01 noyabr 2024 17:10
253

Ordumuzun ənənəvi döyüş üsullarına tətbiq etdiyi yeniliklər Vətən müharibəsinin parlaq səhifələrindəndir - HƏRBİ EKSPERT

Ehtiyatda olan polkovnik-leytenant İsa İsmayılov: Düşmən duyuq düşəndə xüsusi təyinatlılarımız artıq onun mövqeyində idi

“Müdafiə Nazirliyinin yaydığı vizual görüntülər, ictimailəşdirilmiş rəsmi, açıq mənbələrdən toplanmış məlumatlar, eləcə də döyüşlərdə iştirak etmiş şəxslərin söhbətlərinin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, Vətən müharibəsində ənənəvi döyüş üsullarına əlavə etdiyi məzmun və tətbiq etdiyi yeniliklər sayəsində şanlı Azərbaycan Ordusu qısa müddət ərzində qalib gələrək əzəli torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad etmişdir. Azərbaycan Ordusunun ənənəvi döyüş üsullarına qatdığı məzmun və tətbiq edilən yeniliklər Vətən müharibəsinin parlaq səhifələrindəndir”.

Bu fikirlər ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılovun Vətən müharibəsinin 4-cü ildönümü ilə bağlı “İki sahil”ə açıqlamasında yer alıb.

Qürurverici haldır ki, Azərbaycan Ordusunun 2020-2023-cü illərdə həyata keçirdiyi əməliyyatlar xarici ekspertlər, hərbi təhsil müəssisələri və beynəlxalq mərkəzlər tərəfindən öyrənilir, təhlil edilir. Vətən müharibəsinin növbəti ildönümünün qeyd edildiyi günlərdə döyüş əməliyyatlarında qələbələrimizi səciyyələndirən bəzi məqamlardan danışarkən aşağıdakı faktlar barədə mülahizələrimi oxucularla bölüşmək istərdim. 
Ehtiyatda olan polkovnik-leytenant ilk olaraq qeyd edir ki, planlaşdırılan əməliyyatlar və veriləcək döyüş tapşırıqlarına aid həlledici məqamlarda məxfilik rejiminin qorunması ekstra səviyyədə təmin olunmuşdur. Növbəti bir məqam kimi Vətən müharibəsi dövründə ordumuz tərəfindən pilotsuz uçuş aparatlarının (PUA), Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, artilleriya və hərbi aviasiyanın qarşılıqlı uzlaşma şəraitində sinxron fəaliyyəti qeyd edilməlidir.

Hərbi jurnalistin fikrincə ölkəmizdə həyata keçirilən uğurlu ordu quruculuğu prosesində rabitə, avtomatlaşdırılmış idarəetmə sistemlərinin ən müasir tələblərə uyğunlaşdırılması, mobil qruplar vasitəsilə təminat-təchizat tapşırıqlarının, eyni vaxtda yaralıların döyüş meydanından düşmən atəşi altında təxliyəsinin operativ və fasiləsiz təmin olunması, qısa müddət ərzində mobil səhra hospitallarının işə salınması və mülki tibb müəssisələrinin hərbi həkimlərimizə dəstək üçün səfərbər edilməsindən də fəxr hissi ilə danışmaq olar. Şəxsi heyət baxımından itkilərin sayının minimum olması və döyüşlərin yüksək səviyyədə təminatı Ali rəhbərliyin ən əsas tapşırıqlarından biri idi.
Döyüş iştirakçıları ilə söhbətlər əsnasında eşitdiyim,  artilleriya qurğularına və raket komplekslərinə atəş mövqelərinin qısa zamanda hazırlanması işlərini yerinə yetirmək üçün əlavə xüsusi texnikanın verilməsi faktını da ayrıca qeyd etmək olar. Həmin xüsusi texnikanın raket-artilleriya heyətləri tapşırıq yerinə yetirdiyi günlərdə onlarla daim birlikdə hərəkət etməsini də səmərəli bir yenilik olaraq misal göstərmək olar. Bu yanaşma düşmənin legitim hərbi hədəflərinə artilleriya zərbələrinin endirilməsinə, həmçinin, düşmən tərəfindən atəş vasitələrimizin yeri təyin edildikdə qısa vaxt ərzində başqa əraziyə hərəkət edərək, yeni atəş nöqtəsinin yaradılmasına imkan vermişdir - deyə ehtiyatda olan zabit bildirib.

Ehtiyatda olan polkovnik-leytenantın fikrincə diqqət çəkən yeniliklərdən biri də indiki Zəfər yolunun bir hissəsinin ancaq gecə vaxtlarında, gərgin döyüşlərin getdiyi günlərdə, düşmənin xəbər tutmadan bir neçə gün ərzində çəkilməsidir. Bildiyimiz kimi, gecə vaxtlarında işləyən texnikanın səsi uzaq məsafədən eşidilir. Mühəndis Qoşunları indiki Zəfər yolunun müəyyən bir hissəsini çəkərkən, işləyən texnikalarımızın səsini düşmən eşitməsin, duyuq düşməsin deyə, yuxarı qərargahın tapşırığı ilə bir dəqiqədən bir artilleriya bölmələrimiz tərəfindən düşmən mövqelərinə atəş zərbələri endirilirdi. Ermənistan hərbçiləri xəbər tutanda, artıq 20 kilometrə yaxın yol salınmışdı. Həmin yoldan keçən Quru Qoşunlarının birləşmələri əməliyyat planına uyğun olaraq növbəti döyüş tapşırıqlarını icra edir. 

Ehtiyatda olan zabitin qənaətinə əsasən PUA-lar vasitəsilə özümüzün və düşmən bölmələrinin 44 gün ərzində onlayn rejimdə müşahidə altında saxlamasını da ordumuzun ənənəvi döyüş üsullarına qatdığı yeni məzmun kimi dəyərləndirilməlidir. Fasiləsiz müşahidə sayəsində düşmən tərəfindən yarana biləcək təhdidlər və əks-həmlələr barədə bölmələrimizə əvvəlcədən xəbər verilir, lazım gəldikdə əməliyyatlara operativ müdaxilələr edilir, bölmələrimiz tərəfindən verilən tapşırıqların necə icra edildiyi qeydə alınırdı. Tətbiq edilən bu üsul düşmənin əks-həmlələrinə əvvəlcədən hazır olmağa, nəticədə döyüşlər zamanı bölmələrimizin itkilərini minimuma endirməyə imkan verirdi. Eyni zamanda, əməliyyat rayonuna əlavə güc və qüvvə cəlb etməyə başlayan Ermənistan silahlı qüvvələrinin ehtiyatlarının koordinatlarının artilleriya və aviasiya vasitələrimizə ötürülməsi təmin edilirdi. Döyüşlər zamanı qeydə alınmış videolar əsasında aparılan təhlillərin nəticələri bu gün qoşunların döyüş hazırlığı məşğələlərində, eləcə də təlimlərdə də geniş istifadə olunur. 
Hərbi jurnalist hesab edir ki, ərazilərimizin relyefi nəzərə alınaraq, tanklardan kütləvi şəkildə istifadə edilmədi. Yalnız Quru Qoşunlarına dəstək, düşmənin müxtəlif atəş nöqtələrinin məhv edilməsi və yarma əməliyyatında, eləcə də Ağdam istiqamətində düşmənin böyük bir qoşun hissəsini saxlamağa məcbur edən aldadıcı hücum əməliyyatlarında tanklarımızın səmərəli tətbiq edilməsi də ənənəvi döyüş metodlarına bir əlavə olaraq dəyərləndirilə bilər. 
Təbii ki, döyüşlərlə bağlı elə məqamlar var ki, illər sonra da hərbi ekspertlər bu mövzuya maraqla müraciət edəcəklər.
Onun sözlərinə əsasən diqqət yetirilməli daha bir məqam, pilotlarımızın səmərələşdirici təklifləri əsasında Müdafiə Nazirliyinin təmir zavodlarının və yerli hərbi sənaye kompleksinin imkanları hesabına hərbi aviasiya vasitələrimizə quraşdırdığımız, eləcə də başqa ölkələrdən aldığımız qurğular sayəsində düşmənin hava hücumundan müdafiə vasitələrinin təsir dairəsinə daxil olmadan döyüş tapşırıqlarının icrasıdır. Hərbi təyyarə və helikopterlərimiz uzaq məsafədən düşmənə zərbələr endirməklə yanaşı, vizual müşahidələr aparmaqla digər bölmələrə düşmən qüvvələrinin hərəkəti və atəş vasitələri barədə operativ məlumatların ötürülməsini də təmin edir, eləcə də düşməni "kor edəcək" xüsusi maneələr yaradırdılar.  
Hərbi  jurnalist bildirib ki, Vətən müharibəsi zamanı Komando hərbi hissələrimizin olmamasına baxmayaraq, motoatıcı birliklərin tərkibində qısa zaman kəsiyində yaranmış və qısaldılmış intensiv döyüş hazırlığı kursu keçmiş həmlə taborları əməliyyatlar zamanı özünü tam doğrultdu. Həmlə taborlarının şəxsi heyəti ən çətin tapşırıqları belə uğurla icra edərək qələbələrimizə böyük töhfələr verdi. Bununla bağlı sadəcə deyə bilərəm ki, həmlə taborlarının əməliyyatlarda istifadəsi zamanı da ənənəvi döyüş metodlarından fərqli üsullar tətbiq edilmişdir. Sonradan həmin taborların şəxsi heyətinin böyük bir qismi Komando hərbi hissələrində xidmət etmək üçün müraciət etdi. 
Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətindən danışan hərbi jurnalist qeyd edib ki, Vətən müharibəsi döyüşlərində və digər əməliyyatlarda xüsusi tapşırıqlarla yanaşı, əməliyyat şəraitinə uyğun olaraq düşmənin dayaq nöqtələrinin, sığınacaqlarının, qərargahlarının, digər legitim hədəflərinin sıradan çıxarılması və bəzi strateji yüksəkliklərin düşməndən təmizlənməsi, həmçinin bölmələrimiz həmin əraziləri nəzarətə götürənədək müdafiə olunması üzrə tapşırıqlar da xüsusi təyinatlılar tərəfindən uğurla yerinə yetirildi. Müxtəlif qoşun növlərinin, artilleriya və aviasiya vasitələrinin dəstəyindən məharətlə yararlanan xüsusi təyinatlılarımız düşməndən təmizləyərək azad etdikləri ərazilərimizi, mövqe və yaşayış məntəqələrini motoatıcı bölmələrin nəzarətinə verdikdən sonra növbəti tapşırıqların icrasına başlayırdılar. 
Xüsusi təyinatlılarımız kiçik qruplar halında hərəkət edirdilər. Qrupların tərkibinə müxtəlif xüsusi tapşırıqları icra etməyi bacaran yüksək peşəkarlığa malik hərbi qulluqçular daxil idi. Qrupların kiçik olması gizli sızmalar edilməsini, operativliyi və düşməni qəfil yaxalama effektini qat-qat gücləndirmiş, xüsusi təyinatlılarımızın fəaliyyəti ilə bağlı məxfiliyi qorumağa imkan vermişdir. Bununla bağlı sadəcə bir fikir söyləmək istərdim: "Düşmən duyuq düşəndə xüsusi təyinatlılarımız artıq onun mövqeyində idi". 
Xüsusi təyinatlılarımızın yüksək peşəkarlığının ən bariz göstəricisi isə qarşıya qoyulmuş tapşırıqların qüsursuz icrası, Müzəffər Ali Baş Komandan tərəfindən layiq görüldükləri təltiflər və Şuşanın azad edilməsi kimi unikal əməliyyatın yalnız atıcı silahlarla həyata keçirilməsidir.” deyə o fikirlərinə yekun vurmuşdur.