44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımız üçün müqəddəs tarixə çevrildi. Xüsusilə hər qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.
Xatırladaq ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan dəyib.
Rayon mərkəzinin işğaldan azad edilməsi ordumuzun döyüş cəbhələrində yeni qələbələrinin təməlini qoydu. Şəhərin azadedilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Ordumuz strateji əhəmiyyətli uğurlar qazandı.
Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır. Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Müzəffər Ali Baş Komandanımızın rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.
Hərb meydanında Müzəffər Ordumuz bütün şəhidlərimizin qisasını aldı. Hazırda bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri aparılıricra edilir. Bu isə keçmiş məcburi köçkünlərin çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamalarına imkan verəcək.
Sözsüz ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verməli olacaq. Ona görə ki, vəhşi haylar digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədiblər. Xüsusilə işğal dövründə onlar Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparıblar. Məhz bu faktlara əsasən Ermənistan gec, ya tez beynəlxalq hüquq qarşısında cavab vercəkdir.
Bəli, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixi qürurla qeyd edir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri