22 oktyabr 2024 00:14
306

Zəngəzur dəhlizi: Sülh sazişinin «Qordi düyünü»

Bu düyün Prezident İlham Əliyevin siyasi qətiyyətinin, dünyada dəstəklənən diplomatiyasının, Türkiyə-Azərbaycan birliyinin gücü ilə açılacaq

Bu günlərdə İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərləri Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Arakçinın iştirakı ilə 3+3 formatda keçirilən iclas bölgədə sabitliyin təminatı üçün mühüm əhəmiyyətli olsa da, diqqət yetirilən əsas məsələ yenə də beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiyaların reallaşmasına yönəldilmiş, bu sahədə həlli vacib məsələlər ətrafında müzakirələr aparılmışdır. Region dövlətləri arasında əməkdaşlığın dünya siyasətinə təsiri ilə bağlı təkliflər diqqətə çatdırılmışdır. İkinci Qarabağ müharibəsindən sonra bölgədə sabitliyin təminatı üçün Türkiyə və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması çərçivəsində görülən işlər nəzərdən keçirilmişdir.

Bəllidir ki, Vətən müharibəsindən sonra bölgədə əmin-amanlığın, region ölkələri arasında siyasi, iqtisadi əməkdaşlığın təminatını şərtləndirəcək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün bütün imkanlarıdan istifadə edən rəsmi Bakının səylərinə baxmayaraq hələ də Qərblə, ABŞ-la məsləhətləşən, qeyri-ciddi davranışları, revanşist sayıqlamaları ilə vəziyyəti gərgitləşdirən rəsmi İrəvan danışıqlar prosesinə əngəl törədir. Cənubi Qafqazda sülhün və sabitliyin təminatı üçün göstərdiyi səyləri təmkinlə, beynəlxalq hüquq normaları əsasında davam etdirən Azərbaycandan fərqli olaraq imzaladığı sənədlərə, üzərinə düşən öhdəliklərə əməl etməkdən boyun qaçıran Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişi ilə bağlı mövqeyini tez-tez dəyişməsinin, əsassız bəhanələrə istinad etməsinin başlıca səbəbi kommunikasiyalarla bağlıdır. Konkret deyilsə, bölgədə söz sahibi olmaq, maraqlarını gerçəkləşdirmək istəyi ətrafında getdikcə gərginləşən rəqabətin kökündə duran əsas məsələ «Qordi düyünü» kimi həlli müşkülə çevrilən Zəngəzur dəhlizinin bərpasıdır. Əslində Zəngəzurla bağlı tarixi həqiqətlər özlüyündə bütün qaranlıqlara işıq salır. Bu ərazilərin tarixən Azərbaycana məxsus olmasını Ermənistan da, rəsmi İrəvanı xəyallar aləminə səyahətə aparan Ağ Ev rəsmiləri kimi Qərbin araqarışdıran başabəla siyasətçiləri də aydın başa düşürlər.
XIX-XX yüzilliklər bir çox dövlətlərin, o cümlədən Azərbaycanın tarixində mühüm siyasi, təlatümlü hadisələrlə yadda qalmışdır. Həmin dövrlərdə Rusiya imperiyası Cənubi Qafqaza gəlmə olan nökərlərinə -ermənilərə havadarlıq edərək qonşu dövlətlərin əraziləri hesabına qondarma «erməni vilayəti» yaratdılar. Sovet hakimiyyəti illərində bölgədə ermənilərin möhkəmlənməsi üçün Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verildi. Bununla kifayətlənməyən ermənilər hətta Dağlıq Qarabağa da iddialı olduqlarını bildirdilər. O hadisələri təcrübəli dövlət xadimi, tarixi şəxsiyyət kimi təhlil edən Ulu Öndər Heydər Əliyevin «Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi» sözlərinin dəyəri bu günlərdə daha çox hiss olunur.
Tarixən Naxçıvana göz dikənlərin çox olduğunu nəzərə almaqla demək olar ki, bu cür müqavilələr həyati əhəmiyyətli sənəd idi. O dövrdə Naxçıvanı öz əraziləri hesab edən ermənilər bu torpaqlara sahib olmaq niyyətlərini açıq-aşkar söyləyirdilər və məqsədlərinə çatmaq üçün havadarlarından dəstək alırdılar. Sovet hakimiyyəti yeni qurulan zaman Zəngəzur mahalının və Araz sahilindəki Mehrinin Ermənistana verilməsi Azərbaycana qarşı ədalətsizliyin daha bir nümunəsi idi. Bu cür «pay almalardan» şirniklənən ermənilərin bu gün Zəngəzur dəhlizi ilə bağlı əsassız iddialarının aktuallaşması daşnak ideologiyasının zərərli təzahürü kimi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ciddi təhlükədir. Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən Qars müqaviləsini təzələməklə bu cür xəyanətkar əməllərin qarşısını aldı. Daha aydın deyilsə Naxçıvanı Ermənistanın işğalından qorudu.

«…Xatirimdədir, 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin Sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı Baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik. Uzun bir fasilədən sonra Türkiyə Cümhuriyyətinin başçıları, xüsusən Baş nazir Süleyman Dəmirəl bütün mətbuat qarşısında bəyan etdi ki, Moskva və Qars müqavilələrinə görə, Naxçıvan Muxtar Respublikasının statusunda əgər bir dəyişiklik edilərsə, Türkiyə burada səs sahibidir. Bu, həqiqətən də belədir. Çünki həm Qars müqaviləsini, həm də Moskva müqaviləsini imzalayan bir tərəf də Türkiyədir. Türkiyə o vaxt olduğu kimi, indi də dünyanın böyük, müstəqil dövlətidir. Bu baxımdan Türkiyə o vaxtdan Naxçıvan Muxtar Respublikasının qarantı kimi olubdur. Bunlar bizim tariximizin səhifələridir» söyləyən, uzaqgörən siyasətçi, torpağına bağlı olduğunu dövlətçilik təcrübəsinə əsaslanaraq bildirən, tarixi şəxsiyyət olduğunu təsdiqləyən Ulu Öndər Heydər Əliyevin qətiyyətinin nəticəsidir ki, bu gün Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində real addımlar atılır. Amma erməni xəyanətkarlığı hələ də özünü büruzə verir.

Yaxın keçmişə nəzər salaq. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi naminə göstərdiyi qətiyyətin daşnak siyasətinin qarşısında keçilməz sədd olduğunu açıq-aşkar bildirən erməni millətçisi, «Qarabağ» təşkilatının lideri İqor Muradyan məktublarında ASALA terrorçularının Türkiyənin, Azərbaycanın tanınmış siyasi xadimlərini qətlə yetirdiklərini fəxrlə açıqlayır: «Babək Səhl Sumbatın qəsdinin qurbanı olub. Aram Yergenyan Fətəli Xan Xoyskini qətlə yetirib. N.Nərimanovun, 1937-ci il qurbanlarının çoxunun mikoyanların, sarkisyanların, mirzoyanların hiylələri ilə son qoyulub. Növbəti hədəf Heydər Əliyevdir.» Daşnakların ideoloqlarından olan Zori Balayan Ermənistanda nəhr olunan jurnalda dərc etdirdiyi məqaləsində daşnaklara xitabən yazırdı: «Heydər Əliyev getdi, bəs indi nəyi gözləyirsiniz?» Ulu Öndərin siyasi iradəsi, millətinə sadiqliyi qarşısında acizliyini hər məqamda bildirən Zori Balayan erməni dəstəkçisi, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçova yazdığı açq məktubda və Ermənistanda çıxan «Kommunist» qəzetində dərc olunmuş «Artsağın arzuları və ümidləri» məqaləsində türkçülüyə nifrətini bu sözləri ilə bildirmişdi: «Mənim əzizlərim! Unutmayın ki, hələ 1987-ci ildə «Vozni» adlı jurnalın redaktoru, şair, qatı antitürk Aramais Saakyan oxucularla görüşündə Qarabağla bağlı suala belə cavab vermişdi: «Qarabağ məsələsinə başlamazdan əvvəl yuxarıdakı türk paşasının (yəni Heydər Əliyevin-red.) məsələsini həll etmək lazımdır.»

Hazırda Ermənistanın Zəngəzur dəhlizindən siyasi alver kimi istifadə etməsi daşnak ideologiyasının, xəyanətinin başqa motivlərlə təkrarlanmasıdır. Tarixən Azərbaycan ərazisi olan Zəngəzuru zəbt etməklə hətta Naxçıvanın güya ermənilərə məxsusluğunu sübuta yetirmək üçün daim havadarlarından dəstək gözləyən ermənilər statusu Moskva və Qars beynəlxalq müqavilələri ilə müəyyənləşdirilən muxtar respublikanı özününküləşdirə bilməmişlər. Ermənilərin İrandan Naxçıvana köçürülməsinin şahidi olan rus yazıçısı və diplomatı Aleksandr Qriboyedov belə bu qədim odlar diyarını «müsəlman ölkəsi» adlandırmışdır. ABŞ-da «Naxçıvanı Ermənistana birləşdirmək» hərəkatı yaradan ermənilər bu istəklərini beynəlxalq səviyyədə ictimailəşdirməyə də çalışmışlar. Ermənilərin «Qarabağı başlayan adam» adlandırdıqları, «Naxçıvan və Qarabağ-bir medalın iki üzü» adlı yazının müəllifi, Qars müqaviləsinə qarşı çıxan Zori Balayanın «Qarabağ hərəkatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi özümüzə qaytardı. Başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur» sözləri ermənilərin mifik təfəkkürünü bu gün yenidən qıcıqlandırır. «Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı» söyləyən Balayanın etirafına cavab İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər oldu. Başdan-başa yalanlarla dolu çızmaqarası «Ocaq»ı ilə erməniləri «miatsum» çağırışına səsləyən Balayanın sonrakı davamçıları da Zəngəzur, Naxçıvan istəklərinə çatmadılar.

İşğalçı ölkənin sabiq prezidenti Serjik Sarkisyanın «Əlbəttə ki, Tavuşda silahlı qüvvələrimiz ən yaxşı tərəflərini göstərdi və son dərəcə vacib bir məsələni (söhbət görəsən hansı məsələdən gedir?-red.) həll etdi. Silahlı Qüvvələrimiz təbrik edilməlidir. Ancaq eyni şey 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində aparılmalı idi. Bu, zərurət idi» sayıqlaması Xocalıda günahsız insanları qətlə yetirdiyini etiraf edən uşaq qatilinin mifoloji sərsəmləməsi idi. 2011-ci ildə erməni tələbələri ilə görüşündə gənclərin «Ağrı dağının nə zaman Ermənistana birləşdiriləcəyi» ilə bağlı sualını «Bu sizin və sizin kimi gənc nəslin əlindədir» sözləri ilə cavablandıran Serjik Sarkisyanın ermənilərlə bağlı «ali irq» təsəvvürü 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun arsenalında olan PUA-larla göyə sovruldu. Daşnakların həmişə həsrətində olduqları Naxçıvanı müntəzəm atəşə tutmaları həsəddən yanan ürəklərinə su səpmə alışqanlığıdır. Həqiqət isə budur ki, Sarkisyanın «gələcəyi parlaq erməni gənclərinin» idarə etdikləri «qüdrətli ordunun müasir silah -sursatları» Bakıdakı Hərbi Qənimətlər Parkında növbəti sınıq-salxaq «hərbi avadanlıqlarını» gözləyir. Naxçıvanda yaradılan Ümumqoşun Əlahiddə Ordunun qüdrətini Günnüt əməliyyatı zamanı görən, Zəngəzur dəhlizinin bərpasını gecikdirməklə Naxçıvan iştahalarının gerçəkləşəcəyinə inanan, ABŞ-ın, Qərbin yalanları, baş tumarlamaları ilə arxayınlaşan baş nazir Nikol Paşinyan dəqiq bilir ki, Zəngəzur dəhlizi ilə bağlı bəhanələri öz başında çatlayacaq.

Prezident İlham Əliyevin göstərdiyi qətiyyət, siyasi iradə və region dövlətləri arasındakı əməkdaşlığın genişləndirilməsi naminə atdığı inamlı addımlar, «Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq» sözləri daha realdır. 2020-ci ilin 10 noyabrında Ermənistanın baş naziri Nikol Paşinyanın da imzaladığı üçtərəfli Bəyannamə, kapitulyasiya aktı da təsdiqləyir ki, məğlub Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı sərsəmləmələri boş xəyaldır. Artıq Azərbaycan ərazisində «Dağlıq Qarabağ» adlı ərazi vahidinin olmadığı kimi, Naxçıvanın da Ermənistana aidiyyəti mümkün deyil. Bu reallıqla barışmaq istəməyənlərə xəbərdarlıq edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan və havadarları nə qədər çalışsalar da, Zəngəzur dəhlizinin bərpasına mane ola bilməyəcəklər. Muxtar respublikanın sərhədlərində təxribatlar törədib, atəşkəsi pozan ermənilər çox yaxşı bilirlər ki, onların «müzəffər və güclü orduları» yoxdur.
 Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, fərarilərdən, satqınlardan, cəlladlardan, qorxaqlardan ibarət erməni terrorçularının sərkərdələr yetirmiş Naxçıvanla bağlı iddiaları boşboğazlıqdır: « Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.»

BMT tribunasından «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək!» sözləri ilə Azərbaycana qardaş dəstəyini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir», Prezident İlham Əliyevin «Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır» sözləri daha real və inandırıcıdır.

Xuraman İsmayılqızı, «İki sahil»