10 oktyabr 2024 07:59
471

Gənclər arasında xərçəng xəstəliyinin artması müşahidə olunur

Dünyada aparılan araşdırmalar göstərir ki, 20, 30 və 40 yaşlarında olan insanlarda süd vəzisi və kolon (yoğun bağırsaq) xərçəngi, həmçinin digər xərçəng növlərinə rast gəlinmə halları artmaqdadır. Böyük Britaniya, ABŞ, Fransa, Avstraliya, Kanada, Norveç və Argentina da daxil olmaqla, son on ildə 24 ölkədə 25-49 yaşlı kolon xərçəngi xəstələrinin nisbətində artım müşahidə olunub.

"İki sahil" BBC-yə istinadla xəbər verir ki, Amerika Xərçəng Cəmiyyəti (ACS) və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən 50 ölkəni əhatə edən tədqiqatın ilk nəticələri sentyabr ayında açıqlanıb. Nəticələr tibb aləmində narahatlıq yaradıb. Bu ölkələrin 14-də artım tendensiyası yalnız gənclər arasında müşahidə olunub, yaşlılar arasında isə artım tempi sabit qalıb. Gənclər arasında xərçəngin digər növləri də artmaqdadır. Xüsusilə döş xərçəngində bu tendensiyanın şahidi oluruq. ACS-nin yeni araşdırmasına görə, son on ildə qadınlarda döş xərçəngindən ölüm halları 10 faiz azalsa da, 50 yaşından əvvəl bu xərçəng növü ilə diaqnoz qoyulanların nisbəti ildə 1,4 faiz artıb.

Piylənmə və ya siqaret bu xəstəliyin artmasında əsas səbəblərdirmi? Bu tendensiyanın səbəblərinə bəlkə də ən məşhur cavab bədəndə iltihabı artıraraq və bəzi vacib hormonların tənzimlənməməsini yaradaraq xərçəng riskini artırdığı bilinən metabolik sindrom və piylənmədir.

Harvard Universitetinin patoloqu professor Şuji Oqino bildirib ki, ümumiyyətlə, nəticələr həyat tərzindəki dəyişikliklərin təsirinə işarə edir: “Biz bilirik ki, çox işlənmiş qida və şəkər yemək qan şəkərini artırır və insulin müqavimətinə sahib olmaq təkcə diabet deyil, həm də xərçəng riskini artırır. Digər tərəfdən, gənc xəstələrdə artımı anlamaq üçün təkcə piylənmə kifayət deyil”.

Xərçəng üzərində çalışan bir çox tədqiqatçı hesab edir ki, həyat tərzinin dəyişməsi ilə yanaşı, bağırsaqda müxtəlif zərərli dəyişikliklər də bu xəstəliklərə səbəb ola bilər. 2023-cü ilin iyun ayında Yeni Zellandiyanın Christchurch Xəstəxanasından kolon-rektal cərrah Frank Frizelle elm adamlarını erkən bağırsaq xərçəngi ilə mikroplastiklərin sayının artması arasındakı əlaqəni daha yaxşı araşdırmağa çağırıb. Digər tədqiqatçılar da xüsusilə emal edilmiş qidalardakı rəngləndiricilərin və məhsulların qarışdırılmasında, iltihabların artmasında və yoğun bağırsaqda DNT zədələnməsinə səbəb yaradan emulqatorlardan istifadəni xüsusi vurğulayıblar. Mikroplastiklərlə bağlı araşdırmalarda sübutlar isə məhduddur. Bəzi ekspertlər son onilliklərdə dünyada antibiotiklərdən istifadənin artmasının təsirlərini qeyd edirlər.

Qlobal məlumatlara görə, bütün yaş qruplarında adambaşına antibiotik istehlakı 2000-2015-ci illər arasında artıb. Bu kimi qlobal fəlakətlərin qarşısını almaq üçün alimlər bu məsələni daha dərindən araşdırmalıdır. Çünki dünya sağlamlıq böhranının astanasındadır.