24 oktyabr 2024 00:14
80

Gənclərin ictimai-siyasi və mədəni həyatda fəallığı artır

Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək COP29 tədbirində könüllülərin 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyəti nəzərdə tutulur

1993-cü ildə hakimiyyətə qayıdışı ilə siyasi, iqtisadi böhran içərisində olan Azərbaycanı islahatlar ölkəsinə çevirən Ümummilli Lider Heydər Əliyev prioritet sahələrdən olan gənclərə diqqət və qayğını artırdı. Bu siyasət nəticəsində yeni nəslin fiziki sağlamlığına və əqli inkişafına təkan verən sağlam mühit yarandı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən daha geniş sferada davam etdirilməsi Azərbaycan gənclərinin respublikanın ictimai siyasi həyatındakı rolunu daha da gücləndirdi. Gənc nəsli düşündürən problemlərin həlli üçün mühüm islahatların həyata keçirilməsi üçün imkanların səfərbər edilməsi, mühüm əhəmiyyətli Dövlət proqramlarının qəbulu ilə gənclər siyasətinin forma və mahiyyəti yeni istiqamətlər üzrə daha da təkmilləşdirildi. Zamanın tələblərinə uyğun formalaşan yeni ixtisas və peşələr üzrə hazırlanan kadrların dövlət qulluğuna cəlbi ilə gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artması üçün geniş imkanlar yaradıldı. Günümüzün reallığı budur ki, Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar. Bütün sahələrdə dövlət dəstəyindən bəhrələnərək çalışdıqları sahələrdə fəallıq göstərir, cəmiyyətin sosial-iqtisadi inkişafına töhfələr verirlər. Xarici ölkələrdə dövlətin qayğısı ilə təhsil alan gənclərimiz Azərbaycanın müasir dövrün tələblərinə uyğun yenilənən iqtisadiyyatının bütün sahələrində çalışaraq ixtisaslı kadrlar kimi vətəndaşlıq borclarını yerinə yetirirlər.

Birinci və İkinci Qarabağ müharibələrində göstərdikləri şücaətləri, vətənpərvərlikləri ilə bütün dünyaya azərbaycançılıq ideyasının, milli ruhun yenilməzliyini göstərən qəhrəman oğullarımız Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yeni səhifələr yazdılar. Torpaqlarımızı Ermənistanın işğalından azad edən, Şuşanın sərt qayalarında qəhrəmanlıq dastanı yazan əsgərlərimiz Zəfərə uzanan döyüş yolunda
 azərbaycançılıq ideologiyasına, Vətənə, yurda sədaqət, torpağa bağlılıq duyğularına sadiq qalaraq nümunə göstərdilər. İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşən qəhrəmanların əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz Vətəninə daim bağlıdır və heç nədən qorxmadan ağır döyüşlərdə Qələbə naminə vuruşdular. «Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər» sözləri ilə yeni nəslə sonsuz inamını, etimadını ifadə edən Prezident İlham Əliyevin «Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər» ifadələri müasir düşüncə tərzinə malik gənclərimizin əməyinə, qətiyyətinə verilən çoxsaylı dəyərlərdən bir nümunədir.

Prezident İlham Əliyevin inamını və etimadını Vətənə, millətə, dövlətə sədaqətlə xidmətləri ilə doğruldan, ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər işğaldan azad edilmiş torpaqlarımızda da qətiyyətlə çalışır, onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsinə töhfələr verirlər.

Bu gün gənclərimiz elm, təhsil, mədəniyyət, idman sahələrində də uğurlara imza atırlar. Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub.

Gənclərin hamisi, yeni nəslin fiziki cəhətdən sağlam böyüməsini , milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsini gələcəyimiz üçün etibarlı zəmin kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı ilə mövcud imkanlar daha da genişləndirilir. Gənclər siyasəti ilə bağlı qəbul olunan Dövlət proqramlarının həyata keçirilməsi ilə gənclərin dövlət qulluğuna irəli çəkilməsi prosesi sürətləndirildi. Bacarıqlı kadrlara, mütəxəssislərə potensiallarından səmərəli istifadə üçün geniş imkanlar yaradıldı. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzinin yaradılması, 44 Olimpiya İdman Mərkəzinin istifadəyə verilməsi bu qayğının təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Elmin İnkişafı Fondu, Gənclər Fondu vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Gənclərdə idmana artan kütləvi maraq və həvəs günümüzün reallığıdır. Hazırda bütün beynəlxalq olimpiada və yarışlarda iştirak edən, ölkəmizə medallar qazandıran gənclər bütün bölgələrdə fəaliyyət göstərən idman mərkəzlərində, komplekslərində hazırlanırlar. Gənclər üçün yaradılan bu imkanların nəticəsində standartları Azərbaycanda yazılan Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımız qazandıqları medalların sayına görə ilk sıralarda yer aldılar. Birinci Avropa Oyunlarında yaddaqalan könüllülük hərəkatı Azərbaycan brendi, ilk təcrübə kimi qonaqlar tərəfindən maraqla qarşılandı. Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında gənc oğlan və qızlarımız qazandıqları medallarla Azərbaycanda idmanın daim inikşafda olduğunu göstərməklə dünyada ilk olan könüllülər hərəkatının öncülləri kimi də diqqət çəkdilər. Azərbaycan gəncliyinin tükənməz potensialını hərəkata qoşulmaqla dünyaya bəyan edən könüllülərimiz milli-mənəvi dəyərlərimizin, tariximizin təbliğində xüsusilə fərqləndilər. 2020-ci ilin «Könüllülər ili» elan olunması isə gənclərin cəmiyyətdə daha fəal qüvvə kimi təqdim olunmaq imkanlarını genişləndirdi.

Qonaqlara Azərbaycanın tanıdılmasında iştirakçı kimi üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirən könüllülük artıq kütləvi hal aldı. «Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, «qara qızıl”ı» insan kapitalına çevirməkdir. Bugünkü gənclər- müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər» söyləyən Prezident İlham Əliyev gənclərə güvənməkdə yanılmadığını bir daha diqqətə çatdırdı. Kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verən könüllülər ümumilikdə 50 Avropa ölkəsinin təmsil olunduğu XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 122 idmançı, 2500-dən artıq könüllü təmsil etdi. Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görüldü. Respublikamızda 170 ölkəni təmsil edən Dünya Skaut Hərəkatı Təşkilatının konfransı keçirildi.

Sadalananlar göstərir ki, Azərbaycanda gənclər siyasəti uğurla davam edir, inamlı addımlar atılır və bu istiqamətdə həyata keçirilən islahatlar ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Gənclərimiz beynəlxalq səviyyələrdə də ölkəmizi layiqincə təmsil edirlər. Ölkəmizdə və qardaş Türkiyədə keçirilən «TEXNOFEST» festivallarında iştirak etməklə bacarıqlarını nümayiş etdirən gənclərimiz mükafatlarla təltif olundular.

Hazırda ölkəmizdə könüllülər hərəkatı geniş vüsət alıb. Fərqli strukturlarda təxminən 20 min gənc könüllü çalışır, peşələr üzrə püxtələşirlər.Təcrübə göstərir ki, xüsusi əhəmiyyətə malik könüllülər hərəkatı cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Sevindiricidir ki, xeyirxah aksiyalarda təşəbbüskar kimi iştirak edən könüllülər kimsəsizlərə, ahıllara qayğı göstərirlər. Prezident İlham Əliyev hərəkat üzvlərinə inamını bu sözlərlə ifadə edir: «Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir.»

«ASAN xidmət»dən başlanan bu hərəkat Regional İnkişaf” İctimai Birliyi, «Bir Tələbə könüllüləri» və digər könüllük təşəbbüsləri ilə davam etmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən qruplarla təkmilləşmişdir. Prezident İlham Əliyevin «Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər» sözləri artıq real həyatda öz əksini tapıb.

Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək COP29 tədbirində könüllülərin 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyəti nəzərdə tutulub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin Könüllülərlə iş sektorunun rəhbəri Adilə Əliyeva mətbuata açıqlamasında bildirib ki, ölkəmizdə keçirilən mühüm tədbirlərdə zəngin təcrübə toplayan könüllülər tədbir çərçivəsində müvafiq işlərin icrasında da yaxından dəstək göstərəcəklər. Könüllülərin təşkilatçılıq prosesinə cəlb edilməsi sözsüz ki, onların fərdi və peşəkar inkişafları üçün mühüm əhəmiyyət kəsb edir. Belə məsuliyyətli vəzifənin öhdəsindən gəlmək xüsusi hazırlıq tələb edir. COP29-a hazırlıq prosesində Azərbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi komandası tərəfindən 3 min saatdan çox fərdi və peşəkar inkişaf təlimi təşkil olunub. Təlimlərin əsas məqsədi könüllülərin tədbirə peşəkar formada hazırlığının təmin edilməsidir. Təlimlərdə əldə olunan təcrübələr könüllülərin gələcək peşəkar fəaliyyətlərində təməl olacaq. Könüllülük proqramının ölkənin gələcək kadr potensialının formalaşmasında əvəzsiz rolu vardır. Gənclərimiz işlədikləri komandalarda öz sahələrinin peşəkarları olan əməkdaşlarla çiyin-çiyinə fəaliyyət göstərməklə müəyyən təcrübə də qazanırlar. Komanda üzvləri paytaxtda, regionlarda həyata keçirilən ekoloji təhlükəsizlik tədbirlərində, yaşıllaşdırma işlərində də yaxından iştirak edirlər. Təbii ki, könüllülük hərəkatının üzvləri COP29 tədbirində də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Xuraman İsmayılqızı, «İki sahil»