir təklifə 70 günə cavab verərmi? Görünür Paşinyan sülh müqaviləsi adı altında bir əhəmiyyətsiz sənəd imzalayıb, onunla Avropanı aldada biləcəyini düşünür. Ancaq Azərbaycan tərəfi öz şərtlərini qəbul etdirməyənə qədər sülh müqaviləsini bağlamaq fikrində deyil. Ona görə ki, həmin şərtlər sülh müqaviləsinin nüvəsini təşkil edir. Bu gün Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə iddia varsa, kommunikasiyaların açılmasından Ermənistan yayınırsa, 4 minə yaxın itkin düşmüş vətəndaşımızın taleyinə aydınlıq gətirməkdə bizimlə əməkdaşlıq etmirsə, Azərbaycan xalqına qarşı insanlığa xas olmayan cinayət törətmiş hərbi cinayətkarları ittiham etmirsə, minalanmış ərazilərin dəqiq xəritələrini bizə vermirsə Ermənistanla necə sülh müqaviləsi bağlamaq olar? Əlbəttə, Ermənistan bu şərtləri qəbul etməyənə qədər heç bir sülh sazişinin imzalanmasından söhbət gedə bilməz. Qazaryanın ikinci toxunduğu "humanitar məsələ" isə Azərbaycanda mühakimə edilən hərbi cinayətkarların Ermənistana təhvil verilməsi məsələsidir. Birincisi, o hərbi cinayətkarların əksəriyyəti keçmis separatçı "Dağlıq Qarabag"ın rəhbərləridir. Ermənistan özü də etiraf edir ki, Qarabağ Azərbaycan ərazisidir. Biz də öz ərazimizdə olan separatçıları indi tutub ittiham edirik. Bunun Ermənistana nə dəxli var?
Xatırladaq ki, hələ bir neçə ay öncə AŞPA terrorçuluqda, insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərin "dərhal azad olunması" çağırışı ilə çıxış etmişdi. Qurum heç bir səbəb və arqument göstərmədən Bakıda həbsxanada məhkəmə qərarlarının icrasını gözləyən erməni separatçı və terrorçuların buraxılmasını zəruri saymışdı. Təbii ki, göstərə də bilməz. Çünki onların cinayətini sübut edən kifayət qədər fakt və arqument var, hətta bunu özləri hələ azadlıqda olarkən belə etiraf ediblər. Təşkilat bunun ardınca guya sülh prosesinə sadiq olduğunu göstərməyə çalışıb. Göründüyü kimi, qurumun fəaliyyəti, demək olar ki, bir neçə dövlətin xudbin maraqları üzərində qurulub və onların əlində siyasi təzyiq alətinə çevrilib. Baxmayaraq ki, ölkəmiz AŞPA-ya böyük ümidlərlə üzv olmuşdu və xalqımız bunu yüksək rəğbətlə qarşılamışdı. Bir inam var idi ki, insan hüquqlarını əsas götürən bu təşkilat 20 faiz ərazisi işğal edilmiş, etnik təmizlənməyə məruz qalmış, bir milyondan artıq qaçqını və köçkünü olan ölkənin haqq işinə dəstək verəcək, ədalətin bərqərar olmasına çalışacaq. Amma təəssüflər olsun ki, insan hüquqları, demokratiya və qanunun aliliyinin müdafiəsini özünün əsas məşğuliyyəti elan edən Avropa Şurası və onun Parlament Assambleyası heç bir real addımlar atmadı, işğalçı dövlətə sanksiya tətbiq etmədi, münaqişənin həlli ilə bağlı bütün məsuliyyəti ATƏT-in Minsk qrupunun üzərinə yıxaraq götürdüyü öhdəliklərdən boyun qaçırdı.
Əslində isə AŞPA-nın kəskin və qəti qərar qəbul etməsi üçün kifayət qədər faktları var idi. Ermənilər tərəfindən insanlarımızın öz yurdundan qovulması, məcburi köçkün halında yaşaması, evlərinin talan edilməsi, əmlaklarının mənimsənilməsi onların gözləri qarşısında baş vermişdi. Hətta yüzlərlə daşınmaz tarixi, mədəni və dini abidənin vandalizmə məruz qalması, təyinatına uyğun olmayan formada istifadə edilməsi, habelə məscidlərin təhqir olunması, orada mal-qara saxlanması barədə faktlar dəlillərlə sübut edilmişdir. Qurum isə əksinə, Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri, münaqişə ilə bağlı müzakirəyə çıxartmaq istədiyi məsələləri qulaqardına vurmaqla daha çox Ermənistanın işğal siyasətini ört-basdır edirdi. Bu gün isə öz ərazi bütövlüyünü, suverenliyini təmin edən, separatçı qüvvələri zərərsizləşdirən, məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa edən, ümumilikdə regionun hərtərəfli inkişafına geniş imkanlar açan Azərbaycanı hədəf almaq, onun sülh səylərinə süni əngəllər yaratmaq bu qurumun məkrli və hiyləgər planlarından xəbər verir. Aydın görünür ki, Azərbaycanın günü-gündən inkişafı, artan iqtisadi qüdrəti, tam müstəqil siyasət həyata keçirməsi dünyanın bəzi dövlətlərini, o cümlədən Fransa və Almaniyanı çox narahat edir. Məhz bu ölkələrin canfəşanlığı və diktəsi ilə oynayan AŞPA anti-Azərbaycan, islamofobiya siyasətini həyata keçirir. İkili standartların tətbiqində baş rolda çıxış edir. Azərbaycana mane olmaq üçün isə müxtəlif çirkin vasitələrlə, xüsusən regional və beynəlxalq təşkilatların əli ilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edilir, haqq işinə kölgə salmağa çalışılır, qərəz və böhtan dolu qərarlar qəbul olunur. Lakin AŞPA-nın ölkəmizə bu cılız davranışı heç nəyi dəyişməyəcək. Azərbaycan güclü dövlətdir, regionun lideri, dünya, o cümlədən Avropa üçün son dərəcə əhəmiyyətli və faydalı ölkədir. Odur ki, heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə və təhdid dili ilə danışa bilməz.
Sevinc Azadi, “İki sahil”