28 oktyabr 2024 17:55
196

AFFA Hakimlər Komitəsinin sədri çempionatdakı mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turundakı oyunlarda mübahisəli epizodlarları şərh edib.

“İki sahil”in məlumatına görə, o, ilk olaraq "Turan Tovuz"un "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi matça toxunub.

Blekere hər kontaktın qayda pozuntusu olmadığını bildirib:

"13-cü dəqiqədə cərimə meydançasının daxilində “Turan Tovuz”un oyunçusu Denis Marandiçi və “Kəpəz”in futbolçusu Nicat Süleymanov arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un üzvünün sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi. Hər kontakt qayda pozuntusu deyil. Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR mudaxiləsi edilmir".

O, sözügedən qarşılaşmanın 15-ci dəqiqəsindəki epizoda haqqında bunları söyləyib:

“Turan Tovuz” komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi. 56-cı dəqiqədə isə “Turan Tovuz”un kapitanı Kristian da Silva top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusuna yol verdi. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaq qərarını düzgün qəbul etdi. Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manerada olmalıdır (“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı)".

AFFA Hakimlər Komitəsinin sədri "Qarabağ"ın "Şamaxı"ya üç cavabsız qolla qalib gəldiyi matçın 48-ci dəqiqəsində yaşanan epizodla bağlı bunları vurğulayıb: "Hakim “Qarabağ” komandasının lehinə penalti qərarını verir. VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi".