17 oktyabr 2024 15:31
94

Culfa rayonunun Bənəniyar və Əbrəqunus kəndlərinin içməli su ehtiyacı tam təmin olunacaq 

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli və suvarma su təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bir sıra layihələr həyata keçirilir. Agentliyin tabe idarəsi olan Culfa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Bənəniyar və Əbrəqunus kəndlərində cari ilin iyul ayından başlayaraq bir sıra işlər görülməkdədir.

“İki sahil” xəbər verir ki, Bənəniyar kəndində diametri 355 millimetr olan plastik borularla 3400 metr uzunluğunda suvarma boru xətti çəkilmişdir. Bənəniyar su anbarından nasoslar vasitəsilə xəttə vurulan suvarma suyu vasitəsilə kəndin həyətyanı torpaq sahələrinin suvarılması təmin olunmuşdur. Bundan əlavə, kəndin içməli su xətlərində təmir-bərpa və yenilənmə işləri aparılmışdır. Görülən işlər çərçivəsində istismar müddətini başa vurmuş içməli su təyinatlı 500 metr uzunluğunda olan boru xətti diametri 90 millimetr olan plastik borularla əvəz edilmişdir. Bununla yanaşı, ümumi uzunluğu 1200 metr olan yeni içməli su xətti çəkilərək 3 ədəd yeni subölüşdürücüyə quraşdırılmış, həmçinin 1 ədəd fəaliyyəti dayanmış subartezian quyusunun yenidən bərpası nəticəsində 30 ev içməli su ilə təmin edilmişdir. 

Hal-hazırda İdarə tərəfindən kənddə yeni qazılan subartezian quyusundan kəndin bir məhəlləsini içməli su ilə təchiz edəcək diametri 90 millimetr, uzunluğu 1050 metr olacaq boru xəttinin tikinti-quraşdırma  işlərinə başlanılıb. Çəkiləcək boru xətti 2 yeni subölüşdürücüyə quraşdırılaraq əhalinin istifadəsinə veriləcəkdir. Bunun nəticəsində 34 evin içməli su ehtiyacı təmin olunacaqdır. 

Culfa rayonunun Əbrəqunus kəndində də su təminatı sahəsində analoji işlər görülmüşdür. Beləliklə, görülən işlər nəticəsində 1850 metr uzunluğunda öz axınlı suvarma boru xətti çəkilərək vətəndaşların istifadəsinə verilmişdir. İçməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni boru xətləri çəkilmiş və mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Belə ki, korroziyaya uğramış 600 metr uzunluğunda olan dəmir borular 90 millimetrlik plastik borularla əvəz edilmişdir. Kənddə yerləşən 80-ə yaxın evin içməli su təminatı üçün haliyədə yeni qazılmış subartezian quyusundan 750 metr məsafədə yeni içməli su xətti çəkilir. Nəzərdə tutulmuş tikinti-quraşdırma işləri yekunlaşdıqdan sonra sözügedən hər iki kənddə əhalinin dayanıqlı və keyfiyyətli içməli su ehtiyacı tam təmin edilmiş olacaq.