22 oktyabr 2024 00:43
127

İsveçrə parlamentarilərinin qərəzli mövqeyi

Bu ölkə Qarabağdan köçmüş ermənilərin bu torpaqda yaşamaq haqqını müdafiə edir, amma Qərbi Azərbaycandan silah gücünə qovulan soydaşlarımızın öz dogma yurdlarında yaşaması hüquqlarını dilə gətirmir

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Qərbin bəzi ölkələrini ciddi şəkildə narahat edib. Erməni lobbisinin əlində alət olan bəzi Qərb dövlətləri ölkəmizi qaralamaq üçün heç bir fürsəti əldən vermir, həyasızcasına Azərbaycanı Qarabağın erməni əhalisinin “etnik təmizləməsində” və onların buradan zor gücünə qovulmasında ittiham edirlər. Halbuki ermənilər Qarabağı könüllü surətdə tərk edən zaman bölgədə prosesə şahidlik etmiş dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin müşahidə missiyası onların ərazisini öz istəkləri ilə, heç bir zorakılıq halları olmadan köçmələrini bəyan etmişdi.

Sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir. Reallıq ondan ibarətdir ki, bəzi ölkələr, xüsusilə də özlərini dünyanın aparıcı dövlətləri kimi təqdim etməyə çalışan böyük güclər bir ovuc ermənin əsirinə çevrilib. Bəzən bunun səbəbini Avropada və ABŞ-da erməni lobbisinin güclü olması və erməni faşizminin müəyyən siyasi, iqtisadi, maliyyə sferalarına nüfuz etməsi ilə əlaqələndirilir. Digər amil isə seçkilərdə namizədlərin erməni lobbisindən asılı olmasıdır. Məhz bu digər səbəblərlə əlaqədar olaraq ABŞ-ın və Avropanın bəzi siyasi dairələri erməni lobbisinin çaldığı hava ilə oynayır, onların tezislərindən geninə-boluna istifadə edirlər. Xüsusilə də Azərbaycana qarşı qərəzli, şər və böhtanlarda sözügedən ölkələr daha fəal iştirak edirlər. Vaxtaşırı olaraq Fransa, Niderland, Almaniya, ABŞ, bu günlərdə isə İsveçrə və digər erməni lobbisinin fəal olduğu ölkələr Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul edir, separatçı çağırışlarla çıxışlar edirlər.

Qarabağdan Ermənistana gələn insanların mütləq əksəriyyətinin məhz Ermənistan vətəndaşı olması faktoloji şəkildə öz sübutunu tapıb. Hələ 2023-cü ildə Ermənistan KİV-ləri yazırdılar ki, Qarabağdan köçdüyü iddia edilən “100 min erməni”nin yalnız 1143 nəfəri yataqxana və ictimai mənzillərdə yaşayır - yerdə qalanı öz evinə qayıdıb. Bu isə həmin “qaçqın ermənilər”in böyük əksəriyyətinin Qarabağ sakini olmadığı, işğal illərində qanunsuz məskunlaşdırıldığı və yaxud Ermənistan vətəndaşı olduğu haqda faktları bir daha təsdiqləyir. Ermənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Terteryan da bildirmişdi ki, Qarabağdan gedən ermənilərin böyük əksəriyyətinin Ermənistanda evi, yaşamağa şəraiti var. Həmçinin onların əksəriyyəti Ermənistan pasportu daşıyır. Əsl sayı iddia edilənlərdən on dəfələrlə az olan Qarabağı könüllü şəkildə tərk edən ermənilərin “hüquqları” qorunduğu halda, tarixi Azərbaycan torpaqlarından - hazırki Ermənistandan, öz ata yurdundan qovulan 300 mindən artıq azərbaycanlının hüquqları isə görməzdən gəlinir. Qərbi Azərbaycan İcması (QAİ) Erix Fontobel başda olmaqla, İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusunu qınayaraq bəyanat verib.

İcmanın yaydığı bəyanatda bildirilib ki, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir və ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilir: "Xüsusilə, ermənipərəst mövqedə dayanan, korrupsiyaya batmış Luis Moreno Okamponun qərəzli hesabatlarına istinad edilməsi, sorğunun əsl mahiyyətini üzə çıxarır. İsveçrəli deputatlar heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayaraq əlavə 800 minə yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməmişlər. Azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına və Ermənistanda, eləcə də vaxtilə işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin məqsədyönlü şəkildə dağıdılmasına qarşı susqunluq nümayiş etdirmək, İsveçrə parlamentarilərinin qərəzli mövqeyini açıq-aydın göstərir.

İsveçrəli deputatların təhrif edilmiş məlumatlara əsaslanan bu təşəbbüsü regionda sülh və sabitliyə zərbə vurur, etnik qarşıdurmaların qızışdırılmasına xidmət edir. Biz Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, eləcə də sülhə qarşı yönəlmiş, irqi ayrı-seçkiliyə yol verən bu cür təşəbbüsləri qətiyyətlə pisləyirik. Biz, Qərbi Azərbaycan İcması olaraq, İsveçrə Federal Məclisinin üzvlərini qərəzli və ədalətsiz təşəbbüslərdən imtina etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına geri qayıtmaq hüququnu tanımağa və bu məsələdə beynəlxalq hüququn tələblərinə uyğun hərəkət etməyə çağırırıq".

Amma nədənsə hələ də İsveçrə dərk etmir ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış Ermənistandır. Bu mənada əminliklə demək olar ki, İsveçrə diplomatları Azərbaycanla Ermənistanı səhv salıblar. Niyə İsveçrə və ya başqa bir dövlət 35 ildən artıqdır ki, haqsızlığa uğradılımış bu insanların haqqını və hüquqlarını müdafiə etməyi yada salmır? Onlar iddia edirlər ki, Qarabağdan getmiş ermənilərin Qarabağda yaşamağa haqqı var - bəs, Qərbi Azərbaycandan qovulan soydaşlarımızın da öz torpaqlarına qayıtması, orada yaşaması hüquqları yoxdurmu? Görəsən bu hüquq niyə tanınmır?

Şəmsiyyə Əliqızı, “İki sahil”