31 oktyabr 2024 11:49
184

Şahin Bağırov Avropa Kubokunun qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə görüşüb.

"İki sahil" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə federasiyanın vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, “Azərreyl”in qadın və kişi komandalarının oyunçuları, məşqçilər heyəti və klubun əməkdaşları iştirak ediblər.

Ş.Bağırov ilk olaraq komanda üzvlərini və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu qələbənin Azərbaycanın çimərlik voleybolu tarixində qazanılan ən böyük uğur olduğunu söyləyib. Qeyd edib ki, ölkəmizdə çimərlik voleybolunu daha da inkişaf etdirmək üçün federasiya tərəfindən bir sıra işlər və layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

AVF rəhbəri çimərlik voleybolçularının qış aylarında da məşqlərini səmərəli keçirmələri üçün lazımi şərait yaradılacağını vurğulayıb. Ş.Bağırov bidirib ki, peşəkar şəkildə çimərlik voleybolu ilə məşğul olmaq istəyən gənc və perspektivli idmançılar təlim-məşqlərə cəlb ediləcəklər. O, hər bir oyunçuya gözəl mübarizə üçün təşəkkürünü bildirib və onlara karyeralarında uğurlar arzulayıb.

AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov çimərlik voleybolçuları üçün yaradılan şəraitə və göstərilən diqqətə görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra qurum rəhbərinə çempionların imzası olan klubun rəmzi forması və top təqdim, xatirə şəkli çəkdirilib.