19 oktyabr 2024 10:28
425

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq

Dövlət başçısı İlham Əliyev bildirir ki, heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini aparmamışlar

“Bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək.» Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində cari il üçün görülən işlərdən bəhs edərək onu da bildirmişdir ki, həyata keçirilən, eyni zamanda, keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur: «Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir… Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq.» 

2024-cü ilin ötən 9 ayında işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın bu məkanlara qayıdışına diqqət yetirdikdə böyük qürur hissi keçiririk. Belə ki, cari ildə ötən dövründə Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, həmçinin Sus kəndi sakinlərinə qovuşdu. Oktyabrın 4-də Cəbrayıl Şəhəri Günündə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Həmin mərasimdəki çıxışında «Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur» söyləyən cənab İlham Əliyev diqqəti Cəbrayıl rayonuna səfəri zamanı tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanışlığa yönəldərək bildirdi ki, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar.

Cari ilin sonuna qədər Xankəndi və Kəlbəcər şəhərlərinə də qayıdış nəzərdə tutulub. Son dörd ilin mühüm reallıqlarından biri torpaqlarımızın azad edildiyi tarixlər, yaxud bayram günləri keçmiş məcburi köçkünlərin qayıdışı ilə yadda qalır. Bu ilin may ayında, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Şuşa, 28 May-Müstəqillik Günündə Xocalı, 4 oktyabr -Cəbrayıl Şəhəri Günündə Cəbrayıl sakinləri doğma yurd-yuvalarına qayıtdılar.

Bu məqamı da xüsusi vurğulamalıyıq ki, Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılır. Onu da qeyd edək ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqyası bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə bildirir ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasına dost ölkələrin böyük dəstəyi var. Türkiyədən olan şirkətlər bu prosesdə fəal iştirak edirlər. Azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu, həm bizi sevindirir, həm də bütün türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlandığı andan belə bir çağırışı etdi ki, bərpa-quruculuq işlərində dost ölkələrin iştirakını istərdik. Qeyd edək ki, azad edilmiş torpaqlarda türkdilli ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən Füzuli rayonunda inşa edilib. Bir məktəbin təməlini isə bu il Qırğızıstan Prezidenti ilə cənab İlham Əliyev Ağdam rayonunda qoydular. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ölkə iqtisadiyyatının dayanıqlı inkişafının göstəricisidir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə etdiyi səfərlərə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən dörd ilə yaxın dövrdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının 2025-ci ilin əvvəlində istifadəyə hazır olmasının nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. 

İşğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

30 illik işğal dövründə çətinlik şəraitində yaşayan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülməlidir. Cənab İlham Əliyev vurğulayır ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır. Sosial xidmətin təminatı üçün bu ərazilərdə də “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk “ASAN xidmət” Şuşa şəhərində istifadəyə verildi. Növbəti mərkəzin isə Füzulidə tikiləcəyi bildirilir. Tarixi sahibinə qayıdan torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihələri üzrə yenidən qurulur. Daim ilklərə imza atan Azərbaycan bu gün «ASAN xidmət», DOST layihələrinin davamı olaraq «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası ilə diqqətdədir. Cənab İlham Əliyev bu hədəfi də açıqlayır ki, gələcəkdə digər bölgələrimizdə də bu layihələr tətbiq edilə bilər.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin hər biri bu torpaqlarda yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bunun üçün Cəbrayıl Şəhər Günü ərəfəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində açılışında və təmləqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Onu da qeyd edək ki, oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür.

Bu gün Azərbaycan şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. 2022- 2023-cü illərdə Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi də bunun bariz nümunəsidir. Tədbir üçün məhz bu şəhərlərin seçilməsi təsadüfi deyil. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”, Ağdam şəhəri isə ilk «ağıllı şəhər» olacaq. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin sentyabr ayında Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonağın və ümumilikdə 400 iştirakçının qatıldığını nəzərə alaraq bir daha diqqəti bu reallıqlara yönəltdi ki, biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır. 2022-ci ildə birinci Şəhərsalma Forumu Ağdam şəhərində keçirildi. Həmin şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar: «Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.»

Dövlətimizin başçısı hər bir yeni təcrübənin ölkəmizə gətirilməsini və tətbiqini qarşıya mühüm vəzifə kimi qoyub. Qalib, bütövləşən Azərbaycana hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi qazandığı mövqeyə daim yeni əlavələr edir. Prezident İlham Əliyev ötən il Zəngilanda keçirilən «Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində onu da qeyd etdi ki, insanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, Vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. Qəbiristanlıqların böyük bir hissəsi işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb. Onlar bu imkanı, bu fürsəti 30 il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi - bizim şanlı Qələbəmizlə bitən müharibə onlara bu şəraiti yaratdı. Bu gün onların bizdən gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq.

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev öz doğma yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlərlə görüşündə daim bu çağırışı edir ki, siz buna layiqsiniz. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamısınız. Təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir: «Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir.»

Yeganə Əliyeva, «İki sahil»