Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev və Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov Portuqaliyanın Kaşkayş şəhərində keçirilən Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 27-ci Baş Assembleyasında iştirak edirlər.
“İki sahil” xəbər verir ki, tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Olimpiya Komitələri Assosiasiyasının rəhbəri Robin Mitçell, BOK-un və ANOC-un rəsmi nümayəndələri yer alıblar.
Tomas Baxın çıxışından sonra assambleyanın ilk günündə ANOC-un, Dünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, İndoneziya Olimpiya Komitəsinin, qitə assosiasiyalarının hesabatları dinlənilib, "Deloitte" və Şəhər Rəqəmsal İdarəetmə Mərkəzinin təqdimatı keçirilib.
Daha sonra Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən Paris-2024 Yay Olimpiya Oyunlarının və 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarının hesabatları iştirakçılara təqdim edilib.
Assambleyanın növbəti günlərində Olimpiya Komitələri Assosiasiyasının, Beynəlxalq Dünya Oyunları Assosiasiyasının, İdman Arbitraj Məhkəməsinin, Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən 2026-cı ildə İtaliyanın Milano-Kartino şəhərində keçiriləcək XXV Qış Olimpiya Oyunlarının və Seneqalın paytaxtı Dakarda təşkil olunacaq IV Yeniyetmələrin Olimpiya Oyunlarının hesabatları da gündəliyə salınıb.
BOK İdarə Heyətindəki yeniliklər, MOK-larla olan münasibətlərin təkmilləşməsi, ANOC-un yeni strateji planı, XXVII Baş Assambleyasının qərarları, növbəti XXVIII Baş Assambleya, İnkişaf edən Olimpiya Proqramı, MOK-ların prespektivliyi, Təhlükəsiz idman üçün effektiv strategiyalar, Olimpiya Aİ Gündəliyi, MOK-lar üçün Aİ-nin gələcəyi haqqında mövzularda müzakirələr də nəzərdə tutulub.
ANOC-un XXVII Baş Assambleyası öz işini noyabrın 1-də başa vuracaq.