Türkiyənin Avropaya inteqrasiya prosesində irəliləyiş Avropa İttifaqının (Aİ) siyasi iradəsindən və ona strateji yanaşmasından asılı olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-yə üzv olmağa namizəd ölkələrin genişlənməsi və irəliləyişinə dair oktyabrın 30-da dərc etdiyi illik hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi şərhdə deyilir.
“Mövcud regional və qlobal çağırışlar fonunda aydındır ki, Türkiyə-Aİ münasibətlərinə yeni baxış lazımdır. Biz Aİ-nin Türkiyə ilə əməkdaşlıq məsələsində son vaxtlar göstərdiyi səyləri alqışlayırıq. Bununla belə, münasibətlərin canlandırılması siyasi iradə və Aİ-nin strateji baxışına əsaslanan konkret addımlar tələb edir”, - şərhdə vurğulanıb.
Qeyd olunub ki, Türkiyə Aİ ilə konstruktiv əməkdaşlığa ümid edir.
Xatırladaq ki, Ankara 2005-ci ildə Aİ-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmi müraciət edib. Danışıqlar prosesində maneələrdən biri də Kipr problemidir.