22 oktyabr 2024 01:57
249

Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə deyil, Avrasiya üçün önəmli amilə çevrilib

Dövlət başçısı İlham Əliyev iki dost, qardaş ölkənin münasibətlərinin ikitərəfli gündəliyinin geniş olduğunu önə çəkərək bu məqamı xüsusi qeyd edir ki, fikir birliyi, vəhdət, mövqe birliyi var, belə də olmalıdır

“Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.» Dövlət başçısı İlham Əliyev bu ilin iyul ayında Qarabağın tacı Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə onu da bildirdi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi hər zaman türk dünyasının birliyi kimi qəbul edilərək, digər ölkələrin də bu dostluqdan, qardaşlıqdan nümunə götürərək münasibətlərin inkişaf etdirilməsinə çağırışlar edilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərməklə yanaşı, bunun daha da möhkəmləndirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafı da bunun bariz nümunəsidir. Yuxarıda qeyd etdiyimiz Zirvə görüşündəki çıxışında Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bildirdi ki, biz lap əvvəldən bu Zəfəri təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması olaraq gördük. Bu çərçivədə müzakirə prosesi böyük səy və həssaslıqla aparılan Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ən qısa müddətdə imzalanması ilə Cənubi Qafqazda genişmiqyaslı regional həllin qarşımızdakı ən böyük əngəli ortadan qaldıracağına inanıram. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq. O da qeyd edildi ki, beynəlxalq təşkilatların onilliklər ərzində Azərbaycana qarşı ədalətsizliyə göz yummasına baxmayaraq, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə öz qəhrəmanlığı sayəsində haqqını bərpa etdi. Birinci Qarabağ müharibəsi nəticəsində öz yurdlarından didərgin salınan bir milyon azərbaycanlı qardaşımız üçün səsini çıxarmayan dövlətlərin bu gün haqsız və əsassız ittihamlarla qardaş Azərbaycanı hədəfə alması əsla qəbul edilə bilməz. Türk dünyası olaraq bu əsassız ittihamlara qarşı Azərbaycana güclü dəstək verməyimiz qardaşlığımızın olduğu kimi, ədalətin də zərurətidir.

Göründüyü kimi, iki dost Azərbaycan və Türkiyə bütün hallarda ədalətin və beynəlxalq hüququn yanında olaraq tarixi köklərə, qardaşlığa söykənən münasibətlərin daha da möhkəmləndirilməsində səylərini artırırlar.

Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki ölkə ədalətin və beynəlxalq hüququn yanında olaraq daim bütün məsələlərin bu prinsiplər əsasında çözülməsinə səy göstərirlər. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə ilə əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Eyni kökə, dilə, dinə sahib xalqlarımızın minilliklərə söykənən qədim tarixinə nəzər saldıqda saysız-hesabsız qardaşlıq nümunələrinə rast gəlmək mümkündür. Türkiyə və Azərbaycan xalqlarının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir.

Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Rəcəb Tayyib Ərdoğan «Azərbaycan tək deyil, Türkiyə yanındadır» mesajını ünvanladı, bu dostluğun, qardaşlığın sarsılmaz olduğunu dünyaya nümayiş etdirdi. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan tərəflər bir daha əmin oldular ki, mövzu Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Odur ki, əminliklə deyə bilərik: Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir. Bu Zəfər qardaş ölkələrimizin tarixinin səhifələrinə daha parlaq işıq salır. Vətən müharibəsinin gedişi dövrünə nəzər saldıqda küçə və meydanlarda Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalandığını görür və bundan böyük qürur hissi keçiririk. Bu bayraqlar Zəfərimizdən sonra Qarabağın tacı Şuşada birgə dalğalandı. Şuşa Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri Türkiyə Prezidenti etdi. Şuşa Bəyannaməsinin imzalanması mərasimində qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bu sənəd ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. On bir A4 səhifəsindən ibarət bu Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.

Prezident İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini onun imzalanması mərasimindəki çıxışında məhz bu cür ifadə edib: “Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm təkan verib. Qardaş ölkələrimiz bu sənəddən irəli gələrək strateji müttəfiqlik münasibətlərini bütün sahələrdə uğurla inkişaf etdirir. Türkiyə Azərbaycan Ordusunun ən müasir tələblər səviyyəsində modernləşdirilməsinə də fəal dəstək göstərib. Qardaş ölkələrimizin ordularının peşəkarlığının artırılması məqsədilə mütəmadi qaydada genişmiqyaslı hərbi təlimlər keçirilir.

Azərbaycan-Türkiyə əlaqələri tarixi Zəfərimzdən sonra ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Hər iki dövlət başçısının ölkədə keçirilən prezident seçkilərində inamlı qələblərindən sonra ilk səfər etdikləri ölkə Azərbaycan və Türkiyə olur. Bu münasibətlərimizin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Ötən ilin iyununda cənab Rəcəb Taayib Ərdoğanın seçkilərdə qələbəsindən sonra ilk səfərini ölkəmizə etməsini dostluğumuzun, qardaşlığımızın nümunəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev iki ölkə arasında münasibətlərin gündəliyinin kifayət qədər geniş olduğunu bildirdi . Bu mühüm məqam xüsusi qeyd edildi ki, fikir birliyi, vəhdət, mövqe birliyi var, belə də olmalıdır. Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.

Onu da qeyd edək ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Qardaş ölkə Azərbaycanın müstəqilliyini 1991-ci ilin noyabrında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ilin ilk ayında qurulub. 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə isə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin isə hazırda Gəncədə və Naxçıvanda baş konsulluqları fəaliyyət göstərir.

İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır. Əvvəlcə regional çərçivədə qurulan əlaqələr zaman-zaman coğrafiyasını genişləndirdi. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə siyasi iradəsi əsasında reallığa çevrilən bu layihələr ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə çevirdi.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirilmiş fəaliyyəti, qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Hər iki dost ölkə beynəlxalq təşkilatlarda da vahid mövqe ortaya qoymaqla dünyanın diqqətindədirlər. Azərbaycanın olmadığı yerdə Türkiyə, qardaş ölkənin olmadığı yerdə isə Azərbaycan vahid mövqe ortaya qoyur. Azərbaycan-Türkiyə münasibətləri yazının əvvəlində də qeyd etdiyimzi kimi, türkdilli ölkələr və xalqlar arasında birliyin, əməkdaşlığın daha da gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən biridir. Prezident İlham Əliyev bununla bağlı bildirir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün Türk dünyası üçün də mühüm rol oynayır. Biz Türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk.»

Bundan başqa, Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının, digər mühüm obyektlərin açılışlarında birgə iştirakı işğaldan azad olunan ərazilərin dirçəldilməsinin sürətləndirilməsinə verilən böyük önəmin göstəricisidir.

Ötən il fevralın 6-da qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, on minlərlə insanın xəsarət alması Azərbaycan xalqını dərindən sarsıtdı, kədərləndirdi. Faciədən dərhal sonra Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, ölkəmizin Türkiyənin dərdinə şərik çıxdığını, Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Dövlətimizin başçısı 420 nəfərdən ibarət xilasedici heyətin qardaş ölkəyə göndərildiyini və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaqlarını ifadə etdi. Qardaş xalqın bu ağır günündə Azərbaycanın dərhal yardım əlini uzatması Türkiyədə sıravi vətəndaşlardan tutmuş dövlət rəsmilərinə qədər dərin minnətdarlıq hissi ilə qarşılandı. Ötən ilin mart ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulsa da dövlətimizin başçısı İlham Əliyevin qardaş Türkiyədə baş verən faciəni önə çəkərək quruma üzv dövlətlərin birgə qərarı ilə bu tədbirin Türkiyədə keçirilməsinin vacibliyini bildirdi. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşləri Şuşada bu il keçirildi. Türk dünyasını bir araya gətirən Şuşadan birlik, həmrəylik, dostluq, qardaşlıq çağırşları səsləndirildi.

Qardaşlığımızın daha bir təzahürü Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsidir. Ümumi sahəsi 32 hektar olan məhəllənin layihəsinə əsasən burada yaşayış binaları, məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi salınır. Məhəllədə 71 yaşayış binası inşa olunacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən icra olunur.

Reallıq budur ki, Azərbaycan və Türkiyə tarix boyu bir sıra sınaqlarla üzləşsələr də, həmin çətinliklərdən mətanətlə çıxıblar. Ən fərəhləndirici məqam ondan ibarətdir ki, dövlətlərimiz və xalqlarımız bu çətinliklərin öhdəsindən gəlmək üçün bir-birinə əsl qardaşlıq dəstəyi göstərib. Türkiyə dövləti və xalqı bu çətin sınağı artıq arxada qoyub.

Bu gün hansı sahəyə diqqət yetirsək Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişafını görərik. Tarixi Zəfərimizdən sonra gündəmə gətirilən əsas istiqamət media sahəsində əməkdaşlığın möhkəmləndirilməsi oldu. Hər iki ölkə mütəmadi olaraq dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalır. Ölkələrimizə qarşı əsassız təbliğatlar davamlı xarakter daşıyır. Bu, öz növbəsində ictimai fikrə təsir imkanları geniş olan mətbuat sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə çağırış edir. Ortaq Media Platformasının yaradılması da bunun bariz nümunəsidir.

Tarixi Zəfərimizdən sonra əlaqələrin yeni istiqamətlər üzrə inkişafında təhsil sahəsini də xüsusi qeyd etməliyik. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Bu sənədə uyğun olaraq yaradılan universitet bu ilin sentyabr ayında ilk tələbələrini qarşıladı. Türkiyə-Azərbaycan Universitetində 90-a yaxın tələbə təhsil alır. Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamına əsasən, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilir.

Atılan hər bir addım münasibətlərimizin daha da möhkəmlənməsinə, bütün sahələrdə uğurlu inkişafına xidmət edir. Hər zaman qeyd edildiyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə yerli televiziya kanallarına müsahibəsində diqqəti Azərbaycan-Türkiyə münasibətlərinə yönəldərək bildirib ki, Azərbaycanla bir çox sahələrdə tək dövlət kimi fəaliyyət göstəririk. Həssas qurumlarımız çox yaxın əməkdaşlıq edirlər. İqtisadiyyatlarımız da bir-birinə çox yaxın formada inkişaf edir. Maraqlarımızın müəyyənləşdirilməsi, strateji yanaşmalarımız və dost-düşmən anlayışlarımız bir-biri ilə üst-üstə düşür. Nazir ölkələrimizin “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət etdiyini vurğulayıb: «İki dövlətin, xüsusilə onların strateji qurumlarının ortaq fəaliyyət göstərməsi, başda Cənubi Qafqaz olmaqla, regional və geosiyasi fırtınalarla mübarizə aparan qlobal siyasətə qarşı rasional bir perspektiv yaradır və inteqrasiyanı daha da dərinləşdirir.»

Yeganə Əliyeva, «İki sahil»