Bu Makron hakimiyyəti tərəfindən xalqların köləliyə, istismara məruz qalması insan hüquq və azadlıqlarının inkar olunmasıdır. Bu kontekstdə neokolonializmin bütün təzahürlərinin tez bir zamanda aradan qaldırılması vacibdir
Azad mətbuatın hüquqi müdafiəsinin uğurla reallaşması sayəsində jurnalist araşdırmaları, faktların dərc edilməsi üçün ölkəmizdə sərbəst imkanlar yaradılması danılmaz həqiqətdir.
Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət, qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Bütün bunları görməzdən gələn Fransa və onun əlaltısı olan Qərbin Beynəlxalq təşkilatları mütəmadi olaraq Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə bəyanatlarla çıxış edirlər.
Ölkələrində olan rəzillikləri görməzdən gələn, özlərini ultra demokrat sayan Fransanın da isə söz və mətbuat azadlığından danışmağa mənəvi haqqı qətiyyən yoxdur. Bu ölkədə əsassız həbslərin həyata keçirilməsi adi hala çevrilib. Bir neçə gün əvvəl Fransa hökuməti növbəti rüsvayçılığa imza atıb. Belə ki, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba Parisdə həbs edilib. Özünü dünyada "demokratiya etalonu" elan edən Fransa insan haqlarının fəal müdafiəçisini Bakıda neokolonializmə həsr olunan beynəlxalq konfransda Fransanın ünvanına tənqidlər səsləndirdiyi üçün restoranda həmkarı ilə nahar edərkən həbs edib.
O, Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmə qarşı fəal mübarizə aparır. Yəni, neokolonializmin əsas tənqidçilərindən biridir. 2024-cü ildə Fransa hakimiyyətini açıq şəkildə tənqid etdiyi və onun dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün vətəndaşlıqdan məhrum edilib. Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib. Onun yenidən saxlanılaraq həbs olunması ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir.
Birmənalı şəkildə deyə bilərik ki, Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır.
K.Sebanın Bakıda səsləndirdiyi ciddi ittihamlardan biri də fransız kəşfiyyatının Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırmasını elan etməsidir. O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu Fransanın Afrikada və digər regionlarda müstəmləkə siyasətinə qarşı mübarizədə çox işlər görür: "Biz bura ona görə gəlmişik ki, Qərbin zülmündən bezmişik. Biz burada, Azərbaycandayıq, çünki dəstək axtarırıq və inanıram ki, Bakı müəyyən müddət və ya uzunmüddətli əsasda bizi dəstəkləyəcək. Biz burada səmimi dostlar axtarırıq və Bakı Təşəbbüs Qrupunda səmimi dost görürük”. Bununla da K.Seba təkcə Fransanı deyil, bütövlükdə Avropanı müstəmləkə sistemini bu gün də nümayiş etdirməkdə ittiham edib. Qeyd edib ki, 25 ildir imperializmlə mübarizə aparır və bu müddət ərzində hər zaman qaradərililərə qarşı ayrı-seçkiliyin şahidi oldub. Ölkələrində zəngin mineral ehtiyatların olmasına baxmayaraq, Afrika əhalisi onlardan istifadə edə bilmir, Fransa oliqarxiyası isə bu sərvətlərdən bəhrələnir. Açıq sözlü olduğunu qeyd edən K.Seba bildirib ki, Fransa rejimi tərəfindən iki dəfə həbs edilmişəm. İki dəfə Fransada, iki dəfə isə Afrikada saxlanılmışam.
Bakı Təşəbbüs Qrupu Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq- mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib. “Bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi qiymətləndirilməlidir”,- bəyanatda vurğulanıb.
Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə də fəalın Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirib. Onun sözlərinə görə, P.Durov və K.Seba barəsində həbs qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur: "Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır. Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir".
Bu ölkədə insan hüquqlarının tapdanması, etnik ayrı-seçkilik zəminində xoşagəlməz hadisələrin baş verməsi də adi hala çevrilib. Nanter şəhərində polis tərəfindən Əlcəzair əsilli 17 yaşlı gəncin qətlə yetirilməsi Fransa hakimiyyətinin əsl simasını bir daha dünyaya göstərmədimi? Əhalinin haqlı narazılığına polisin sərt müdaxiləsi, insanlara dəyənəklərlə xəsarət yetirilməsi, həbs olunmaları, həmçinin bu ölkədə sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması isə Fransada artıq pik həddinə çatıb. Belə olan halda rəsmi Paris görəsən hansı üzlə Azərbaycana insan haqqlarından dərs keçməyə cəhd göstərir?
Bu ölkədə əsassız həbslərin həyata keçirilməsi mütəmadi hal alıb. Elə bu yaxınlarda Korsikanın müstəqillik hərəkatı fəalları Fransa dövləti tərəfindən hədəfə alınıb və polis onların evlərinin qapısını partladaraq dağıdıb. Hətta polislər uşağının gözü qarşısında atasını yerə yıxaraq zorakılıq aktı törədiblər, evini alt-üst ediblər.
Bu gün islamofobiya dünya miqyasında nüfuzunu itirən Fransada daha çox nəzərə çarpır. Müsəlmanların hüquqlarının kobud şəkildə pozulması artıq Emmanuel Makron hakimiyyəti üçün adi hala çevrilib. Təkcə bir faktı xatırladaq ki, 2020-ci ildən indiyədək Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb. Üstəlik, bu ölkədə elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox. Bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm də islamofobiyanın ən bariz nümunəsidir. Ölkədə bu kimi addımlar günbəgün şiddətlənir. Prezident İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda da bu məsələyə toxunub: “Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir”. Dövlətimizin başçısı vurğulayıb ki, bu ölkə “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir.
Dünyanın bir çox aparıcı ölkələri bu problemin aradan qaldırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edirlər. Azərbaycan da neokolonializmlə fəal mübarizəyə qoşulan dövlətlər sırasındadır. Rəsmi Bakı sözügedən məsələnin öz həllini tapması üçün bir sıra uğurlara imza atıb. Hər şeydən öncə dövlətimizin başçısı iştirak etdiyi istər regional, istərsə də qlobal tədbirlərdə bu çirkin siyasəti daim pisləyib. Xüsusi qeyd etmək lazımdır ki, müasir dövrdə Fransanın neokolonializm siyasəti fonunda Afrika qitəsində insanlara qarşı kölə münasibətinin davam etməsi, onların sərvətlərinin talan edilməsinə qarşı mübarizənin önündə Qoşulmama Hərəkatı xüsusilə seçilib. Məhz ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə prioritetlərdən biri tarixi Bandunq prinsiplərinə əməl olunması idi. Xatırladaq ki, xalqların köləliyə, istismara məruz qalması insan hüquq və azadlıqlarının inkar olunmasıdır. Bu, BMT Nizamnaməsinə ziddir, həmçinin beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Bu kontekstdə neokolonializmin bütün təzahürlərinin tez bir zamanda aradan qaldırılması vacibdir.
Şəmsiyyə Əliqızı, “İki sahil”