10 oktyabr 2024 10:34
367

İstedadlı alim, görkəmli ictimai xadim, fədakar insan

Görkəmli alim, professor Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunur

İyirminci əsr Azərbaycan tarixinə yeni elmi kəşflər, dəyərli tədqiqatlarla bərabər, qüdrətli dövlət xadimləri, görkəmli sənətkarlar, böyük şəxsiyyətlər bəxş etmişdir. Bu sırada  elmimizin fəxri, tanınmış şərqşünas, professor Aida xanım  İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. Çünki bu  istedadlı ərəbşünas alim bütün ömrünü elmi yaradıcılığa həsr edərək şərqşünaslığın inkişafına öz layiqli töhfələrini vermişdir. Aida xanım elə ziyalılardandır ki, öz fəaliyyəti ilə təkcə ölkə, region çərçivəsinə  sığmamış, dünya miqyasında şöhrət qazanmışdır. 

Zəngin yaradıcılığında Şərq-Qərb ədəbi və fəlsəfi cərəyanlarını birləşdirən,  ingilis romantizmi ilə rus realizmini bacarıqla  müqayisə edən  alimin tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin dəyərli sərvətləridir. Qələmindən çıxan hər bir söz  onun kamil bir şəxsiyyət, qüdrətli sənətkar olduğunu bir daha sübut edirdi. Müasir dövrdə, qloballaşma şəraitində dünyanı düşündürən məsələlərdən biri də ortaq mənəvi dəyərlərin yaranmasıdır. Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin  qarşılıqlı təsiri və əlaqələri əsas yer tutmuşdur. Onun elmi fəaliyyətində sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni təməlini formalaşdıran amillər hazırda müasir dünya elmini düşündürən problemlərdəndir. Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. 

Bu gün, ölkəmiz də mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Məhz bu baxımdan Aida İmanquliyevanın yaradıcılığı çox dəyərlidir. Digər tərəfdən Aida İmanquliyevanın araşdırmaları  gender stereotiplərinin, qadın qarşı diskriminasiya hallarının qarşısının alınması, ailədə və cəmiyyətdə qadın hüquqlarının qorunması  istiqamətində tədqiqatlar aramaq üçün qiymətli bir vəsaitdir.  O, qadın hüququ, qadın azadlığı, cəmiyyətdə kişi-qadın bərabərliyi  məsələlərinə toxunur, Şərq və Qərb mətnində paralellər aparmaqla qadının məruz qaldığı mənəvi-ideoloji problemlərin həllini  təhlil edirdi. 

Elmin çətin yollarını əzab-əziyyətlə, pillə-pillə keçib Moskvada aspiranturanı bitirəndən sonra öz zəhməti, istedadı ilə  Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru  vəzifəsinədək  yüksəlmişdi. O, keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının  tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının  üzvü olmuşdur. Azərbaycan Şərqşünaslar Məktəbinin nümayəndəsi kimi Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə  və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzə etmişdir. 

Aida xanımın elmi yaradıcılığı Şərq xalqları arasında mədəni ənənələrin elmi-bədii  sintezini,  yeni, ədəbi cərəyanların bir-birinə qovuşmasını özündə əks etdirir. Onun tədqiqatlarında ziyalı bir xanımın  Vətənə övlad təəssübkeşliyi  hiss olunur. Aida xanım hər bir məqaləsində, hər bir tərcüməsində əsl vətəndaşdır. Onun əsərlərində həyatın gerçəkliyi, cəmiyyətin, insanların real vəziyyəti,  mənəvi zənginlik həmişə ön plandadır. Alimin nəzəri tədqiqat dairəsini ümumiləşdirən “Ərəb filologiyası məsələləri”, “Şərq filolologiyası məsələləri”, “Şərqin problemləri: tarix və müasirlik”  və onlarla digər məqalə və elmi əsərləri    müəllifin  elmi maraq və tədqiqat əhatəsinin  olduqca geniş sahələrə nüfuz etdiyinin göstəricisidir.  Onun  çoxsaylı elmi əsərləri - 3 monoqrafiya, “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”, 70-dən artıq elmi məqaləsi  ədəbiyyatımızın    inciləridir.  Aida İmanquliyevanın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun  Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ədəbi, ictimai-siyasi fikir sistemlərini, ideya axınlarını, onların mənşə və mahiyyətini, tətbiq səviyyələrini çox dərindən bildiyi məlum olur. Onun elmi fəaliyyətinə və ərəb xalqları ilə, Şərq-Qərb elmi əlaqələrinin genişlənməsi, həmçinin digər mədəni əlaqələrinin inkişafı yolundakı fəaliyyətinə  dövrünün ən məşhur alimləri Ziya Bünyadov, İosif Bradinski, Anna Dolinina, Valeriya Kripçenko, Rüstəm Əliyev kimi dünya şöhrətli şərqşünaslar yüksək qiymət vermişlər. Göründüyü kimi  Aida İmanquliyeva elmin zirvəsini fəth edincə uzun və şərəfli bir yol keçmişdi. Mənsub olduğu nəslin nüfuzundan əsla istifadə etməyərək bu yolu öz əməyi ilə qət etmişdi. Bu gün onun şərqşünaslıq elmi üçün yetişdirdiyi onlarla tələbəsi və saysız-hesabsız xeyirxah əməlləri yadigar qalır.

Aida İmanquliyeva çox zərif, kövrək bir insan, sədaqətli dost, həddindən artıq nəvazişkar və diqqətli bir  xanım  idi. O, yaxınlarından tez-tez xəbər tutar, onların işi ilə maraqlanar, problemlərini həll etməyə çalışardı. Zəngin yaradıcılığı, ictimai fəaliyyəti, insanlarla ünsiyyəti xarakterindəki  tamlığın, bütövlüyün ifadəsi idi. Nə qədər gərgin iş rejimi ilə çalışsa da, özündə Azərbaycan qadınlarnın ən nəcib keyfiyyətlərini cəmləşdirən Aida İmanquliyeva  xanımlığını ömrünün sonunadək qoruyub saxlaya bilmişdi.  Azərbaycanın böyük ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya Akademiyasının yaradıcısı, akademik, hörmətli Arif Paşayevlə bərabər böyütdüyü qızları M. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti, AMEA-nın həqiqi üzvü  Nərgiz xanım Paşayeva və Respublikanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO - nun xoşməramlı səfiri  Mehriban xanım Əliyeva  bu gün vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Aida xanım  sevimli nəvələrinə də vaxt tapar, onların qayğısını,  nazını çəkərdi. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. Onu da deməliyik ki, bu gün Aida xanımın arzu və əməlləri Nərgiz xanım Paşayevanın, xüsusilə, Mehriban xanım Əliyevanın timsalında  əzmlə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım mədəniyyətlərarası və sivilizasiyaların dialoqununu yaradılmasında  həm Azərbaycanda, həm də ölkədən kənarda   bir sıra uğurlu layihələrin həyata keçirilməsinə başçılıq edir. 

 Aida xanım İmanquliyevanın ailə ənənələri bu gün onun nəcabətli övladlarının timsalında yaşayır və nəsildən-nəslə keçərək əbədilik qazanır.   Əgər insan xatırlanırsa, deməli, yaşayır. Qoyub getdiyi xeyirxah əməllərində, onu sevənlərin, dəyərləndirənlərin  qəlbində əbədi iz qoyur. Bu əbədiyyəti Aida xanım  hələ sağlığında qazanmışdı.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri,  professor